girov ile ilgili görsel sonucuNovxanıda iranlı iş adamının oğlunu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib. Onlar evə qarət məqsədi ilə girsələr də evdən heç nə apara bilməyiblər. Həmin şəxslərin Kürdəmirdə də evə basqın etdiyi məlum olub.

Minval.info xəbər verir ki, bu cinayət işi üzrə məhkəməyə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.

Təqsirləndirilən şəxslər 1979-cu il təvəllüdlü Yunus Camallı, 1967-ci il təvəllüdlü Natiq Babaverdiyev, Şəki şəhər sakini 1991-ci il təvəllüdlü Pərvin Əlməmmədov, Ağsu rayon sakini 1983-cü il təvəllüdül Zahid Dünyamalıyev və İmişli rayon sakini 1989-cu il təvəllüdlü Ceyhun Talıblıdır. Onların hər biri həbsdədir.

Dəstə üzvlərindən yalnız Rəşidə Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır. Rəşidə Seyidova iranlı tələbənin ölümündə yox, başqa bir cinayət hadisəsində dəstə üzvlərinə kömək etməkdə təqsirləndirilir.

Sonuncu prosesdə şahid qismində İmran Məmmədzadə ifadə verib.

O, təqsirləndirilən şəxslərdən Yunus Camallını tanıdığını deyib.

Şahid deyib ki, 2014-cü ildə zərərçəkmişin hüquqi varisi Nemət Mohtatidən torpaq alıb: “Biz mərhumgillə qonşu olmuşuq. Hadisənin səhəri günü məni də şübhəli şəxs qismində apardılar. Sonra qətli törədən şəxslər həbs edildi, məni buraxdılar”.

Zərərçəkmişin hüquqi varisi, mərhumun atası N.Mohtati isə deyib ki, hadisədən əvvəl şahid İmran Məmmədzadəyə torpaq satıb, evini tikib: “Biz pul haqq-hesabı edən zaman onun anası Leyla xanım və Yunus da bizə gəlmişdi. Soruşdum ki, Yunus kimdir? Dedi ki, tanışıdı. Mən cənab nazirə də söylədim ki, bu işi törədən digər şəxslər də həbs edilsin. Məncə, şahid düzünü danışmır. Onun da bu işdən xəbəri olub”.

Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.

Bildirək ki, Novxanıdakı qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib.

Onlar cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək, onların hər birini yaşadıqları ünvanlara aparıb. Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Minval.info