“İnstagram” fenomeni Hüseyn Həsənov Bakıda sevənləri ilə görüşdən sonra yaranmış gərginlik və qarışıqlığa görə azərbaycanlılardan üzr istəyib.

Dərgi.az xəbər verir ki, bu barədə bloger “İnstagram “səhifəsində video yayımlayıb və altından üzrxahlığını yazıb.

“Bu mənim Bakıdakı fanatlarım ilə ilk görüşüm idi. Görüş zamanı yollar və ticarət mərkəzlərinin qarşısı bağlandı. Şəhərdə yaranmış xaosa görə üzr istəyirəm. Mən sizi sevirəm”, – deyə Hüseyn Həsənov yazıb.

Qeyd edək ki, Hüseyn Həsənovun “28 Mall”da sevənləri ilə görüşündən sonra xoşagəlməz hadisələr yaşanıb. Blogerlə görüşmək istəyən kütlə ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurub. Əzilən avtomobillərin şüşələri də çatlayıb. Instagram-da 7 milyon izləyicisi olan Hüseynlə görüşmək istəyənlər bunun üçün çox canfəşanlıq edib. Kütlənin çılğınlığından ən çox ətrafdakı nəqliyyat vasitələrinin sahibləri ziyan çəkib.

İnsanlar blogeri görmək üçün Ticarət Mərkəzinə axışıblar. “28 Mall”un ətrafında və daxilində də izdiham yaşanıb. Görüşdən sonra ticarət mərkəzində xoşagəlməz mənzərə ortaya çıxıb.