Texnologiyanın üstünlükləri bir çox iş sahəsi üçün də yeni imkanlar gətirir.

Artıq məhsul satmaq üçün qapı-qapı düşüb, tanıtım etməyə ehtiyac yoxdur, “İnstaqram”-da bir hesab açıb, elan verməklə bir çoxlarının əlindəki telefon vasitəsilə evlərinə qonaq ola bilərlər. “İnstaqram”-da geyim, aksesuar, ətir, kosmetika, hətta dərman satışı belə mümkündür.

Üstəlik bir çox hallarda məhsullar orijinal olmadığı üçün ucuz qiymətə metrolara pulsuz çatdrılma ilə hər kəs üçün əlçatan olur. Saxta məhsulun keyfiyyəti isə normal olaraq şübhə doğurur. Saxta saatın yaradacağı fəsadlar birbaşa insanın sağlamlığına təsiri olmaya bilər, ancaq mənşəyi bəlli olmayan kosmetik vasitələrin və dərmanlar insan orqanizmində törədəcəyi ciddi fəsadlardan siğortalanmaq mümkün deyil.

Sosial şəbəkələrdən satılan məhsullardan biri sinə böyütmək üçün olan kremlərdir. Bir çox xanımın diqqətini cəlb edəcək bu qəbildən kosmetik vasitələrin mənfi təsirləri barədə isə məlumat verilmir. Bu cür kremlərin əsas iş prinsipi çəkildiyi bölgəyə yağ toplamasıdır. Kremdən istifadə dayandıqda isə sinə əvvəlki vəziyyətinə geri qayıdır.

Digər bir satışda olan məhsul isə arıqlatma vasitələridir. Bu məhsullar Türkiyədən sifarişlə gətirilir və online satışı həyata keçirildiyi üçün vergidən yayınma halları da güman edilir. Əslində aptekdə satılmalı olan arıqlatma dərmanları və ya sirobları heç bir rəsmi satış nöqtəsi olmayan şəxslər tərəfindən satılır. Arıqlatma məhsullarının mənfi təsirləri isə artıq uzun illərdir gündəmdə olan məsələdir. Bu cür sirobların ürək bulanması, qaytarma, mədə xorası, ağız suyunun quruması, böyrəkdə daş əmələ gəlməsi, ürək döyüntülərinin artması və qanda təzyiqin yüksəlməsi kimi mənfi təsirləri qaçılmazdır.

“İnstaqram” vasitəsilə satılan dərmanlar isə normalda həkim resepti ilə verilir. Axtarış etdikdə onlarla “İrandan dərmanlar”, “tapılmayan dərmanların satışı” səhifələrinə rast gəlmək mümkündür. Qanunsuz, heç bir resept təqdim edilmədən online dərman satışı nə qədər düzgündür?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, belə məqamlarda vətəndaşlar diqqətli olmalıdırlar: “Hazırda sosial şəbəkələr dövrüdür, hər şeyin satışını həyata keçirmək mümkündür. Buna isə nəzarət etmək çətindir. Onlayn şəkildə dərman alarkan vətəndaşlar özləri diqqətli olmalıdırlar. Hər hansı problemlə qarşılaşsalar, artıq məsuliyyət onların özünə aid olacaq. Ona görə də, lisenziyasız, Səhiyyə Nazirliyinin icazəsi olmadan fəaliyyət göstərən onlayn və ya fiziki obyektlərdən dərman alarkən, onun nəticələrini nəzərə alsınlar”.

Dəniz

Minval.info