Dindən və dindardan umacağımız; və ya dindarlar nədən daha çox tənqid olunurlar?

Əslində çox işlənən mövzudur, az qala hər mövzuda bu iradlarla qarşılaşırsan. Amma Ramazan, Məhərrəm ayları kimi insanların dini duyğularını daha çox büruzə verdiyi dövrdə mövzu daha da aktuallaşır. Son illərdə sosial şəbəkənin genişlənməsi bu cür mövzuların müzakirəsini daha da genişlədib. Söhbət dindarlara, dinə ünvanlanan sosial fəaliyyətlərlə bağlı qınaqlardan gedir.

Sosial şəbəkələrdə, mediada, elə gündəlik həyatda da ən çox dindarlar qınanır ki, niyə məsələn, Həccə, Məşhədə gedirlər, amma məsələn, xəstələrə, tələbələrə, ehtiyaclılara yardım etmirlər? Hətta yalan-doğru hesablama aparanlar da olur. Məsələn, deyirlər ki, ildə bir neçə min nəfər həccə gedir, onların hər biri də ortalama 5-6 min manat xərcləyir. Bu da on milyonlarla vəsait edir. Bu vəsaiti ehtiyaclı insanlara xərcləmək olar, aparıb “ərəbə yedirməyə” nə gərək var?

Bu cür yazılar, təhqiramiz münasibətlər zahirdə başqa niyyətlə edilsə də, müəyyən mənada qəzəb doğursa da, bir həqiqəti açıqlayır: İnsanlar dindən və dindarlardan daha yüksək əxlaqi dəyərlər gözləyir. Yəni məsələn, heç kimsə demir ki, hər il 300 min insan Gürcüstana, 100 min Türkiyəyə, 10 min İspaniyaya, Fransaya niyə gedir? O pulları niyə ehtiyaclılara xərcləmirlər?

Halbuki statistikaya əsasən dünyanın digər bölgələrinə səyahət edən azərbaycanlılar ziyarətə gedən azərbaycanlılardan qat-qat çox pul xərcləyir. Məsələn, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2016-cı ildə turizm məqsədilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 3 milyon 592 min 100 nəfər olub. 2016-cı ildə xaricə ölkələrə turist kimi üz tutan həmvətənlərimiz xaricdə 1,97 milyard manat xərcləyiblər.

Halbuki 2016-cı ildə Həcc ziyarətinin qiyməti gündə iki dəfə yemək verilən və komfortu az olan otellərdə qalanlar üçün 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün isə 4500 dollar təşkil edib. Və Həcc ziyarətinə 1050 zəvvar gedib. Doğrudur. İl ərzində kiçik qruplarla ümrə ziyarəti də var. Amma burda da həm kontingent, həm də pul çox azdır. Məşhər ziyarəti isə təxminən 100 dollara başa gəlir, bunun da xüsusi bir ağırlığı yoxdur. ancaq hər kəs razılaşar ki, 2 milyard manatla müqayisədə dini ziyarətlərin həcmi çox azdır.

Lakin həqiqət budur ki, turist, əyləncə səyahətləri, ya da xarici ölkələrdə, elə ölkə içində əyləncəyə, səyahətə sərf olunan pullara görə kimsə qınanmır. Amma insanların umduqları dindir, dindarlardır.

Əlbəttə ki, 100 % haqlıdırlar, kimin hansı niyyətlə etməyindən asılı olmayaraq, əslində dinin mahiyyətində xeyirxahlıq, yardımsevərlik dayanıb. Təbii ki, misalı ziyarətlər üzərindən çəkdik, amma cəmiyyətin digər sahələrində də vəziyyət eynidir. Bu tərəfini yazmağa davam eləsək, uzun alınacaq. Bu müqayisəni dinlə və cəmiyyətlə bağlı bir çox yerlərdə edə bilərik. Bunu hicablılara münasibət, məscidlərə, dindar insanların fəaliyyət sahələrinə şamil edə bilərik. Mahiyyət eynidir, insanlar hiss etməsələr də, dindən və dindarlardan daha yüksək əxlaqi dəyərlər gözləyir. Daha çox umacaqları var. Necə deyərlər, uman yerdən küsərlər.

Əlbəttə, bu iradın haqlı yükü də ayrı mövzudur. Dindən sui-istifadə, dindarların zahiri görüntülərə daha çox diqqət ayırması, insanların dini hisslərini istismar etmək halları var və bu da istər-istəməz bir çoxlarında qəzəb doğurur, dinə qarşı daha sərt mövqedə olmasına gətirir. Təcrübə göstərir ki, dini camiələrdə bu cür travma yaşamış insanlar uzun müddət bunun təsirindən çıxa bilmir, bir çox hallarda isə, ümumiyyətlə, dindən üz döndərir.(musavat.com)

Kənan Rövşənoğlu