Azərbaycanın əməkdar artisti Lalə Məmmədova çox nadir hallarda jurnalistlərə müsahibə verir. Hesab edir ki, bunun üçün səbəb olmalıdır. Bu dəfə müğənni KİV nümayəndələrini başına toplayıb onlara özü ilə bağlı yeniliklərdən danışıb.

Minval.İnfo Sputnik Azərbaycan-a istinadən müsahibəni təqdim edir:

– Lalə xanım, mümkünsə, bizə Türkiyədəki uğurlarınızdan danışın.

– Bu günlərdə mən türk ulduz Müşərrəf Akayın “Əziz dostlar” verilişində qonaq oldum. Mən uşaqlıqdan onun mahnılarını sevmişəm. Müşərrəf Akay Bakıda çıxış edəndə, insanlar sonuncu pullarını da onu görmək üçün verirdilər. Heç vaxt ağlıma gəlməzdi ki, haçansa mənim onunla görüşmək imkanım olacaq. Həmkarımla söhbət edərkən başa düşdüm ki, onlarla bizim ifaçıların problemləri fərqlidir. Türkiyədə müğənni üçün hər cür şərait yaradırlar ki, o, öz mahnılarını oxusun, ona hörmətlə yanaşırlar. Mən də çox istərdim ki, bizdə də belə olsun. Veriliş başlayana qədər mənə konvertdə qonorar məqsədilə kiçik məbləğdə pul verdilər. Bu, mənim üçün içəridə baş verənlər qədər önəmli deyildi. Amma görün onlar sənətkarın işinə nə qədər dəyər verirlər. Bizdə isə belə deyil. Düşünürəm ki, bu, bizim televiziyaların başlıca problemidir.

Çox kədərlənirəm və özümə belə bir sual verirəm ki, axı niyə biz pulu yalnız toylardan qazanmalıyıq? Mən də istəyərdim ki, efirə çıxanda, radioda mənim, yaxud da həmkarlarımın ifaları səslənəndə buna görə bizə qonorar ödənəydi. Axı biz o qədər zəhmət çəkirik, öz layihələrimizə pul qoyuruq, lakin qarşılığında heç nə almırıq. Mən heç də bütün ifaçıları nəzərdə tutmuram, yalnız o adamları nəzərdə tuturam ki, onlar öz yaradıcılıqları ilə uğur əldə ediblər. Əminəm ki, bu sözlərimdən sonra bir çox telekanallar mənə qadağa qoyacaq.

– Təşkilatçılar sizi xaricdə çıxışa dəvət edəndə onların qarşısında hansısa şərtləri qoyursuz?

– Mən heç vaxt elə də böyük tələblər qoymamışam. Əsas şərtim o olub ki, mənim üçün uyğun reys seçsinlər və qalacağım yer təmiz olsun. Mən Rihanna, Beyonse kimi çoxlu şərtlər qoya bilmərəm, çünki onlar milyonlarla pul qazanırlar, biz isə yox.

– Bu gün populyar olan primitiv mahnılara münasibətiniz necədir?

– Düşünürəm ki, tamaşaçıların zövqü korlanıb. Sovet dövründə ifaçıları neftçilərə, pambıqçılara, ucqar dağ kəndlərinin sakinlərinə konsert verməyə göndərirdilər. Beləliklə, dinləyicilərin zövqü formalaşırdı. İndi isə bunların heç biri yoxdur.

– İstənilən qadın, hələ yanında kişi yoxdursa, güclü olmaqda çətinlik çəkir. Sizi zərif cinsin güclü nümayəndəsi hesab etmək olarmı?

– Əgər qadın təkbaşına bütün problemlərinin öhdəsindən gəlirsə, özü uşaqlarını tərbiyə edirsə, bütün ədalətsizliklərə qarşı dayanırsa, o artıq güclü qadındır. Amma mən hesab edirəm ki, əsl güclü qadın yalnız özünü yanında kişi dayananda güclü sayır. Tənha insan güclü ola bilməz. Mən ən çətin vaxtlarımda həmişə tək olmuşam. Yalnız Allaha və öz valideynlərimə ümid bəsləmişəm.

– Hətta yanınızda keçmiş əriniz olan vaxtlarda da özünüzü tənha hiss etmisiz?

– O adam mənə məsləhət verib və yaradıcılığıma kömək edib. Digər məqamlar haqqında isə danışmaq istəmirəm.

– Hazırda siz valideynlərinizin yanında yaşayırsız. Onlar sizin bütün çətinliklərinizi, nə yaşadığınızı bilirlər?

– Həmişə onları öz məişət və yaradıcılıq problemlərimdən uzaq tutmağa çalışıram. İstəmirəm ki, onlar həyəcanlansınlar. Hər dəfə öz hərəkətlərimi analiz edirəm ki, hansısa səhvə yol verməyim.

– Siz özünüzü xoşbəxt adam sayırsız?

– Mən xoşbəxtəm. çünki yanımda valideynlərim və qızlarım var. Yaradıcılıqda da uğura nail olmuşam, baxmayaraq ki, çətin yolu seçmişəm. Evdəkilər mənim müğənni ola biləcəyimə heç vaxt inanmırdılar. Onlar düşünürdülər ki, oxumaq yalnız mənim üçün bir hobbidir. Lakin bir dəfə, “Məktəb illəri” mahnımla hamı məni tanıdı. İllər keçməsinə baxmayaraq, o kompozisiya indiyə qədər də aktualdır. Mən özümü xoşbəxt və uğurlu insan sayıram. Çünki hər 20 yaşlı qıza yatıb, durub populyar olmaq nəsib olmur. Sonralar mənə deyirdilər ki, elə adamlar olub həbsxanada mənim “Məktəb illəri” mahnımı dinləyib ağlayıb, bəzi analar onu beşikdəki körpələrinə oxuyublar.

– Qızlarınızı tək böyütmək sizə çətin deyil ki?

– Böyük qızımın 13 yaşı var. Balaca qızım isə hələ bağçaya gedir. Bizim zəmanədə uşaqları maddi cəhətdən deyil, mənəvi cəhətdən tərbiyə eləmək çox çətindir. Mən çalışıram onlara düzgün tərbiyə verim, səhv eləməsinlər. Məni məktəblilərin internetdə yayılan intim videoları çox üzür. Onlar hələ çox balacadırlar və sevməyin nə olduğunu ümumiyyətlə bilmirlər. Məlum videoçarxdan sonra mən böyük qızıma izah etdim ki, hər şeyin öz vaxtı var. Heç vaxt uşaqlarımı qorxutmuram. Hesab edirəm ki, onlara hər şeyi başa salaraq öyrətmək lazımdır. Bizim vaxtımızda da elə hallar olurdu, sadəcə geniş auditoriyaya heç nə yayılmırdı.

– Sosial şəbəkələrdə ifaçıların da intim videoçarxları yayılır. Buna münasibətiniz necədir?

– Bütün bunlar məni çox narahat edir, xüsusilə də hamının onlara baxması. O cür videoları yayan adamlar düşünməlidir ki, onların da şəxsi həyatı var və onları leylək gətirməyib. Sabah bu şeylər onların uşaqlarının da başına gələ bilər. Hər şeyə mənəvi nöqteyi-nəzərdən baxmaq lazımdır. Mən həmkarlarımın da intim videolarını yaymaqla məşğul olan adamları qınayıram. Biz elə zəmanədə yaşayırıq, kiminləsə danışanda da qorxursan ki, birdən səsini yazarlar.

Minval.İnfo