“Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov reket fəaliyyətlə məşğul olan “Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Ağabəy Əsgərov “Ölkə.Az”-a açıqlamasında sözügedən şəxsin “Azərbaycan” Nəşriyyatında oturmadığını söyləyib:

“Mən bu adamın üzünü belə görməmişəm, adını da mətbuatdan öyrənmişəm. Nəyinki onun özünü, heç onun saytını da tanımıram. Onunla bağlı xəbəri eşidən kimi mən dərhal zəng edib dəqiqləşdirdim ki, bu adam Nəşriyyatda oturub, yoxsa yox. Məlum oldu ki, bu adam heç bizim binada da oturmayıb”.

Baş direktor deyib ki, İkram Rəhimov kimi adamlar Azərbaycan jurnalistikasının adına qara ləkədir:

“Mən onun saxlanılmasına çox müsbət baxıram. Bu cür adamlar Azərbaycan jurnalistikası üçün ləkədir. Təbii ki, Azərbaycan jurnalistlərinin əksəriyyəti namuslu, vicdanlı qələm sahibləridir. Onların arasında olan tək-tük bu cür dələduzlar Azərbaycan jurnalistikasına başucalığı gətirmir. Bu cür adamların əksəriyyətinin ümumiyyətlə jurnalistikadan anlayışı yoxdur”.