Həftədə bir dəfə dostlarla ödənişli kiçik meydanda ya beş-beşə, yaxud altı-altıya bölüşüb futbol oynayardıq. Oyunların birində yaxın dostumla toqquşmadan sonra dizimdə ağrı yarandı. Amma ağrı yüngül olduğundan sona qədər futbola davam etdim. Ertəsi gün isə ağrının şiddəti artmışdı. Gəzərkən axsayır, pilləkənləri qalxıb-düşərkən isə əziyyət çəkirdim. Bir neçə gündən sonra dizimdə ağrılar azaldı, artıq pilləkəni qalxıb-düşə bilirdim. Yenidən dostlar futbol təşkil etmişdi və mənə də onlarla birgə oynamağı təklif etdilər. Dizimin ağrılarının artacağından qorxub oynamamaq üçün bəhanə uydurmağa çalışsam da, adam çatmadığından təklifi rədd edə bilmədim.

Amma bu futbol mənə baha başa gəldi. Məğlub durumda olduğumuza görə həm dostlarla mübahisə edirdim, həm də ötürmə etdiyim yerdə dizimdə nə isə atıldığını hiss etdim. Ayaqüstə dayana bilməyib yerə yıxıldım. Dostlardan biri mənə yardım edib meydançanın kənarına apardı. Yenə də oyunda bir nəfər azlıq oldu, amma mən ciddi zədələndim. Getməsəydim, dizim əvvəlki vəziyyətindən də ağrılı duruma düşməyəcəkdi. Axı bu, əyləncə xarakterli idi, amma əyləncə yox, əsəb, gərginlik və nəhayət ciddi zədəyə səbəb oldu.

Növbəti günlərdən birində həyətdə atama kömək edərkən dizimi zədələdim. Onun ayağımı bəhanə etdiyimi düşündüyünü sanmışdım və məcbur qalıb kömək etmişdim. Amma bu, artıq son oldu. Bəklə də dizim müəyyən müddətdən sonra sağalacaqdısa, daha gec idi. Həkim müdaxiləsi olmadan ağrıların çəkilməsi, yenidən normal gəzməyim mümkün deyildi.

Həkim qəbulu, MRT müayinəsi və nəticə: Dizimim əməliyyat olunması vacib məsələyə çevrildi. Atam sınıqçının yanına getməyi məsləhət görsə də, bu, yalnız əməliyyata girməyimi istəmədiyindən ümidsiz təklifdən başqa bir şey deyildi.

Nəhayət, əməliyyata daxil oldum və təxminən 30 dəqiqədən sonra palataya köçürüldüm. Ertəsi gün əlil arabası ilə maşınımızın yanına aparıldım, daha sonra isə evə…

Mənə bu əməliyyatın əslində xırda əməliyyat olduğu deyilsə də, həm mənəvi, həm də fiziki ağrılarım qarşıda idi. Çünki həkim qapalı əməliyyat aparmışdı. Həmçinin belimdən keyitmə iynəsi vurulmuşdu və əməliyyat zamanı oyaq idim.

Amma deyildiyi kimi asan və ağrısız ötüşmədi. Elə ilk gündən başımda şiddətli ağrılar başladı. Ancaq uzanmış halda olarkən ağrılardan qismən azad olurdum. Sərbəst hərəkət edə bilmirdim, fiziki əngəllilər üçün vasitələrdən istifadə edirdim. Yemək yeyərkən, təbii ehtiyacımı ödəyərkən kəskin ağrılara qatlanmalı idim. Hətta həyat yoldaşım əlləri ilə körpəyə qulluq edərmiş kimi qidalanmağıma kömək edərdi. Hər gün ağrıkəsici dərmanlarsız özümü təsəvvür edə bilməzdim. Şiddətli baş ağrılarından o qədər əziyyət çəkirdim ki, yalnız ailə üzvlərim əsəbi davranışlarıma dözə bilərdi. Onlara hər zaman yanımda olduqlarına görə minnətdaram.

Adət-ənəyə uyğun olaraq ziyarətimə dostlar, qohumlar, yaxınlar gəlirdi. Bəziləri gəlib yalnız özü danışar, mənim sözlərimə isə bir o qədər fikir verməzdi. Bəziləri “gəldim” və “borc” deyə gələrdi. Digərləri həqiqətən məni görmək yanımda olardı.

Daha sonra futbol oynadığım dindar dostlar mənim ziyarətimə gəldi. Həmin günü ardıcıl mənə bir ağrıkəsici iynə vuruldu, bir dəfə isə həb qəbul etdim.

Adətən, açılmış divanda uzanardım, əynimdə isə tam xəstəni xatırladacaq geyimlər olardı. Bu dəfə ardıcıl iki ağrıkəsici yaxşı təsir etmişdi. Dostlarım gəldiyinə görə əynimə çəki-düzən verdim və divanın başını qaldırdım. Dostlar gəldi, inanclı olduğum üçün namazı necə qılmağımdan söhbət açıldı. Mənsə namaz qıla bilmədiyimi söylədim. Artıq dizimin əməliyyat olunduğu yadlarından çıxmışdı, onların xəstə ziyarətinə gəldiyi bir neçənci plana düşmüşdü. Mənə bu halda namazın necə qılındığı, dəstəmazın almağın rahat yolu izah olunurdu. Bütün bunlardan – qaydalardan, dini göstərişlərindən əslində xəbərdaram. Bilirəm ki, namaz qılmamaq üçün heç bir bəhanə yoxdur. Amma ağrılarımın məni haldan salması, natəmiz olmağım ibadət etməyimi ertələmişdi. Hər gün yalnız sağalmağım haqda düşünürdüm. Dostlara görə isə namaz qılmamağım qəbahət sayılırdı. Bu isə məni dizimdəki və başımdakı ağrılardan daha çox ağrıdırdı. Üstəlik, məni qınayanlardan biri qarşısına qoyulan çayın içində limonun olmamasından gileylənməsi, onların öz aralarında şit zarafat etmələri məni qıcılandırırdı. Artıq onların tezliklə çıxıb getməsini istəyirdim. Amma onlara “belə xəstə ziyarət etməzlər”, “inşallah, ayağınız sınar siz qılarsınız” deyə bildiyimə görə hələ də şadam. Gələnlərdən sadəcə biri səhhətimlə xeyli maraqlandı və hazırda ayağımın necə olduğunu soruşur… Onlardan biri isə müdrikcəsinə və üzündə ciddilik ifadəsi ilə ölüm-dirim izahı verirmiş kimi inadla mənə namazı izah edirdi.

Həmin günün gecəsi özümə yer tapa bilmirdim, ağrılar yenə görüşümə gəlmişdi. Əməliyyatdan sonra hər dəfə asqırmağımın qarşısını alırdım. Bu dəfə isə alınmadı. Başımın arxasından bərk ağrı tutdu və bir neçə saniyə içərisində məndən soyuq tər axmağa başladı. Ailəm bu halıma çox qorxdu, mənə ardıcıl bir neçə həb verdilər. Qan təzyiqimi ölçəndən sonra daha qorxuya düşdülər. Artıq mən Allaha ölməməyim üçün dua edirdim. Təcili yardım maşını çağırdılar, amma gələn həkim ciddi bir şeyin olmadığını dedi, üstəlik, “bəlkə bir iynə vurum, sonra gəlib heç nə etmədilər dəyəcəksiniz” söylədi. Atam işə yaramayan həkimə gəldiklərinə görə 10 manat verib yola saldı.

Növbəti günlərdən birində ziyarətimə çoxdandır görüşmədiyim, spirtli içki ilə arası yaxşı olan dostum gəldi. O, xəbər tutan kimi axşam vaxtı özünü bizə yetirdi. Dostum dindarlardan fərqli olaraq mənimlə xoş rəftar etdi, harasa tələsdiyini desə də, onu buraxmaq istəmirdim. Çünki yanımda olmasından yorulmurdum. Əksinə, zövq alırdım. Amma dostum getməli idi, ona görə onunlar razılaşdım…

P.S: Hekayədə sağlamlığımıza diqqətli yanaşmağın vacibliyini, xəstə ziyarətinə gələnləri və ən önəmlisi insana daha çox ailəsinin yandığını göstərməyə çalışdım.

Samir Mirzə