İranın dini lideri Ayətulla Əli Xamenei prezident Həsən Ruhaninin Hörmüz boğazı açıqlamasına dəstək verib.

Minval.info Qaynarinfo-ya istinadən xəbər verir ki, dini lider Tehrandakı iqamətgahında xarici işlər nazirliyinin rəsmiləri, İranın xarici ölkələrdəki səfirləri və diplomatik missiya nümayəndələrini qəbul edib.

Burada açıqlama ilə çıxış edən Əli Xamenei Ruhaninin “Əgər ABŞ İranın neft ticarətinə mane olsa, Hörmüz boğazını bağlayacağıq və heç kim neft ixrac edə bilməyəcək” fikirlərinə dəstəyini nümayiş etdirib. Həsən Ruhani bu mövqeyi İsveçrədə yaşayan iranlılarla görüşdə ortaya qoymuşdu.

Dini lider həmçinin ABŞ-la müzakirələrin yanlış olduğunu, bu ölkə ilə dialoqun problemlərin həlli olmadığını qeyd edib. O, Avropa ölkələri ilə danışıqların əleyhinə olmadığını da dilə gətirib.

Qeyd edək ki, ABŞ höküməti bu ölkəni hədələmiş, “İranın bir damla belə neft ixrac etməsinə icazə verməyəcəyik” demişdi.