Rəsmi qurumlar Bağdaddakı İŞİD qurbanları olan azərbaycanlı uşaqlara niyə biganə yanaşır?

“Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin. Bura bizim üçün yaxşı yer deyil”. Bu yalvarışlarla İraqın paytaxtı Bağdadda yerləşən Rusafa qadın həbsxanasındakı azərbaycanlı bir qız “Reuters” agentliyinin müxbirinə dil töküb. Agentliyin məlumatına görə, İŞİD terror qruplaşmasına bağlı qadın və uşaqların taleyi müzakirə olunanda bu həbsxana diqqət mərkəzinə gəlir. Jurnalist azərbaycanlı qızın 100-dək uşağın əhatəsində danışdığını yazıb.

“İlk  vaxtlar aramızda inam yaratmaq çətin idi. Hətta çoxu özlərini və uşaqlarını öldürməyə çalışırdılar”. Bunu adının çəkilməsini istəməyən həbsxana rəisi qeyd edib. Onun sözlərinə görə, bu həbsxanada şübhəli İŞİD döyüşçülərinin 1241 əcnəbi arvadı və uşağı saxlanır, onlar 12-dən artıq ölkəni təmsil edir. 774 nəfəri 9 aylıq-15 yaş arasındadır.

Bağdadın imkanları məhdud olduğundan məhkəmə qarşısına çıxarılmayanların öz ölkələrinə göndərilməsini istəyir. Ancaq bu, hüquq baxımdan mürəkkəb, siyasi “zərərli” məsələ sayıldığından bir çox ölkələr həmin şəxslərin qəbulundan imtina edib.

“Bizə paltar, dərman gətirmisən? Bizə dərman lazımdır”. Bunu müxbirə mavi hicablı azərbaycanlı qız deyib. Həbsxana direktoru bu sözləri deyən azərbaycanlı qızın anasının ömürlük həbsə məhkum edildiyini deyib. Çünki anası  İŞİD-ə üzv olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı isə məlum deyil.

İraqda azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

“Reuters” Azərbaycan üçün çox mühüm sensansiyalı məlumat da açıqlayıb. Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş əcnəbi ölkələrdən biridir! Bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazıb.

Xatırladaq ki, 2017-ci ildə millət vəkili Qənirə Paşayeva İraqda səfərdə olarkən burada kimsəsizlər evində qalan 20 azərbaycanlı uşaqla görüşmüşdü. Həmin uşaqlar millət vəkilinə “Məni də apar özünlə evimizə”, “Mən də getmək istəyirəm Azərbaycana”, “Bizi nə zaman aparacaqsınız buradan” deyə yalvarmışdılar. Millət vəkili bildirmişdi ki, həmin uşaqların Azərbaycana gətirilməsi üçün lazım olan vəsait yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir.

İraqda azərbaycanlı uşaqlar ile ilgili görsel sonucu

Bundan sonra bu məsələ uzun müddət gündəmdə qaldı və dövlət rəsmiləri məsələyə reaksiya verərək, müvafiq qurumların tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etdi. Hətta əvvəl 9 uşaq, daha sonra isə digər uşaqların ölkəyə gətirildiyi barədə açıqlama verildi. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi həmin uşaqların sayı barədə konkret rəqəm bildirməsə də, qeyd etmişdi ki, uşaqlar bütün avadanlıqlarla təmin olunub, onların psixoloji durumları və digər problemlərinin həlli yolunda Səhiyyə Nazirliyi, DTX, XİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi komitə ilə birgə bu işi aparır.

2017-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev açıqlamışdı ki, “ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub” və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. “Reuters” agentliyinin yaydığı məlumat, həmçinin digər informasiyalar onu göstərir ki,  hələ də İraqda çoxlu azərbaycanlı qadın və uşaqlar saxlanılmaqdadır. Qadınların İŞİD-ə qoşulduqları üzərində cinayət məsuliyyəti yaratdığından hələlik onların ölkəyə gətirilməsi mümkünsüz görünür. Lakin günahsız uşaqlarla bağlı ciddi tədbirlərin həyata keçirilməməsi cəmiyyətdə bu fikri yaradır ki, hökumət sanki onların ölkəyə gətirilməsinə biganə yanaşır. Bəs səbəb nədir?

Bir sıra dövlətlər artıq İraqdakı vətəndaşlarının, xüsusən də uşaqların öz ölkəsinə gətirilməsinə nail olub, bu yöndə ciddi işlər aparmaqdadır. Məsələn, ötən gün Tacikistan hökumətinin İraqdan 84 azyaşlını repatriasiya etdiyi barədə məlumat yayıldı.

Eləcə də Çeçenistan prezidenti Ramzan Kadırov İŞİD-ə qoşulan vətəndaşlarına qarşı çox sərt mövqe nümayiş etdirsə də bir müddət bundan əvvəl onun  təşəbbüsü ilə Suriya və İraqın qaynar nöqtələrində qalan 100-ə yaxın insan Qroznıya gətirildi. Onların arasında qadınlar, uşaqlar da var.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Yeni Müsavat”a danışaraq bildirdi ki, nazirlik “Reuters” agentliyinin yaydığı məlumatdan xəbərdardır və məsələ ilə bağlı tezliklə mətbuata açıqlama veriləcək.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin də rəyini öyrənməyə çalışsaq da, çoxsaylı telefon zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, Azərbaycanın hazırda İraqdakı səfiri Ramiz Qafarovdur. Mövcud problemlə bağlı səfirlə telefon əlaqəsi yaratdıq. Səfir sualımızı dinləyib, ona cavab vermək istəmədiyini bildirdi.

“Bu məsələ ilə bağlı müvafiq qurumlar fəaliyyət göstərməli, məsələnin daha çox  həllinə çalışmalıdır”. Bu sözləri isə məsələ ilə bağlı deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi. Deputat qeyd etdi ki, məhz diplomatik əlaqələrlə bu işlərin çözülməsi vacibdir: “Ümid edək ki, bu yöndə işlər görüləcək və məsələyə aydınlıq gətiriləcək. Bir daha vurğulayım ki, ancaq dövlət səviyyəsində bu məsələnin həllində müəyyən addımlar atmaq mümkündür”.

Deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı da qeyd etdi ki, əslində oradakı qadın və uşaqların günahı yoxdur: “Uşaqlar öz ata-analarının qəbul etmiş olduğu səhv qərarın acısını yaşayırlar. Əlbəttə, buna görə uşaqlara, körpələrə himayə, qayğı göstərmək vacibdir. ”Reuters” agentliyinin yaydığı məlumat həqiqətdirsə, Azərbaycanın müvafiq qurumları bununla bağlı araşdırma aparmalı, həm anaları, həm də uşaqları oradan çıxarmalıdır. Əslində analar da öz ərlərinin səhvi ucbatından gedib, o fəlakətin, od-alovun içərisinə düşüblər. Bu baxımdan mən oradakı uşaq və qadınları günahlandırmıram. Bunun günahı  ailə başçısı kimi qadın və uşaqları özü ilə faciənin içərisinə aparanlardadır. Əgər onlar dünyasını dəyişibsə, qadın və uşaqlara biz sahib durmalıyıq.

Ölkə prezidentinin siyasətində humanizmlik, mərhəmət, son dərəcə lütfkarlıq xüsusi yer tutur.  Müvafiq qurumlar prezidentin Azərbaycan vətəndaşlarına və azərbaycanlılara göstərdiyi böyük qayğını, mərhəməti önə çəkərək addım atmalıdırlar. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da kimsəsizlərin himayəçisi kimi ad qazanıb. Düşünürəm ki, bu informasiyalar Mehriban xanıma çatdırılsa, onun müdaxiləsi və dəstəyi ilə bu məsələ öz həllini tapar”.

Sülhəddin Əkbər ile ilgili görsel sonucu

Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bu məsələdə Azərbaycan hökumətinin tutduğu mövqeyin doğru olmadığını bildirdi: “Azərbaycanın bu məsələdə sanki tutduğu mövqe ondan ibarətdir ki,  bu insanlar, ümumiyyətlə, ölkəyə buraxılmasın. Ölkə daxilində olanlar hüquqi baxımından neytrallaşdırılsın, ölkə xaricində olanlar isə bura gətirilməsin. Məlum məsələdir ki, İŞİD-ə qoşulan azərbaycanlıların mütləq əksəriyyəti gənclərdir. Onlar ya xüsusi orqanlar, ya da xüsusi dini təşkilatların təbliğatı, fəaliyyəti nəticəsində bu məsələyə cəlb olunublar.  Düşünürəm ki, onlarla daha düzgün iş qurulmalıdır”.

Sülhəddin Əkbər qeyd etdi ki, Azərbaycan hökuməti nəinki uşaqlar, eləcə də qadınların və döyüşçülərin taleyinə biganə yanaşmamalıdır: “Bəlkə də hökumət düşünür ki, nə qədər qorxu mühiti yaradarsa, terrorizmə qarşı mübarizə bir o qədər effektli olar. İlk baxışdan bu doğru görünə bilər, amma strateji baxımdan bu yanlış siyasətdir. Əksinə, bu cür mövqe xüsusən də müəyyən müsəlman dairələrdə neqativ reaksiyanın, radikal əhval-ruhiyyənin artmasına  səbəb ola bilər. Dövlət öz qayğıkeşliyini nümayiş etdirməli, məsələnin həllinin daha asan yolu olduğunu göstərməlidir”.