Son dönəmlər hər kəsin dilinə dolanan “Dəm-dəm” mahnısı ilə “Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova sanki geri dönüş etdi.

Daha sonra çimərlik geyimində çəkilmiş şəkilləri bir müddət maqazin dünyasının əsas mövzusu oldu. Bu günlərdə Murad Ariflə birgə ifa etdiyi “Yalnız səni gözlədim” mahnısı radioda ən çox eşitdiyimiz ifalardan biridir. Çoxlarının Eurovison vasitəsilə tanıdığı Dilarə Kazımovan ilə 2000-ci illərin əvvəlinə gedib çıxan musiqi keçmişi, yeni işləri və şəxsi həyatı barədə söhbətləşdik.

Son fotossiyanızdan sonra “soyunub gündəmə gəlmək istəyir” sözləri ilə sizi bezdirmədilər?

–        Ola bilsin sənətim olmasaydı məni bezdirərdi. Amma “Sing your song” yarışmasından başlayaraq mən öz sənətimi göstərmişəm. Məncə sadəcə soyunanlarla, bunu sənət üçün edənlər arasındakı fərqləri bilirlər, sadəcə belə yazırlar. Adicə “Google”a adımı yazanda mənim özüm, işim barədə məlumat çıxır. Əgər insanlar mənim sənətimdən xəbərdar deyillərsə, bu onların boşluğudur.

Bir seksizm tendensiyası baş alıb gedir, hər sahədə qadınlara qarşı ayrı seçkilik edilir. Siz bu seksizmlə ən çox harada qarşılaşmısınız?

–        Əslində cəmiyyətdə qadınlara qarşı gözəl fikirlər də var. Qızlar feminizm əhval-ruhiyyəsindədir. Amma, məncə, bu düzgün deyil, axı çox gözəldir, kişilər bizə qapı açanda, diqqət göstərəndə… Bəzi qadınlar deyir ki, “niyə kişi mənə qapı açmalıdır, mən özüm aça bilirəm”. Mənə görə isə, bu sadəcə kişilərin qadına diqqətidir. Mən istəməzdim feministlərin arzusu ilə belə yaxşı yanaşmalar da məhv olsun. Qadın olaraq qalmaq lazımdır. Təbii ki, əgər qadın hansısa sahədə, kişidən bacarıqlıdırsa, o qadını önə çəkmək, ona yer vermək lazımdır.

Mən Dilarə Kazımovanı hər zaman “Unformal” qrupu ilə, bir rokçu kimi xatırlayıram. 2000-ci illərin əvvəllərində çox çılğın çıxışlar olurdu 2000-ci illərin əvvəllərində. Darıxırsınız o günlər üçün?

–        Gördünüz siz də məni o zamandan xatırlayırsınız. Ona görə, mənə deyəndə ki, “sən gündəmə tez gəldin”, mən anlayıram ki, o insanların dünyadan xəbəri yoxdur. “Unformal”dan öncə qızlardan ibarət “V/Omen” qrupumuz da vardı. Şəhriyar adına mədəniyyət mərkəzində bütün rokçular yığışırdı. Təkcə rokçular yox, sənətin müxtəlif sahəsi ilə məşğul olanlar, rəssamlar da orada idi. Unformal dağılmamışdan qabaq biz Amerika ilə müqavilə imzalayıb, getməli idik, amma qrup dağıldı. Biz bir-birimizdən bezdik, albom üzərində 1 il işlədik, hər gün bir-birimizi görürdük. 6-7 nəfər birlikdə çətin olur. Sonda da bezdik. O çılğın günlər üçün bir az darıxıram. Amma o çılğınlıq mənim canımdadır. Elə şəkillər də bir az onun göstəricisidir. Rok bizim içərimizdə var və heç vaxt ölməyəcək.

Bu ilki “Eurovision” mahnımızı bəyəndiniz? Neçənci yeri tutarıq? Bir proqnozunuz var?

– Eşitdim ki, mahnını bəyənməyənlər var, amma mən bəyəndim. Yarışmaya da uyğun bir mahnıdır. Uğurlu ifadır, artıq dilimə düşüb. Mən də ifa edəndə ilk beşlikdə görürdülər, amma sonda neçənci yeri tutduğumuzu gördük. Ora gedib gələndən sonra neçənci yeri tutacağımızla bağlı nəsə deyə bilmirəm. Bu ancaq bizim mahnımızdan və Ayseldən asılı deyil, bu siyasi bir yarışmadı, nəticə çox şeydən asılıdır. Çoxları deyir ki, mənim mahnım yarışmaya uyğun deyildi, amma İspaniya da eyni janrda bir mahnı ilə qalib gəldi. Yəni, bu tək bizdən asılı deyil.

Siz “Eurovision”-a dəfələrlə getməyə çalışmısınız. Sonda getdiniz, amma nəticə elə də yaxşı olmadı. Amma bundan sonra lap məşhurlaşdız. “Eurovision”un sizin üçün tramplin olacağına əmin idiniz deyəsən.

–        Mən özüm-özümə tez-tez bu sualı verirdim ki, niyə 2008-ci ildə “Unformal” ilə, sonra “Milk&Kisses” ilə getmək istəyirdim, amma sonra özüm tək müraciət edəndə alındı. Mən inanıram böyük bir enerjidən, Allahdan gələn bir şeydir. Bu belə olmalı idi. Elə adamlar olur ki, müsabiqəyə gedirlər, birinci yeri tuturlar, amma sonra sənəti davam etdirmirlər, unudulurlar, heç kim onları xatırlamır. Deməli, müsabiqələr mənə düşmür. Yuxarı necə istəyirsə, elə də olur.

Yenidən getmək istəyərsiniz?

–        Bir daha getsəm, gərək mahnını özüm seçim. Bu mahnı da çox çılğın olmalıdır, səhnəni partlatmalıdır, 3 dəqiqə ərzində elə şeylər göstərməliyik ki, sonda hamının ağzı açıq qalsın.

Aygün Kazımova bu günlərdə deyib ki, sevgilim olmayanda daha yaxşı işləyirəm. Deyəsən, sizdə də belədir, çünki həyat yoldaşınızdan boşanan kimi ard-arda yeni işlər gördünüz

–        Aygün xanım ona görə deyir ki, kimisə sevəndə ağlın onda olur, bütün günü onu düşünürsən. Onunla vaxt keçirməyə çalışırsan. Elə mən də bu cür düşünürəm. Sevgi olmayanda beynin ancaq işinə köklənir.

Yenidən sevməkdən qorxmursunuz bəs?

–        Sevməkdən qorxmuram, amma məni təəccübləndirmək çox çətindir. İndi mənə özünü sevdirmək üçün, bilmirəm daha o nə etməlidir (gülür). Adam deyəndə ki, daha sevməyəcəm, yüz faiz elə sevgi onun başına gəlir. Mən sevgiyə inanıram, kimisə sevmək çox gözəl hisdir. Ümumiyyətlə, mən kişini sevməyə yox, həyatı, günü, hətta bugünkü soyuq havanı da sevməyə çalışıram.

Digər xanım müğənnilərimiz bədən quruluşlarına elə də fikir vermirlər. Sizin ancaq qəşəng bədən quruluşunuz var. Səhnə üçün özünüzü qoruyursunuz, ya idmanla məşğul olmağı sevirsiniz?

–        Ancaq özümü nəzərə alıram. Özümü sevirəm, güzgüyə baxanda istəyirəm gördüyümdən xoşum gəlsin. Əgər bədənim xoşuma gəlmirsə, geyinmək istədiyim paltarda yaxşı görünmürəmsə, bu məni depressiyaya sala bilər. Uşaqlıqdan idmanla məşğulam, arada 1 il fasilə versəm də, yenidən idman zalına getməyə çalışıram. Rəqsə də gedirəm.  Müzikl Çikaqonu sevirəm, Çikaqo təklif eləsə çox məmnuniyyətlə qaçardım. Rəqslə birlikdə bir şou da qurmaq istəyərdim.

“Dəm-dəm” mahnısından sonra yenə fərqli bir janra müraciət edəcəksiniz?

–        Bəli, amma indi yox. Bu yaxınlarda romantik bir mahnı çıxacaq “Danış”, ancaq fortepiano və vokaldan ibarət. Tez-tez Oqtay Ağayevin, “Qaya”nın mahnılarını oxuyuram. “Dəm” mahnısı kimi tamamilə ayrı cür bir janra müraciət etmək üçün isə, gərək bir layihə ola, onun üçün yenidən meyxana ya da nəsə ifa edim. Bəlkə, Niyaməddin Musayevin bir mahnısını götürüb ifa etdim.

Bizim bəzi müğənnilər  ara mahnıları ilə bağlı irad tutanda deyirlər ki, toya getməsək dolana bilmərik, ona görə belə mahnılara müraciət edirik. Toy mahnıları oxumadan necə dolanmaq olar?

–        Heç vaxt bütün toyu götürmürəm, bunu bacarmaram. Ancaq 1-2 saatlıq çıxış edirəm. Çox şadam ki, dəvət edənlər də, mənim ifalarımı bilirlər , siyahıya mənim oxuduğum mahnıları yazırlar. Toy mahnısı da bir az qəribə ifadədir. Məsələn, “Biz mehriban ailəyik” mahnısı toylarda tez-tez oxunur deyə, toy mahnısı olmur ki. Toy-toy deyirik, amma orda da çox keyfiyyətli mahnılar səslənir, Tofiq Quliyevdən mahnı səslənirsə necə bayağı ola bilər? Keyfiyyətsiz mahnılar oxumaq pulu tez qazanmaq istəyindən irəli gələ bilər. 6-dan başlayaraq toyu götürsəm, bəlkə mən də toy mahnıları oxuyardım. Bəlkə daha da tez irəli gedərdim. Amma bu mənim məqsədim deyil. Mənim məqsədim keyfiyyətli musiqi yaratmaqdır. Hər gün pərəstişkarlarımın böyüdüyünü də görürəm, deməli keyfiyyətli işə də qiymət verirlər.

İndi bir neçə söz deyəcəm sizə və bu məfhumların sizin həyatınızda hansı yer tutduğunu deməyinizi xahiş edirəm:

Başlayaq “din” sözündən

–        Dində yaxşı şeylər də var. Mən çox dindar olduğumu deyə bilmərəm, müsəlman doğulduğum üçün, müsəlmanam deyə bilərəm. Amma çalışıram heç nəyin dərininə getməyim. Dərinlik qorxuludur, balans yaratmaq lazımdır. Dində də bu balans vacibdir, fanat kimi yaxınlaşmaq lazım deyil. Çox dərinə gedəndə bizim baxış bucağımız kiçilir, 5-10 addım arxaya dayanıb baxanda isə daha geniş mənzərələr görə bilərik.

Nifrət

–        Mən heç kimə nifrət eləmirəm, nifrət adamı öldürə də bilər. Çalışıram ki, heç nə məni içimdən yeməsin. Ona görə paxıllıq da eləmirəm. Paxıllıq edirsən-edirsən sonra da özünə baxmırsan heç. Yaxşı mənada paxıllıq etmək olar amma, kimsə nəsə yaxşı bir iş görür, mən də belə yaxşı şeylər edə bilərəm deyib, rəqabət aparıram.

Qısqanclıq

–        Əvvəllər çox qısqanc idim, son 2-3 ildə isə qısqanmamağa çalışıram. Mən qısqanmayım, qısqansam sökürəm hər yeri (Gülür). Hətta dostlarımı da qısqanırdım. İndi isə sevgilimi və işimi qısqana bilərəm.

Qaydalar

–        Yol qaydalarına yüz faiz əməl edirəm. Maşın sürməyi çox sevirəm və nə yaxşı ki bu qaydalar var, yolda daha rahat sürürsən, qorxmursan ki, kimsə qırmızı da keçib nəsə edəcək. Amma yaxşı mənada həyatdakı qaydaları pozmaq olar.

Yəqin, operadan da bu qaydalara görə uzaqlaşdınız?

–        Çox yaxşı dediniz bunu. Operadan qaydalara görə uzaqlaşdım. Operada belədir ki, sən göstərilən yerdən nota girməlisən, oxumalısan və deyilən yerdə də bitirməlisən. Mən də hər dəfə deyirdim bir az uzadım, bir az fərqli oxuyum və onlar da qoymurdular. Mən başa düşdüm ki, bu qaydalar məni sıxır. Həm də operanı davam etdirsəm, gərək İtaliyaya gedəydim.

“Meyxananın nə olduğunu izah edə bilmədim, dedim bu Azərbaycansayağı “Freestyle” repdir”

“Burada mənim qədrimi bilmirlər”- deyib, ölkəni tərk etmək fikrinə düşmüsünüz heç?

–        Əvvəllər bir az düşünürdüm. Amma qədrimizin bilinməsi üçün fərqli yanaşmalıyıq. Mən ingilis dilində albom çıxardanda, bizim millətə deyə bilməzdim ki, dinləyin. Bu onların öz dili deyil. İndi Azərbaycan dilində oxuyuram və müsbət cavabını da alıram. 5 il bundan əvvəl də belə bir şey edə bilərmişəm. Hazırda Ukraynaya tez-tez gedirəm, sentyabr-oktyabr aylarında Kiyevdə, Xarkov da konsertlərim oldu. Hətta “Dəm” mahnısını da deyirlər ki, sözləri anlamasaq da, musiqi çox gözəldir. Meyxananın nə olduğunu izah edə bilmədim, dedim bu Azərbaycansayağı “Freestyle” repdir.

Dəniz Kərimzadə

Foto və video: Fərid Özay

Minval.info