“Teleməkanda ən qocaman maqazin verilişi “ATV maqazin onlarladır. 15 yaşımız var. Azərbaycanın Leonid Yakuboviçiyəm. Necə Yakuboviç illərdir “Pole çudes”i aparır, mən də eləcə “ATV maqazin onlarla”da qalmışam. Qorxuram, onu kiməsə verə bilmirəm. Deyirəm ki, kiməsə versəm, yaxşı baxa bilməz. Formatı dəyişmək istəmirəm. Brend brend olaraq qalır. Qaranquş gəldi-gedərdir, sən sərçədən müğayiət ol. Biz bu aləmdə sərçəyik”.

Minval.İnfo xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. Uzun illərdir tamaşaçı qarşısına “ATV maqazin onlarla”yla çıxan aparıcı yeni proqram haqda düşünmədiyini söyləyib:

“Yeni veriliş istəyərəm, amma komandam olmalıdır. Böyük peşəkar komanda olsa, onda Afaq yeni verilişdə olacaq. Bir insan həm operator, həm rejissor, həm də müxbir ola bilməz. Bunu isə mənə prodakşın verə bilər. Maddi dəstək olsa, özüm prodakşın yaradaram”.

Afaq maqazin aləminin hazırki durumundan gileylənib:

“Bu vəziyyət məni qane etmir. Sanki robotlaşma gedir. Tərpədin müğənniləri. Vaxt var idi, gedib məşhurun qapısında dayanırdım. Məni elə bir məşhur qapıdan qovdu ki… Heç kim indi bunları etmir. Hamı çəkilib kənara”.

Aparıcı proqramda ötən mövsüm yayımlanan “Hit-parad” rubrikasının onu bir çoxları ilə düşmən etdiyini gizlətməyib:

“Heç kimə cavab vermirəm. Sakit dayanıb baxıram. Zamanında cavabını verməyi bacarıram. Necə deyirlər, intiqam soyuq yeyilən yeməkdir”.