Əvvəl braziliyalı qarabala var idi, Edson Arantes Du Nasimentu yəni, futbol kralı Pele. Sonra, Maradona gəldi, argentinalı dəliqanlı oğlan Dieqo Armando. Bu balacaboy, tosqun-təşər solaxayın oyun tərzi, texnikası əsrarəngiz bir tamaşa idi. 1986-cı ili Meksikada keçirilən dünya çempionatının 4/1 finalında Şiltonlu, Linekerli güclü İngiltərə yığmasının qapısına əli ilə qol vurdu və dedi: “Mən günahkar deyiləm, çünki bu mənim yox, Tanrının əli idi”.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Maradona narkotik və dopinq qalmaqalları ilə futbol dünyasını tərk etdi. Bundan sonra, idman ictimaiyyətini, tamaşaçı və jurnalistləri narahat edən bir məsələ var idi: Futbol aləmini çalxalayan həmin oyunçuların yerini kimi tutacaq?! Düzdür,  Romario, yekədiş Ronaldo, Rikelme, Şuker, İnzaqqi, Totti, Anri, Şirer və s. kimi ulduz oyunçular yetişmişdi, amma onlar belə, futbol kralı adlandırılacaq səviyyədə deyildilər.

Bu ərəfədə, yəni 1998-ci ilin yayında Fransada dünya çempionatı başladı. Favorit kimi görünməsələr də, meydan sahibləri qarşılarına çıxan bütün rəqiblərini dalbadal sıraya düzüb, acı məğlubiyyətlərə uğradaraq, fantastik dərəcədə güclü Braziliya yığmasına rəqib oldular. Braziliyalıların tərkibində kimlər yox idi-Taffarel, Bebeto, Ronaldo, Dunqa, Rivaldo, Roberto Karlos-adamın dilindən belə od çıxır.

Qələbənin kimin qazanacağına kimsədə  şübhə doğurmurdu, lakin hansı hesabla?!  Hamı fikirləşirdi ki, görəsən  “sambaçılar” “xoruzlar”ın qapısına neçə qol vuracaq!?

Və budur,  1998-ci ilin 12 iyunu, Frasanın möhtəşəm “Stad de Frans” stadionu. Braziliyalıların, xüsusən də “yekədiş”in özünə bənzəmədiyi oyunda, o qədər də tanınmayan, başının ortası dazlaşmağa başlayan əlcəzair əsilli bir oğlan diqqət mərkəzinə düşdü.

O, oyunun 27-ci və 45-ci dəqiqələrində, künc asmalarını sərrast baş zərbələri ilə qola çevirərək  dünya futbol ictimaiyyətini şoka saldı.

Bax bu finaldan sonra, hamı başa düşdü ki, Pele və Maradonanın yeri boş qalmayıb. Məhz bu çempionatdan sonra,  “professorun” klub karyerası yüksələn xətt üzrə inkişaf etməyə başladı. Əvvəl “Yuventus”da, sonra isə “Real”da Zinəddin Zidan xarüqələr yaratmağa başladı. Həmçinin yiğmada da o, əlüstü Avropa çempionatının kubokunu  başı üzərinə qaldıra bildi.

2002-ci ildə, Çempionlar liqasının final oyununda, Roberto Karlosun asmasını gəlişinə vurduşla Leverkuznen “Bayer”inin qapısına göndərən ustad, bu möhtəşəm qolu əbədi olaraq yaddaşlara hopdurmağı bacardı.

Sonra, Zidan üç dəfə dünyanın ən yaxşısı seçildi, 1998-ci ildə isə Avropanın ən yaxşısı kimi “Qızıl top”u da qazandı.2004-cü ildə UEFA onu son 50 ilin ən yaxşı futbolçusu siyahısına daxil etdi.

Zinəddinin sərgilədiyi futbolu “sehrli”, “möhtəşəm”, “fantastik” adlandırırdılar. Ancaq, epitetlər yalnız emosiya verir, oyunun daxili məzmunun izah etmir. Bu futboldur, fəqət eyni zamanda, incəsənət, plastika, tamaşadır.

“Zizu”nun adlı-sanlı komanda yoldaşları, özündən heç də az məşhur olmayan rəqibləri, hər hansı qol epizodunu həll etmək üçün 2-3 hərəkət etməli olurlarsa, Zidana üçün bir, bəzən hətta yarım hərəkət də bəs edir.

Zidan topu başa düşür, anlayır, top da eyni tərzdə sənətkara cavab verir, adama elə gəlir ki, sanki topun da düşüncəsi, ağlı var. Zineddin topu aparmır, yalnız ona toxunur. Topa optimal sürət və trayektoriya verərək düzgün istiqamətə itələyir.

O, topa sadəcə zərbə endirmir, həm də, öz bədəninin intellekt enerjisini ötürür. Bu üsul orta və kiçik distansiyalarda çox funksional səciyyə daşıyır. Zidan ayağının çöl tərəfi ilə zərgər dəqiqlikli ötürmələr verir. O, ulduzdur, o, bir əfsanədir.

Zinəddin Zidan yetkin yaşlarında da kifayət qədər baxımlı oyun sərgiləyir, ağıl dolu ötürmələr edir, yenə də həlledici qollar vururdu. 2006-ci ildə Almaniyada keçirilən mundialda Fransa yığmasından və artıq qoca hesab edilən Zidandan heç kəs qorxub çəkinmirdi.

Ümumiyyətlə, hamı və hər kəs fransızların 8/1-dən o tərəfə getməyəcəyi söyləyirdi. Amma yenə Əlcəzair əsilli sənətkar bütün proqnozları alt-üst etməyi bacardı. Komandasını demək olar ki, təkbaşına finala qədər daşıdı. Əgər, finaldakı o kəllə epizodu ilə bağlı olay və ardından gələn qırmızı vərəqə olmasaydı, yəqin ki, Zidan daha bir çempionluq medalını boynuna asacaqdı.

Bəli, talenin gərdişindən, finallarda kəllə ilə vurduğu qolla məşhurluq qazanıb, futbola aləminə daxil olan Zidan, futbol aləmi ilə də kəllə ilə vidalaşdı. İtaliya yığmasının müdafiəçisi Materatsi ilə o məlum, məşhur və məşum toqquşmadan sonra onu futbolçu kimi bir də stadionlarda görən olmadı.

Artıq Zidan, bu təvazökar insan, idman həyatının yeni mərhələsinə qədəm qoyub. Özü də necə!? Realda çalışdığı müddətdə bir çox məşhur məşqçilərin bütün həyatları boyu qazana bilmədikləri nailiyyətləri əldə edib: 2 dəfə dalbadal Çempionlar liqası kuboku, 1 dəfə İspaniya çempionu, 2 dəfə Avropa superkuboku və 2 dəfə də Qitələrarası futbol kuboku. Özü də, bütün bunları o sizcə hansı müddətdə əldə edib? Çox qısa zaman kəsiyində.

Əminəm ki, yuxarıda sadaladığımız  bütün bu ölçüyəgəlməz uğurlara imza atan qocaman futbolçunun məşqçi kimi də fəth edəcəyi zirvələr hələ qabaqdadır.

Vüsal Bağırlı