Liviyanın paytaxtı Tripoli ətrafında davam edən hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 432 nəfərə çatıb.

AZƏRTAC bu barədə Beynəlxalq Səhiyyə Təşkilatının Liviya bölməsinin “Twitter” səhifəsinə istinadla xəbər verir.

“Tripolidə silahlı münaqişə başladıqdan indiyədək 432 nəfər həlak olub, 2069 nəfər yaralanıb, 50 mindən çox insan isə öz evini tərk etmək məcburiyyətində qalıb”, – məlumatda belə deyilir.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftara sadiq qüvvələr Tripoliyə hücum edərək paytaxtın cənubunda yerləşən Qaryan və Surman şəhərlərini ələ keçirib. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe hərbi birləşmələr isə buna cavab olaraq “Qəzəb vulkanı” adlandırılan əməliyyata başlayıblar. Hazırda paytaxt ətrafında qanlı döyüşlər davam edir.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və qətlindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə -Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə – paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla əməkdaşlıq edir.