Editor.az qanunverici orqan-Milli Məclis üzvlərinin fəaliyyətinə “dördüncü hakimiyyət” təmsilçiləri-jurnalistlərin mövqeyini əks etdirən “Deputat kürsüsü” rubrikasını davam etdirir. Bu dəfə rubrikanın qəhrəmanı 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat Mirkazım Kazımovdur.

Səbuhi Abbasov(7news.az): Ola bilər hansısa məqamda fəal deputatdır və yaxud seçicilərinə qarşı həssasdır. Amma belə bir adda deputat olduğunu birinci sizdən duyuram. Hazırda Milli Məclisin 30 faiz kürsüsü boş, 50-60 faizi isə fəaliyyətsizdir. 15-20 millət vəkilini çıxsaq yerdə qalanları sırf şəxsi maraqlarına görə Məclisdədirlər. Bu yolverilməzdir. Azərbaycan tarixində yeni dönəm başlayıb. Prezidentə və Birinci Vitse-Prezidentə dəstək lazımdır, yük olmaq yox.

Cavid Şahverdiyev(Avrasiya.net): Parlamentdə əyləşən digər “lal” deputatlara nisbətən Mirkazım Kazımovun səsi hərdən bir çıxır, müəyyən məsələlərə münasibətini bildirir, amma aktiv deyil. Onu da danışdıran rəhbərlik etdiyi “Qasid”in qəzetlərə borcu olduğu olub. Qəzetlər “Qasid”dən borcunu tələb edəndə Mirkazım Kazımov mediada görünür… Amma belə də bu deputatın heç bir fəaliyyəti hiss olunmur.

Hacibəy Heydərli(Azxeber.com): Adını çəkdiyiniz deputatı 10-15 dəfə Nizami(Tarqovu)küçəsində görmüşəm. Deyəsən, gəzməyi çox sevən insandır. Yaxşı olar ki, seçicilərinə də çay içdiyi qədər vaxt ayırsın. Məncə belə olsa daha yaxşı olar. Haqqında mediada ancaq neqativ xəbərlərə rast gəlirik. Həm də mən bilən “Qasid” firmasının prezidentidir. Kağıza bu qədər yaxın olan adam mətbuatdan niyə uzaq gəzir? Düşündürücüdürc deyil mi?

İlkin Pirəli(“Report” İA): Mirkazım Kazımov Milli Məclisin ən passiv deputatlarındandır. Demək olar, iclaslarda çıxış etmir. Onun nə vaxtsa qanunverici təşəbbüslə çıxış etdiyini xatırlamıram. Heç seçici problemlərini də qaldırmır. Mirkazım müəllim parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Hər iki komitə mühüm məsələlərin müzakirə olunduğu yerdir. Ola bilər, təkliflərini yazılı şəkildə təqdim edir, mətbuatın xəbəri olmur. İldə bir-iki dəfə büdcə müzakirələri zamanı çıxış edir.
68 saylı Cəlilabad kənd seçki dairəsində də deputatın fəaliyyətindən xəbərsizdirlər.

Mirkazım Kazımovu diqqətdə saxlayan fəaliyyətini dayandıran “Azadlıq” qəzeti idi. Qəzet mütəmadi Mirkazım müəllimin rəhbəri olduğu “Qasid” yayım firmasının borcunun olduğunu yazırdı, yayım şirkəti borcunu ödəmədiyinə görə qəzetin çapının maliyyə çətinliyi ilə üzləşdiyi qeyd olunurdu. Yəni Mirkazım müəllim deyəndə, deputatdan çox “Qasid” yada düşür. Ümid edirik ki, müəllim tənqidə dözümlüdür, haqlı iradlardan inciməz, əksinə deputat fəaliyyətində aktivlik nümayiş etdirər.

Elməddin Muradlı (Avtosfer.az): Mirkazım Kazımovu tanıyıram .Bütün iclaslarda görürəm. Amma ən çox yeməkxanadan çıxanda görürəm. Çıxışlarına çox az rast gəlmişəm. Ancaq mehriban insandır, hamıyla salamlaşır, deyir-gülür. İclaslarda isə çox az danışır.

Nahid Canbaxışlı(Veteninfo.az): Mirkazım Kazımov Milli Məclisdə təmsil olunduğu komitələrdə aktiv iştirak edən və müxtəlif məsələlərlə bağlı öz təklifləri ilə çıxış edən aktiv millət vəkillərindəndi. Mirkazım Kazımov eyni zamanda jurnalistlərin ona yönəldilən suallarını səmimi şəkildə cavablandıran biridi.
O eyni zamanda MM-də seçicilərini qəbul edib, onların problemlərini dinləyib, həlli üçün bütün mümkün olan addımları atır. Seçildiyi bölgəyə davamlı səfərlər edib yerindəcə insanları dinləyir. Ona görə də Mirkazım Kazımov “aktiv deputat deyil” demək, millət vəkilinin seçicilərinə və seçicisi olmayan insanlara verdiyi dəstəyi danmaq olar. Mirkazım Kazımov hətta yeri gələndə həmkarı Malik Həsənovun seçicilərinə belə kömək etməyə çalışır.

Azad Əliyev(Baku.ws): Mən media adamı olsam da adını çəkdiyiniz deputat haqda çox az məlumatım var. Məncə istənilən deputat bu və ya digər şəkildə seçicilərinin problemini parlamentdə səsləndirib bununla da gündəmə gəlməlidir.