Siz heç dinləyib heyran olduğunuz musiqinin müəllifi ilə maraqlanmısınız? Və ya daim bu müəllifi görmək, tanımaq arzusuna düşmüsünüz?

Sizi bilmirəm, amma mən uşaq vaxtlarımdan istər simfonik əsərləri, istər kinolara yazdığı musiqiləri, istərsə də böyük sənətkarların ifasında səslənən nəğmələrlə musiqisevərlərin qəlbində taxt quran və məni özünə heyran edən bəstəkarı yaxından tanımaq arzusunda olmuşam. Elə məhz bu arzudur ki, məni dolu – dolu İçərişəhər qoxan, gerçəyi hər şeydən üstün tutan, olduqca qürurlu və bir o qədər də sadə Xəyyam Mirzəzadə ilə həmsöhbət olmağa apardı.

Azərbaycan Lenin Komsomolu Mükafatı Laureatı, əməkdar incəsənət xadimi Azərbaycan SSRİ xalq artisti, “Şöhrət” ordeni laureatı Xəyyam Hadı oğlu Mirzəzadə 1935-ci ildə Bakıda dünyaya gəlib. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. ”Ağlar və Qaralar” baleti, “Muğan çöllərində” süitası, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, ”Fransız”, ”Güllələnmə təxirə salınır”, ”Bizim küçə”, “Məhv olmuş gündəliklər” kimi bir çox məşhur filmlərə musiqilər bəstələyib. Böyük sənətkarımızla olan kiçik müsahibəmi məmnuniyyətlə sizin ixtiyarınıza verirəm.

–          Puşkin söyləyir ki, onun ədəbiyyatı sevməsində nənəsi Arina Radyonovnanın böyük rolu olub. Bəs, sizcə Xəyyam Mirzəzadənin musiqiyə sevgisi anadan gəlmədir yoxsa nəyinsə və ya kiminsə təsiri altında olub?

–        Bizim ailəmizdə musiqiçi olmayıb. Bir dəfə atam evə valtorna (musiqi aləti) gətirir. Babam görüb deyir ki, “Bunun düzünü gətirərdin də, əyrisini niyə gətirirsən?” Bizim musiqi ilə tanışlığımız belə olub. Sonralarsa atam vasitəsi ilə Bülbül adına məktəbdə oxudum.

–          Simfonik musiqini anlamaq üçün mühit lazımdır yoxsa bu da bir vergidir?

–        Düşünürəm ki, mühit burada əsas meyardır. Musiqinin bu forması yalnız intellektual insanlar üçündür. Necə ki bəzi yazıçılarımızın əsərləri yalnız intellektual qisim üçün yazılır.

–          Əsərləriniz, sizin təbirinizcə desək övladlarınızdan hansı sizi daha çox ifadə edir?

–        Yaradıcılığımdakı bütün əsərlər Xəyyam Mirzəzadənin özüdür ki var. Hətta başqasının zəif gördüyü əsərim belə mənim üçün əzizdir. Deyilənə görə, Üzeyir bəy Arşın mal alan əsərinin 1-ci hissəsinin aranjimanını bəyənməyərək “axı bu mənim övladımdır” fikrini işlədib.

–          Xəyyam müəllim, indi bir dəb halını almış anlayış var “sivil cəmiyyət”. İnsanlar özlərini daha şüurlu, humanist adlandırır, lakin dünyaya nəzər salsaq, bu gün elə insanlar insana qənim kəsilib. Bəs, siz bir ruh adamı kimi insanlığın bu günkü vəziyyətinə necə qiymət verərdiniz?

–        İnsan həyatı mərhələlərdən ibarətdir və bu mərhələləri bir-bir keçmək lazımdır. Əgər keçmiriksə, təbiətin qanununa əsasən yenidən geri qayıtmaq lazım gəlir. Biz isə birdən-birə keçdik kapitalizmə. Siz bilirsiniz indi həyatımızda nə qədər əskiklik var? Musiqidə də bu qanun mövcuddur. İnsan birdən-birə gəlib var dövlət içinə düşəndə başlayır əliəyrilik etməyə, ev yıxmağa.

–          Bugünkü zirvəyə çatmağınızı musiqiyə borclusunuz, yoxsa arxa planda qalan başqa istedadınız da var?

–        Onu bilmək olmaz, amma Xəyyam Mirzəzadəyə elə tərbiyə verilib ki, mən öz xarakterim  dürüstlüyüm və prinsiplərimlə lap pinəçi də olsam tanınardım. Musiqidən əlavə isə xüsusi bir istedadım yoxdur.

–          Azərbaycan kinofilm tarixinə öz imzasını atmış “Yeddi oğul istərəm” filminə musiqi bəstələyərkən hansısa obrazdan təsirlənmisiniz, yoxsa mövzu sizi cəlb edib?

–        Yaponlarda belə bir film var “7 samuray”, daha sonra bu film “Möhtəşəm yeddilik” adı ilə Amerika ekranına keçdi. Sonra isə Yusif Səmədoğlunun ssenarisi ilə Azərbaycan filminə ayaq açdı. Əslində Səməd Vurğunun bu adda əsəri olmayıb. Osman Sarıvəlli vaxtında S. Vurğunun şeirlərini yığıb və əsər halına salıb. Qaldı ki, təsirlənməyimə, əsər xoşuma gəldisə, vəssalam .

–          Konservatoriyada kafedra müdirliyindən, Kino İttifaqına, Bəstəkarlar İttifaqına üzvlükdən imtina etmisiniz. Bütün bunların arxasında inciklik dayanır yoxsa…

–        Bunun çox səbəbi var. Gördüm ki, burada aləm dəyib bir-birinə, yaradıcı ittifaqlar mahiyyətini itirib, Bəstəkarlar İttifaqı artıq o ittifaq deyil, mən də belə bir yerdə qala bilməyəcəyim qənaətinə gəldim.

–          Konservatoriyada verilən təhsillə razısınızmı?

–        İndiki təhsillə bağlı  fikir bildirmək istəmirəm. Mənə verilən təhsillə isə razı idim ta ki başqa təhsili görənədək. Bakıda təhsilimi bitirdikdən sonra atam mənə Rusiyada təhsil almağımı məsləhət bildi. Bu barədə ustadım Qara müəllimdən də fikir almaq istədim. O isə mənə xəyalımdakı təhsili Rusiyada tapa bilməyəcəyimi, artıq burada da o səviyyədə müəllimlərin qalmadığını söylədi.

–          Üslubunuzu davam etdirəcək birisi var?

–        Bilirsiniz, üslub dəyişkəndir və üslub ancaq insanın özünə məxsusdur. Bir də ki kiminsə mənim üslubumu davam etdirməyi mənim xoşuma gələ də bilər, gəlməyə də… Mən bunu illərlə axtarmışam, amma kimsə hazırına gəlir.( gülür-red)

–          Tanrının sizə bəxş etdiyi istedaddan sonuna kimi istifadə edə bilmisiniz?

–        Onu dəqiq deyə bilmərəm, çünki Tanrının verdiyi istedadını ölçüsünü bilmirəm. Onu da bilirəm ki, həyatımı boşa keçirməmişəm.

–          Son olaraq  Azərbaycan gəncliyinə ən başda nəyi məsləhət görərdiniz?

–        Sizə bir şey deyim, indi təzə ad çıxarıblar “multikulturalizm”. Ay bala, axı bu ad bizdə yeni deyil? Baxın, Nizamini yaradıcılığında Çin, Rusiya, Makedoniyalı İsgəndər kimi adlar yer alıb. Bütün bunlar nə deməkdir? İnkişaf, yenilik, mədəniyyətlərin qovuşması… Yəni Nizaminin əsərlərindən tutmuş  günümüzə qədər bu anlayış  bizdə mövcud olub. İndi Azərbaycan Dövlət Akademik Dram teatrına nə vaxt baxırsan bir gün Elçin, bir gün Kamal Abdulla… Məgər, başqa müəllif yoxdur? Gəncliyimizə isə ən başda məsləhətim savaddır. Oxumaq, baxmaq və öyrənmək…

07.30.2018 – Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Məleykə Ağasoy

Fotolar: Fərid Özay

Minval.İnfo