Nizami Rayon Məhkəməsində aparıcı Vüsalə Hüseynova (Səid) ilə aktrisa Aysel Hacıyeva (Nazim) və musavat.com xəbər portalının məhkəməsi keçirilib.

Hakim Həqiqət Əhmədovanın icraatında olan prosesdə aparıcılar, onların və musavat.com-un vəkilləri iştirak ediblər. Tərəflər dinlənildikdən sonra V.Səidin özünün şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər gətirilməsi ilə bağlı qaldırdığı iddia rədd edilib.

Qeyd edək ki, bir müddət öncə tərəflər arasında qalmaqal yaşanıb. Belə ki, ötən il Bakıda Hakan Solakerin layihəsi olan “Sinema güzeli: Sinemanın kral və kraliçası” yarışması keçirilib. Layihənin Azərbaycan üzrə rəhbəri isə Vüsalə Səid olub. Daha sonra layihədə ortaq olan Atilla Kaplakarslan ilə Hakan Solaker yollarını ayırıb.

H.Solaker yarışmanı “Sinema güzeli” adı ilə keçirməkdə davam edib. Bu dəfə Azərbaycanda layihə rəhbəri Aysel Nazim seçilib. Layihə ilə bağlı sosial şəbəkədə məlumat yayıldıqdan sonra ötən il yarışmada münsif olan əməkdar artist Məlahət Abbasova Vüsalə Səid və layihə təşkilatçıları barədə müxtəlif ittihamlar səsləndirib. M.Abbasovanın açıqlaması mediada və sosial şəbəkədə yayılıb.

V.Səid isə media nümayəndələrinə həmin ərəfədə açıqlama verməyib və bir həftə sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında isə şərəf və nüfuzuna xələl gətirildiyini açıqlayıb. Eyni zamanda o, xəbəri ilk yazan musavat.com saytının əməkdaşı Könül İbrahimovanı məhkəməyə verəcəyini bildirib.