Yevlaxda orta məktəbin stadionunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Trend”in məlumatına görə, hadisə rayonun Malbinəsi kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Həsən Ələsgər oğlu qısqanclıq zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Məmmədov Emin İsmət oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində H.Cəfərov üzərində gəzdirdiyi bıçaqla E.Məmmədovun baş, qarın və sinə nahiyəsinə 8 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

H.Cəfərov E.Məmmədovun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb və könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gəlib, törətdiyi olay barədə məlumat verib. O hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Müxtəlif bədən xəsarətləri alan E.Məmmədov xəstəxanaya çatdırılaraq əməliyyat olunub, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.