Son illər Azərbaycan futbol klubları artıq nüfuzlu turnirlərdə ölkəmizi layiqincə təmsil etməyə başlayıb.

Xüsusilə “Qarabağ”ın uğurları yerli futbolsevərlərə böyük sevinc bəxş edib. Təbii ki, komandaları azarkeşsiz təsəvvür etmək qeyri-mümkündür.

“Qarabağ”dan söz düşmüşkən komandanın “İmarət” azarkeş qrupu daim Ağdam təmsilçisinin yanında olur.

Minval.info istər ölkə çempionatında, istərsə beynəlxalq yarışlarda “Qarabağ”ı yalnız buraxmayan “İmarət”in idarə heyətinin üzvü Qazax Nağıdan müsahibə alıb.

– “İmarət” azarkeş qrupunu nə zaman yaratdınız?

– Azarkeş qrupumuzun yaranması 2009-cu ilə təsadüf edir. O zaman sadəcə 3 nəfərlə bu yola çıxmışdıq.

– Haradan bu qərara gəldiniz? Nəyə görə məhz “İmarət” adlandırıldı fan klub?

– Ağdam işğal olunduqdan sonra “Qarabağ” demək olar bütün oyunlarını səfərdə oynayırdı. Camaatımız da Azərbaycanın müxtəlif bölgələrinə pərən-pərən yayılıb köçkünlük həyatı yaşayırdı. Bir-birimizlə əlaqələrimiz kəsilmişdi. Düşündük ki, bir azarkeş qrupu yaradıb birliyimizi təmin etməliyik. Çünki məqsədimizi həyata keçirmək üçün tribunalar uyğun yer idi. “Qarabağ”ı alınmaz qalaya çevirməli idik. O bizə işğaldan sonra qalan tək yadigarımızdı. Qrupun adı “Qarabağ”ın Ağdamda işğalda olan doğma stadionu “İmarət”in adıyla bağlıdır. Biz 2009-cu ildə “İmarət”i işğaldan “azad edib” Bakıya gətirdik və and içdik ki, Qarabağa, Ağdama birlikdə qayıdacağıq. Biz özümüzə futbol meydançalarından cəbhələrə gedən böyük insan, Milli Qəhrəmanımız Allahverdi Bağırovun əsgərləri deyirik. Çünki bütün ideyamız bundan ibarətdir. Bizlər tribunalardan cəbhələrə, oradan da işğaldakı torpaqlarımıza gedəcəyik inşallah.

– “İmarət”ə üzv olmaq üçün xüsusi qaydalar varmı?

– “Qarabağ”ı ürəkdən sevən və ideyalarımızı qəbul edən hərkəsə “İmarət” tribunası açıqdır. Sadəcə, gəlib oyunlarda dəstək vermək lazımdır.

– Stadiondan əlavə olaraq başqa məkanlarda görüşləriniz olur?

– Qeyd etdiyim kimi, biz bir ideya ətrafında birləşən ailəyik. Mütəmadi olaraq görüşürük. Demək olar asudə vaxtımızın çox hissəsini bir yerdə keçiririk.

– Pankartlar, forma və bu kimi fanatik geyimləri necə hazırlanır?

– Pankartlar üzvlərimizin əməyi ilə hazırlanır, hər biri əllə çəkilir. Bunlar böyük zəhmət tələb edir. Forma və şərfləri isə təbii ki, müvafiq şirkətlərdən sifariş edirik.

– Sizə maddi dəstək olan varmı? Yoxdursa, necə maliyyələşirsiniz?

– Qrupumuz tamamilə müstəqil fəaliyyət göstərir. Bütün atributları öz hesabımıza sifariş edirik, pankartları öz hesabımıza çəkirik, biletləri pulunu ödəyərək alırıq və səfər oyunlarına da öz hesabımıza gedirik. Düşünürük ki, azarkeş klubdan nəsə güdməməlidir. Əksinə, öz klubuna xeyir verməlidir. Bizim klubdan istəyimiz yalnız qələbə və uğurdur.

– “İmarət Tayfa” hansı fəaliyyətlə məşğuldur?

– “İmarət Tayfa” qrupumuzun Bakı qolu və əsas hərəkətverici qüvvəsidir. “Qarabağ”ın bazası Bakıya köçdükdən sonra tayfanın üzərinə böyük iş düşürdü. Amma “İmarət Tayfa” olaraq bu məsuliyyətin də altından başı dik, alnı açıq çıxdıq. Nəzərə alsaq ki, hər oyunu səfərdə keçiririk, bu gün “İmarət Tayfa” Azərbaycan tribunalarının bir nömrəsidir.

– “Qarabağ”ın səfər, yoldaşlıq oyunlarına, məşqlərinə də gedirsinizmi?

Bəli, bütün səfər oyunlarına gedirik. Azərbaycan daxilində səfər oyunlarına “İmarət Tayfa”, Avropa arenalarındakı oyunlarda isə “İmarət Avropa” dəstəkləyir komandanı. Bəzən öz imkanlarımız daxilində mümkün qədər Avropadakı oyunlarda da “İmarət Tayfa” olaraq Bakıdan getməyə çalışırıq. Məsələn, Ukrayna, Yunanıstan, İngiltərə, İsveç kimi ölkələrdə olan oyunlarımız zamanı Bakıdan öz hesabımıza gedərək komandamıza dəstək olmuşuq. Sadəcə, səfər xərcləri baha olduğu üçün Avropadakı hər oyuna gedə bilmirik. Həm də ürəyimiz rahatdır ki, “İmarət Avropa” oradadır. Məşqlərə bəzən gedirik. Əsasən, çətin oyunlardan öncə son məşqə gedib komandaya motivasiya veririk. Yoldaşlıq görüşlərində çox iştirak edə bilmirik. Məsələn, builki qış fasiləsində “Moriupol” komandasıyla Antalyada keçirilən oyunumuzda “İmarət Türkiyə” komandamızı dəstəksiz qoymadı.

– Komandanın ev oyunlarının Bakıda keçirilməsi ilə razısınızmı?

– “Qarabağ” Bakıya köçməklə göstərdi ki, uğurun böyük hissəsini yaxşı baza, düzgün strategiya və təhlükəsiz mühit təmin edir. Psevdovətənpərvərlik edərək komandanı Quzanlıya qaytarıb məhv edə bilmərik. Bu, futboldur və onun inkişafı üçün şərait lazımdır. Amma düşünürük ki, Quzanlıdakı stadionun bərpa olunması, U21 komandamızın bütün oyunlarının, əsas komandamızın isə mövsümün ən azı 1-2 oyununun orada keçirilməsi məqsədə uyğun olardı.

– Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunmasına reaksiyanız necə oldu?

– Gözlədiyimiz gedişat idi. Səmimi olsaq, hətta buna qarşı idik. Dünya təcrübəsindən belə düşünürük ki, bir məşqçinin iki komandada işləyərkən uğur əmsalı xeyli aşağı düşür. Bunun “Qarabağ”a zərər verə biləcəyini düşünürük. Amma inşallah yanılarıq və Qurban müəllim adını tək Azərbaycan tarixinə deyil, dünya futbol tarixinə də qızıl hərflərlə yazar.

– Q.Qurbanov “Qarabağ”dan ayrılarsa bunu necə qarşılayarsınız?

– Qurban müəllim bizim üçün dəyərli insandır. Bizə çox sevinclər yaşadıb. Təbii ki, getməyini istəmərik. Amma belə bir qərar qəbul etsə hörmətlə yanaşarıq.

– Türkiyə mətbuatında “Qarabağ”ın kiçik xareoqrafiyasının tənqid olunmasına münasibətiniz necə oldu?

– Xoşagəlməz bir hal idi. Zaman-zaman qardaş ölkə mətbuatında Azərbaycana qarşı qərəzli yazılar olur. Və hesab edirəm ki, bu müəyyən mərkəzlər tərəfindən məqsədli görülən işlərdir. Hansı provakasiya tipli yazı yazılır, Azərbaycandan sərt təpkilər gəlir, iki ölkə arasında əlaqələr zədələnir. Amma bu dəfə tam fərqli ssenari oldu. Məlum yazara elə Türkiyə tribunalarından tərs sillə dəydi. Yüz minlərlə üzvü olan böyük Türkiyə tribunaları yazarı protest etməyə başladı. Və nəticədə jurnalist geri addım ataraq üzr istəmək məcburiyyətində qaldı. Bu, sevindirici haldır. Deməli, bizlər bir-birimizə dəstək olduğumuz müddətcə, üzərimizdə qurulan oyunları da poza bilirik.

Samir Mirzə

Minval.info