Dünən sosial şəbəkələrdə Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı məlumat yayılıb.

İddialara görə, 7-ci sinif şagirdi məmurun qohumu tərəfindən zorlanıb, onun videosu çəkilib. Qız hazırda 4 aylıq hamilədir.

Qızın atası Rasim Təhməzov qızlı ilə Elnur M-ın “beşikkəsdi” olduğunu və qızın həddi-buluğa çatadan sonra evlənəcəklərini açıqlayıb.

Lerik RPŞ isə israrla şikayət olmadığı üçün araşdırma aparılmadığını bildirir: “Media çox şey yaza bilər, amma bizə belə bir məlumat daxil olmayıb, heç kəs şikayət etməyib”.

“Bəs azyaşlı qıza qarşı bu cür əməllərin törədilməsi barədə bu qədər məlumat var, atası şikayət etməzsə belə, bu məlumatlar əsas götürülərək araşdırma aparıla bilməzmi?” sualımıza isə cavab tapa bilmədik.

Qanunvericiliyə görə, azyaşlı qıza qarşı cinsi zorakılıq varsa, yalnız hüquq-mühafizə orqanlarına şikayət edildikdən sonra cinayət işi açıla bilər?

Minval.info-ya açıqlama verən vəkil Vamiq Şükürov isə cinayət işinin açılmasının mümkün olduğunu deyib: “Cinayət Məcəlləsinə əsasən, bu məcəllənin icra olunmasına görə hüquq-mühafizə orqanları, o cümlədən, polis orqanları məsuliyyət daşıyır. Cinayət prosessual məcəlləsinə görə, mətbuatda, KİV-də, sosial şəbəkələrdə yayılan məlumatlarda cinayətin törədilməsini göstərən hallar varsa, hüquq-mühafizə orqanlarının müstəntiqləri və polisləri bu məsələyə biganə yanaşa bilməzlər.

Burada iki hal özünü göstərə bilər: Ya xüsusi ittiham qaydasında zərərçəkən özü şikayət etməlidir ki, araşdırma aparılıb, cinayət işi açılsın. Yox, əgər bu iddialar xüsusi  ictimai ittiham cinayət tərkibi qaydasındadırsa, yayılan məlumatlara əsasən, cinayət işi açıla bilər. Cinayət Məcəlləsinin 149-cu maddəsi zorlama ilə bağlıdır. Amma burada ağırlaşdırıcı hal var, çünki bu qız azyaşlıdır. 149.2.3-cu maddədə qeyd edilib ki, təqsirkar üçün aşkar sürətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama həyata keçirildikdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Uzun sözün qısası, KİV-də azyaşlı qıza qarşı zorlama halı ilə bağlı məlumat varsa, şikayət və ya xüsusi məlumatın daxil olmasını gözləmədən, araşdırma aparılıb, cinayət işi açıla bilər”.

Dəniz

Minval.info