Bakıda vətəndaşlara sosial evlər satacağınl vəd edən qadın növbəti dəfə həbs edilib.

Musavat.com xəbər verir ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Məhəmməd Qafarov, Leyla İsmayılova, Ülviyyə Abdalova və Eldar Salayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Ülviyyə Abdalova şərti cəza alaraq məhkəmə zalından azadlığa çıxmışdı.

Məhkəmə ərəfəsində 3-cü dəfə Ülviyyə Abdalova məhkəməyə gəlmədiyi üçün axtarışa verilmiş və həbs edilmişdi. Abdalova digər şəxslərlə əlbir olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə etməkdə ittiham olunurdu.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluğu dələduzluq hadisəsi ilə bağlı birgə məlumat yaymışdı.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, vətəndaşların etibarından sui-istifafə edərək onlara ev satacaqlarını vəd ediblər.

E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmuşdu.

Əldə etdiyimiz məlumata görə, adı bir neçə qalmaqalda hallanan Ülviyyə Abdalova iki gün əvvəl polis tərəfindən saxlanılıb.

O, növbəti dəfə dələduzluqda ittiham edilir. Vətəndaşın adına olan mənzili başqasına satması üzə çıxıb.

Qeyd edək ki, Abdalovanın həyat yoldaşı da dələduzluqda ittiham edilib və barəsində cinayət işi açılıb. Onun cinayət işi üzrə məhkəmə iclası Nizami rayon məhkəməsində baş tutub. O da məlum olub ki, Abdalova həbs edilmədən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov barəsində sosial şəbəkələrdə ittihamedici məlumatlar yayıb. Həmin məlumatda qeyd edilirdi ki, guya Ələddin Cəfərov Ülviyyə Abdalovaya mesaj yazaraq rüşvət aldığını etiraf edib və pulunu geri qaytarmayacağını da söyləyib. Amma sonra həmin məlumatın əsassız olduğu, mesajın montajla hazırlandığı üzə çıxmışdı.