Minval.info // Söhbət Tərtərin Təzəkənd sakini Elxan Mehdiyevdən gedir. O deyir ki, hərbi xidmətdə olduğu dövrdə şəraitsizlikdən ciyərləri sıradan çıxıb və vərəm xəstəliyinə tutulub. İndi isə hava balonlarının ümidinə yaşayır. E.Mehdiyevin 33 yaşı var. 1995-ci il Qarabağ savaşı zamanı atası Elman Mehdiyev şəhid olub. 2004-cü ildə isə Elxan özü hərbi xidmətə yollanıb. Hərbi xidmətinin bir ilinin tamam olmasına az qala o, vərəm xəstəliyinə tutulub. Bir müddət hərbi hospitalda müalicə alıb və ordu sıralarından xəstəliyinə görə tərxis olunaraq evə göndərilib.

Bu barədə yazan moderator.az saytdı qeyd edir ki, Elxan evin tək oğludur və bir oğlan övladı var. Deyir ki, bacısı da iki uşaqla boşanaraq onlarla yaşayır. Xəstəliyilə bağlı müxtəlif bütün qurumlara müraciət edib, amma ona heç bir köməklik göstərilməyib. Öz başının çarəsinə baxan Elxan Türkiyəyə gedib və orada müalicələri müsbət nəticələr verib. Ona ciyər nəqlini məsləhət görüblər, amma maddi imkanı olmadığı üçün kor-peşman geri qayıdıb.

Anası Minarə xanım sözlərinə görə, Elxana ayrılan pensiya və şəhid həyat yoldaşına aldığı prezident təqaüdü ilə ailənin gəlir yeridir. Bu isə heç nəyə çatmır. Ailə imkansızlıqdan banka üz tutub və kredit götürüb. Aldıqları təqaüdün də yarısını kreditə verirlər. Elxanın yaşamasını təmin edən oksigen balonları isə səkkiz saatdan bir boşalır və bunu doldurmaq üçün hər dəfə 12 manat verirlər.

Keçmiş əsgər səhhətindəki problemlərə görə, intihar həddinə çatıb və hətta özünü yandırmaq istəyərkən dayısı ona mane olub. Deyir ki, onu Bakıya Ağciyər Xəstəlikləri İntitutuna gətiriblər və burada müayinələr edilib. Məlum olub ki, Elxana ciyər köçürülməlidir.

E.Mehdiyev 155 manat pensiya alır və o da heç dərmanlarına çatmır.

Ümid edirik ki, aidiyyatı qurumlar Elxan Mehdiyevin bu vəziyyətinə biganə qalmayacaqlar.