Azərbaycan prezidentinin xarakterinə az-çox bələdik: İlham Əliyev onunla təzyiq dilində danışılmasını əsla sevmir, əks təpki göstərir

Nə baş verdiyini hələ də çoxları anlamır. Bəzi təxminlər var, amma gerçəyin özünü bilsə-bilsə 3-4 adam bilər. Onların da bunu ictimaiyyətə anladacaq lüksləri yoxdur. Dövlət həm də budur: bilir, fəqət demir, deməyi lazım bilmir, ya da, sadəcə, deyə bilmir. Bəzən o dosyeni heç açmadan rəfdə saxlayır…

*  *  *

İndi az qala hamı onlardan danışır. Bəşəriyyət tarixində insan oğluna bəxş edilən bəlkə də ən dəyərli, qiymətli amildən – internetdən ibtidai insan “təfəkkürü” ilə istifadə edib özlərini bu şəkildə ifadə etməyə çalışan xaricdəki bir qrup azərbaycanlını nəzərdə tuturam. Dünyanın indiki çağında qabaqcıl texnoloji avandanlıqlardan, imkanlardan Mezozoy erasının canlılarına xas hərəkətlərlə, jestlərlə yararlanmaq təkcə bəzi azərbaycanlıların problemi deyil – Yer kürəsində xeyli bu cür adam var. Nə yazıq ki, onlar özlərini ölkələrində deyil, məhz Avropada bu şəkildə realizə etmək imkanı qazanırlar. Bu yerdə Çörçillin demokratiya ilə bağlı məşhur aforizmini xatırlamamaq olmur: “Demokratiya o qədər mükəmməl sistem deyil, fəqət, bəşəriyyət hələ ondan mükəmməlini icad etməyib”…

Niyə bu qədər qabağa getdilər? Ailələrini, ana-bacılarını, gələcəklərini, hətta həyatlarını riskə qoyub, dövlətin ən ali adamlarını, açar fiqurlarını küçə söyüşləri ilə təhqir etməyə başladılar? Bunun alt yapısında gizlənən məntiq nə ola bilər? Bu suallar qafaları qarışdırır. Ən müxtəlif versiyalar səsləndirilir. Diqqət edin, sanki vahid mərkəzdən komanda verildi bunlara. Bir-birinin ardınca videomüraciətləri, əslində isə videotərbiyəsizlikləri yaymağa başladılar.

Bəziləri bu işi xeyli vaxtdı edirdi. Vaxtaşırı facebook və youtube üzərindən videolar paylaşıb, hakimiyyəti primitiv, savadsız formada tənqid edirdilər. Heç bir ciddi arqument, fakt, rəqəm göstərmədən, paralel aparmadan, sadəcə, qaba formada iqtidarın üstünə gəlirdilər. Onların bu fəaliyyəti 30 il öncə gülünüb qurtarmış “prikolları” videoya çəkib bu gün tamaşaçıya sırıyan bəzi azərbaycanlı vaynerlərin işləri qədər duzsuz və bayağı görünürdü.

Yeri gəlmişkən, bir məqamı ayrıca vurğulamaq yerinə düşər. Xaricdəki bəzi azərbaycanlı bloggerlər müəyyən səviyyəyə, standarta cavab verən proqramlar hazırlayır. Söyüşsüz, təhqirsiz, amma ağır siyasi dildə hakimiyyəti tənqid edirlər. Bu, mübarizədə norma sayılan bir haldır. İdmandan siyasətə qədər bütün növ mübarizələrdə qırmızı xətt mütləq gözlənilməlidir.

***

Avropanın bəzi mərkəzi şəhərlərinin küçə və meydanlarında prezident İlham Əliyevin fotolarını yapışdırıb, onu ağır formada təhqir edənlər isə siyasi mübarizə aparmırlar. Əslində xaricə gedib, oradan hakimiyyətin üstünə kükrəmək doğru taktika deyil. Azərbaycanda qalıb hakimiyyətin siyasətinə qarşı sərt formada dirəniş göstərən nə qədər müxalifətçi var. Onların arasında həbs ediləni də var, döyüləni də, işsiz qalanı da. Amma ölkədən getmirlər, mübarizəni burada davam etdirilər. Və doğru yapırlar. Siyasi mübarizənin əsas hədəfi iqtidara gəlməkdisə, sən bu prosesi öz ölkəndə etməlisən. Avropada hakimiyyətə savaş açıb, oradamı iqtidar olacaqsız?!

Aksiyalarına “Azərbaycandakı antidemokratik rejimi Avropada tanıdaq” adı qoyublar. Yeməzlər. Sıravi avropalının nə vecinədi tanımadığı, haqqında heç vaxt eşitmədiyi bir ölkədə siyasi durum necədi. Bu aksiyaların Azərbaycanın daxili auditoriyasına hesablandığı şübhəsizdi.

Əslində bu çirkin aksiyanı keçirənlərin bəzilərinin də Azərbaycandakı vəziyyət veclərinə deyil. Məsələn, Orduxana çox da dəxli var burada demokratik rejimdi, yaxud qeyri-demokratik? Yaşının bu vaxtında onu məsələ niyə narahat elədi? Nədən əlinə telefon cihazı alıb, küçələrə çıxdı? “Qoymayın, Azərbaycanda diktatura rejimidi”. Adamdan soruşarlar, əgər burada diktaturadısa, niyə asqırıb indi ayılmısan? Əliyevlərin 25 illik hakimiyyətləri dövründə nədən bir dəfə etiraz etmədin? Səsini çıxarmadın? Bir bəyanat vermədin?! Birdən-birə səni hansı gizli əl bu oyuna qatdı?

orduxan ile ilgili görsel sonucu

Sanki qisas aksiyasıdı. Adama elə gəlir, Orduxan, Vidadi və digərləri bu teatrın, sadəcə, aktyorlarıdı. Ssenarini yazan, onu filmə, teatra çevirən rejissor isə başqalarıdı.

Son günlər müxtəlif platformalarda bu prosesin arxasında iqtidar komandasından qovulmuş bəzi sabiq məmurların, həmçinin xarici kəşfiyyat orqanlarının dayandığı haqda mülahizələr səsləndirilir. Əsasən də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, onun çıxdaş edilmiş, ölkədən qaçıb canını qurtara bilmiş komandasının bu işin arxasında dayana biləcəyi deyilir. Ağlabatan versiyadı.

Söyüş kampaniyasında adları çəkilən dövlət adamlarının siyahısına nəzər yetirdikdə, bu siyahının öncədən hazırlandığına, “aktyorlara” əzbərlədildiyinə şübhə qalmır.

Belə çıxır, Avropadakı söyüş maşınının yanacağı Bakıdan göndərilir. Hələ arada kasetlərlə təhdidlər də eşidirik. Bəlkə də bu təhdidlər bilərəkdən səsləndirilir. Yeri gəlmişkən, Vidadi İsgəndərlinin atasının qəbrinə edilən vandal hərəkətin arxasında da təxribatın dayandığına çoxları şübhə etmir.

Sanki bütün bunlar İlham Əliyevi hansısa islahatlardan, böyük siyasi-iqtisadi açılımdan çəkindirmək üçün düşünülmüş bir ssenaridi. Azərbaycan prezidentinin xarakterinə az-çox bələdik: İlham Əliyev onunla təzyiq dilində danışılmasını əsla sevmir, əks təpki göstərir. Bu, xarici siyasətdə də illərlə özünü göstərir, daxili proseslərdə də. Təcrübədən çıxış edərək deyə bilərik ki, prezident təkcə şəxsi prinsiplərlə deyil, həm də ölkəsinin mənafeyini əsas götürüb, onunla bu cür namərdcəsinə rəftar edənlərə haqq etdikləri yeri göstərəcək, cavablarını verəcək. Və bu iyrənc prosesdən qalib çıxmağı bacaracaq. Əslində bu, İlham Əliyevə, onun ailəsinə qarşı deyil, bütövlükdə ölkəyə, dövlətə qarşı qurulmuş xain plandı.

Bir neçə cümlə də müxalifət barədə. Azərbaycan müxalifəti ləngimədən duruma müdaxilə etməlidi. Çünki Avropadakı söyüş maşını daha çox onların üstündən keçir. Müxalifət martın 31-nə mitinq təyin edib. Əli Kərimli nə qədər çalışsa da aksiya mövzunu gündəmə oturda bilmir. Çünki Vidadi İsgəndərli ilə Orduxan, həmçinin digərləri Bakıdakı müxalifəti sözün tam mənasında küncə sıxışdırıb. Onların bazasını, elektoratını özlərinin tərbiyəsiz və əslində lazımsız çıxışları ilə məşğul edir. Müxalifətin olan-qalan elektoratı da Avropadakı söyüş və qarğış müxalifətinin təsiri altındadı. Bunlarsa həmişə olduğu kimi, danışmaq lazım olanda susurlar, susmaq gərəkəndə də dil boğaza qoymurlar. Sizin üçün əsas hədəf 11 apreldə keçiriləcək seçki deyilmi? Bu seçkinin saxtalaşdırılacağını iddia etmirsinizmi? O zaman sizin üçün bu cür vacib mövzunun gündəmdən çıxmasına niyə seyrçi qalırsınız?

***

Yazının əvvəlində 20-ci əsrin azman siyasətçilərindən olan Çörçillin bir aforizmindən istifadə etmişdim. Məqaləni elə onun digər məşhur bir deyimi ilə yekunlaşdırmaq istəyirəm. Güman ki, o, bu fikri müxalifətdə olduğu illərdə deyib. Sitat: “Xaricdə olarkən heç vaxt öz ölkəmin hökumətini tənqid etmirəm, geri qayıtdıqdan sonra bunun əvəzini artıqlaması ilə çıxıram”. Müxalifətçiliyin tərifini, mahiyyətini bundan gözəl anlatmaq mümkün deyil…

Azər AYXAN,
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini