Modellərlə arası yaxşı olan Ronaldonun keçmiş sevimlisi, buğdayi dəri rəngi ilə rus qadınlarından fərqlənsə də, ən məşhur Rusiyalı modellərdən biri olan İrina Şeyk öz gözəlliyi ilə bir çoxlarını valeh etməyi bacarır.

1986-cı ildə Rusiyanın Qazaxıstan sərhədinə yaxın Emajelinsk şəhərində anadan olan İrinanın əsl soyadı Şeyxislamovadır. Amerikaya köçdükdən sonra soyadının uzunluğuna görə, diqqət çəkib və buna görə də, rəsmi şəkildə soyadını “Shayk” olaraq dəyişdirib.

O, tünd dəri rəngini tatar əsilli atasından alıb, yaşadığı kiçik rus kəndində sarışın olmadığı üçün çox da bəyənilməyib. Uşaq vaxtı ayaqları arıq olduğu üçün diş çöpünə bənzədilib.

İrina marketinq üzrə təhsil alıb və tək istəyi yaşadığı kiçik kənddən uzaqlaşmaq olub. Çünki öz təbiri ilə desək, onun doğulduğu kəndi xəritədə belə tapmaq olmur.

İrina çətin vəziyyətdə böyüyüb, 14 yaşında olanda mədən işçisi atası ağciyər xərçəngindən dünyasını dəyişib, anası iki işdə birdən çalışıb, qızlarına baxıb. İrina da pomidor, xiyar yetişdirməkdə anasına kömək edib.

Həmin günləri xatırlayan model “Yenə də həyatda kasıblıqdan daha pis şeylər olduğunu bilirəm. Bu gün isə şükür etməyimə səbəb olan onlarla xatirəm və uğurlu bir karyeram var” deyir.

İrinanın modelliyə gəlişi təsadüf əsasında baş tutub. Bir gün anası gözəllik məktəbinin elanını görüb və İrinanın bacısı Tatyananı həmin məktəbə aparıb. İrina isə arada bacısını görmək üçün bu məktəbə gedirdi və elə bu zaman da ondakı işığı kəşf ediblər. Bundan sonra İrina Moskvaya köçüb və bir çox agentlikdə maniken olub. Bir gün 20 yaşında olanda Parisə dəvət alıb və beləliklə, peşəkar karyerası başlayıb.

İrina “Sports Illustrated Swimsuit Edition”-un üz qabığında şəkli olan ilk rus modeldir. Ancaq supermodel heç vaxt kişi dərgiləri üçün fotoaparat qarşısına keçməyəcəyini bildirib: “”Playboy” kimi jurnallar üçün soyunmaram, səviyyəmi aşağı salar”.

Maniken “Ən seksi 50 rus” siyahısında birinci yerdədir və hələ 26 yaşında dünyanın ən çox qazanan modellərdindən biri idi.

Cazibədar model bu günə qədər iki münasibəti ilə mediada yer alıb. Onlardan ən səs gətirəni 2010-cu ildə ulduz futbolçu Kristiano Ronaldo ilə yaşadığıdır. Hər kəs Ronaldonu gözəl manikenlərlə görməyə öyrəşib, ancaq İrina Şeyk və Ronaldo sevgisi digərlərindən çox fərqli görünürdü. Münasibət bitdikdən sonra İrina özü də Ronaldonu ideal gördüyünü etiraf etmişdi:

“İdeal kişini tapdığımı düşünmüşdüm, amma elə deyilmiş. Mənim üçün ideal olan güvənilir, dürüst, qadınlara necə davranacağını bilən biri olmalıdır. Əgər yanlış insanın yanındasansa, özünüzü çirkin hiss edirsiniz. Mən də özümü çirkin hiss edirdim”. 5 illik münasibət bitəndən sonra İrina aktyor Bredli Kuperlə sevgi yaşamağa başlayıb və cütlüyün  Lea de Sen Şeyk Kuper adlı bir qızı var.

Ronaldo da İrinadan sonra bir çox gözəl qadınla görünüb və hətta ata olub. Ancaq yaxın zamanlarda Ronaldonun bir dostu onun ağlının hələ də Şeykdə qaldığını etiraf etmişdi. Dostunun sözlərinə görə, Ronaldo İrinaya qarşı kobud olduğu, onu üzdüyü üçün özünü bağışlamır.

Supermodel rus olmasının onu güclü etdiyini deyir: “Rusları heç vaxt incidə bilməzsiniz, bunu bilirsiniz? Çünki biz buz kimi havada doğulub, böyüyürük, hər şeyə dayanıqlıyıq”.

İrina “Gözəl qadınlar sizə təsir edirmi?” sualını da özünə məxsus cavablandırıb: “Heç vaxt! Mən rusam, kişilərə, briliyantlara və balıq kürüsünə maraq göstərirəm”.

İrinanın qarşı cinsdə axtardığı xüsusiyyətlər isə o qədər də qəliz deyil: “Oğlanın ilk ayaqqabısına və əllərinə baxıram. Əgər ayaqqabısı şıkdırsa, xoşuma gəlir. Oğlan bir az da zarafatcıl olmalıdır”.

İrinanın bu həyatda arzusu çox olsa da, ən çox istədiyi ailəsi və özü üçün sakit həyatdır, həmçinin bütün dünyanı sülh içində görmək istəyir.

Minval.info