Teoloq, araşdırmaçı-yazar Təbriz Qasımovla ilk müsahibəmiz dini cameədə bir qədər narazılıqlara səbəb oldu. Həmsöhbətimizin söylədiyi fikirlər birmənalı qarşılanmadı. Bəziləri T.Qasımovun təqdimatına iradlarını bildirdi, bəziləri isə suallara verilən cavablara. Təbii ki, sözügedən müsahibəni bəyənənlər də çoxluq təşkil etdi. Bu dəfə yenidən Təbriz Qasımovdan müsahibə aldıq. Teoloqla ötən dəfəki müsahibə ətrafında yaranan məsələlərlə bağlı danışdıq. Eyni zamanda T.Qasımova yarım qalan suallarımızı ünvanladıq.

Minval.info növbəti müsahibəni təqdim edir:


“İstər din sahəsində olsun, istərsə də digər sahələrdə, ənənəvi baxışların müdafiəsi əksər hallarda məlumatsızlıqdan qaynaqlanır”


– Təbriz müəllim, ilk müsahibəmiz bir qədər qalmaqala səbəb oldu. Hətta bəzi inanclılar tərəfindən kəskin münasibət gördük. Əvvəlcə “ənənəvi dini baxışdan uzaq” cümləsinə irad bildirilməsi barədə fikirlərinizi söyləyərdiniz?

– Qeyd etdiyiniz kimi öncəki müsahibəmiz müəyyən etirazlara səbəb oldu. Edilən etirazların mərkəzində ənənəvi dini baxışları müdafiə prinsipi dayanırdı. Bilirsiniz, insanları niyyətlərinə görə mühakimə etmək çox çətindir. Yəni etiraz edənlər hansı niyyətlə müsahibədə səsləndirilən fikirlərə sərt reaksiya veriblər deyə bilmərəm, dəqiqini Allah bilir. Ola bilər ki, niyyətləri pak olsun və məqsədləri də dini yanlışlardan qorumaq olsun. Lakin bir şeyi unutmamalıyıq ki, niyyətin paklığı bizə kefimizə görə, necə gəldi etiraz bildirməyimizə heç vaxt əsas vermir. Ola bilər, sənin niyyətin saf olsun, ürəyin din eşqi ilə çırpınsın, sənin nəzərində qarşı tərəfin irəli sürdüyü fikirlər cəfəngiyyat olsun, amma nəticədə nə qədər ki, deyilən fikirləri tutarlı dəlil-sübutlarla, məntiqlə, ədəb-ərkanla çürütmək üçün əlində yetərli arqumentlər yoxdur, deməli, irəli atılmağın, səs-küy salmağın da heç bir anlamı yoxdur. Niyyətin paklığı ağızdan çıxan hər bir sözün doğru olacağı anlamına galmir. Doğru irad bildirmək üçün papağını qabağına qoyub yaxşıca düşünməli və deyilən fikirləri düzgün təhlil etməli, ağıl süzgəcindən keçirməlisən. Әgər deyilən fikirlərə qarşı məntiqli nəsə iradın varsa, o zaman sən də öz fikrini əsaslandırılmış formada təqdim etməli, provokasiya xarakterli təbirlərdən, insanların emosiyalarını təhrik edən ifadələrdən qəti şəkildə çəkinməlisən. Elmi və akademik mühit bunu tələb edir. Ümumiyyətlə, elmi sferada hisslərin təhrikinə əsla və əsla yer yoxdur. Çünki elm obyektivliyi, tərəfsizliyi sevir. Hisləri təhrik edərək kütləni özünə tərəf çəkmək siyasətçilərin, şairlərin, xətiblərin, provokatorların işidir.

Fikrimcə, istər din sahəsində olsun, istərsə də digər sahələrdə, ənənəvi baxışların müdafiəsi əksər hallarda məlumatsızlıqdan qaynaqlanır. Әgər bir insan din sahəsində mövcud olan elmi irsə yetərincə bələd deyilsə, o zaman belə bir insanda fəqrli fikirlərə qarşı dözümsüzlüyün olması olduqca normaldır. Çünki fərqliliklərdən xəbərdar olmayan və dini baxışların yalnızca bir formatda olduğunu düşünən birisi şübhəsiz eşitdiyi, qulağına dəyən istənilən fərqli rəyə qarşı aqressiv mövqe sərgiləyəcək. Bunun kökündə müəyyən psixoloji amillər dayanır. Belə bir düşüncə formasına sahib olan biri istənilən fərqli təqdimatı dinə yönəlmiş ən dağıdıcı zərbə olaraq görür. Bundan fərqli olaraq tarix boyu alimlərin din anlayışlarında kifayət qədər fərqli versiyaların, baxışların olduğundan xəbərdar olan birisi artıq hansısa fərqli bir görüşü dinə tuşlanmış zərbə hesab etməyəcək. Bu səviyyəyə çatmaq üçün şübhəsiz ilk növbədə dini-elmi irsimizdən kifayət qədər məlumatlı olmalıyıq. Sadə bir nümunə verim. İslam alimləri fiqhi hökmləri çıxarış edərkən istinad etdikləri əsas dəlillərdən biri də “İcma” dəlilidir. İcma dedikdə alimlərin hər hansı bir məsələdə həmfikir olmaları nəzərdə tutulur. İcma dəlili alimlərin fikir ortaqlığını ifadə etsə belə, müasir alimlərimizin əksəriyyəti hansısa dəlilə – Qurana və ya hədislərə istinad olunduğu təqdirdə icmanın bu növünü dəlil hesab etmirlər. Ona görə ki, keçmiş alimlər bu məsələdə həmfikir olsalar belə, onların istinad etdikləri dəlildən çıxarış edikləri məna bizim üçün dəlil-sübut hesab oluna bilməz. Çünki onların özlərinə görə, dərrakələri var, bizim də özümüzə görə. Heç kimin qavraması, fəhmi, dərki mənim üçün dəlil hesab oluna bilməz. Siz təsəvvür edin, hətta ortada icma olsa belə, yəni alimlərin rəy birliyi olsa da, nəticədə bu rəy birliyi, yəni alimlərin eyni məsələni eyni şəkildə başa düşmələri başqası üçün dəlil hesab oluna bilməz. Belə bir qaydanın qəbul olunduğu mühitdə, siz hansı ənənəvi baxışı müdafiə edirsiz axı? Buna görədir ki, ənənəviçiliyin əksər hallarda məlumatsızlıqdan qaynaqlandığını düşünürəm.


“Həyat çox mürəkkəbləşib. İnsanları keçmişdəkilər kimi düşünməyə vadar etmək imkansızdır”


– İndi isə reform mövzusundan danışaq. Növbəti narazılıq doğuran məsələlərdən biri bu idi.

–  Klassik məntiq alimləri “insan” məfhumunu izah edərkən onun “Düşünən Canlı” olduğunu deyiblər. Düşünmək insanın bariz özəlliyi, onu digərlərindəm ayıran və üstün qılan əsas imtiyazıdır. Düşünmək- insanın həyatını anlamlı qılan, ona rəng və gözəllik qatan ən önəmli faktordur. Düşünmək olmasaydı nə sivilizasiyalar olardı, nə elm olardı, nə sənət olardı, nə incəsənət olardı və ilaxır. Bir sözlə düşünmək olmasaydı insan həyatı başdan-ayağa mənasız olardı. İnsan düşüncəsi qəribə bir mexanizmaya sahibdir. Onun qarşısına məhdudiyyətlər qoymaq, onu hansısa səmtə doğru məcburi yönləndirmək, nəyəsə zorla inandırmaq mükün olan iş deyil. İnsan düşüncəsi azadlığı, dinamikliyi, aktivliyi sevir. Hər şeyin kökünə varmaq, həqiqətləri bütün çılpaqlığı ilə görmək istəyir. Buna görədir ki, insanların düşüncələri fərqlidir, rəngarəngdir. Belə olan halda insanları keçmişdəkilərin düşündükləri kimi düşünməyə məcbur etmək olduqca absurd bir işdir. Bundan əlavə elm, texnika, texnologiya və digər sahələrdə nəzərə çarpan ağılalmaz inkişaflar insanları bəzi şeyləri yenidən düşünməyə, analiz etməyə vadar edir. Həyat artıq çox dəyişib. Həyatın dəyişməsinə paralel olaraq insanların baxışları da köklü şəkildə dəyişib. Keçmişdə həyat çox sadə və primitiv idi. İndi isə həyat çox mürəkkəbləşib. İnsanların baxış bucaqları artıq çox fərqlidir. Onları keçmişdəkilər kimi düşünməyə vadar etmək imkansızdır. Belə bir mühitdə fərqli görüşlərin meydana gəlməsi də olduqca təbiidir. Məsələn, olduqca sadə bir cəmiyyətdə yaşayan birisinin şəriətdə keçən “alış-veriş” məsələsinə baxışı ilə indiki zamanda yaşayan birinin həmin məsələyə baxışı necə bir ola bilər axı? Qədimdə alış-veriş prosesi vahid məkanda qarşılıqlı sürətdə həyata keçirdi. İndi isə adam oturur evində, Ebay.com-a daxil olur və bir düyməni basaraq dünyanın o biri başından mal sifariş verir. Şübhəsiz, iki fərqli mühitdə yaşayan insanın sözügedən məsələyə dair anlayışları, çıxarışları əsla bir ola bilməz. Belə bir mühitdə reform qaçılmazdır.

Reform əleyhinə yaranan neqativ görüşlərin kökündə yuxarıda dediyim məlumatsızlıq faktoru da önəmli rol oynayır. Elmi-mədəni irsimizlə maraqlanan və yetəri qədər məlumatı olan birisi klassik və müasir alimlərimiz arasında istər inanca dair məsələlərdə, istərsə də fiqhi hökmlərdə nə qədər fərqli fikirlərin olduğunu rahat şəkildə görə bilər. Fikrimcə, ən böyük ənənəçilik elə islahatçılıqdır. Tarix boyu islahatçı yanaşmaların olması reformun ən böyük ənənəçilik olduğunu deməyə əsas verir.

Reformun qınanmasında başlıca rol oynayan bir başqa faktor isə dinin özü ilə din sahəsində yaranan anlayışları, baxışları bir-birindən ayırmamaqdır. Әgər insanlar sahib olduqları dini baxışları dinin özü deyil də, sadəcə olaraq, dindən anladıqları bir sıra çıxarışlar olaraq qəbul etsələr, o zaman dinə olan baxışlarının subyektiv bir həqiqət olduğunu, vəhy olmadığını, buna görə də fərqli versiyalara qarşı bu qədər dözümsüz olmağın yanlışlığını anlayardılar.


“Bizim cəmiyyətdə aqressiya ən pik həddinə çatıb, insanlar çox dözümsüzdürlər, ən xırda situasiyada belə qaba olurlar. Bunun kökündə…”


– Qeyri-dindarların bəziləri bildirirlər ki, onların dini mövzuda nəyisə sorğulamaq kimi bir şansları olmadığı üçün dindən uzaq dururlar. Buna görə, deizmə və ateizmə meyl edənlər də olur. Məsələn, elə suallar var ki, soruşanda qınandıqlarını deyirlər, ona görə dilə gətirməkdən çəkinirlər. Hərçənd özləri etiraf edir ki, bunlara cavab alsalar, aydınlanarlar. Nəyə görə belə sitiusiya yaranıb?

– Hazırda internet əsrində yaşayırıq, istənilən mövzuda zəngin məlumatlar əlimizin altındadır. Belə bir dövrdə dini araşdıran zaman hər hansı bir çətinliklə üzləşmək demək olar ki, imkansızdır. Yəni əlimiz çox rahat bir şəkildə zəngin qaynaqlara çatır. Hə, bu qaynaqlar nə qədər etibarlıdır, o ayrı bir mövzudur. Burada mövzunu araşdıran şəxsin zirəkliyi, fərasəti, bacarığı, dünyagörüşü önəmli rol oynayır. O ki qaldı qınanmağa, düzdür, hazırda dini cameənin müəyyən təbəqəsində aqressivlik müşahidə olunur. Bunun üçün sosial şəbəkələrə nəzər salmaq kifayətdir. Bəzən olur ki, inanclı təbəqə din əleyhinə irad bildirənlərə çox sərt reaksiya bildirir. Ola bilər ki, irad bildirən şəxsin məqsədi həqiqəti öyrənmək olsun. Bəzi hallarda isə qərəzli şəkildə, sırf dini dəyərləri məsxərə obyektinə çevirmək məqsədilə irad bildirildiyini də görürük. Ümumiyyətlə, bizim cəmiyyətdə aqressiya ən pik həddinə çatıb, insanlar çox dözümsüzdürlər, ən xırda situasiyada belə qaba olurlar. Bunun kökündə müəyyən iqtisadi amillər dayanır, bunu etiraf etməliyik. Lakin hər bir halda, dini kütlə digərlərinə nümunə olduqlarına görə gərək bu məsələlərə xüsusi diqqət yetirsinlər.

O ki, qaldı deizmə və ya ateizmə yönəlməyə, əgər bir insan hansısa dindarın kobud münasibətinə görə deist və ya ateist olursa, deməli, həmin şəxs deizmi və ya ateizmi araşdıraraq, sırf rasional dəlillər əsasında deyil, bir növ ona kobud davranan dindarın acığına qəbul edib. Belə olan halda həmin şəxs sabah eyni problemlə deist və ateistlərin arasında qarşılaşsa, böyük ehtimal bu dəfə də acığa deizmi və ya ateizmi ataraq başqa bir yol seçmək üçün axtarışlara başlayacaq.

– İslam dinində azadlıq anlayışı necədir? Bir çoxları düşünür ki, din insanların azadlığını əlindən alır.

– Ümumiyyətlə, mütləq azadlıqdan söhbət gedə bilməz. İstənilən sahədə məhdudiyyətlər var. Məhdudiyyətlər olmadan insan yaşayışını təsəvvür etmək mümkün deyil. Deməli, məhdudiyyətlərin olması labüddür. Әsas müzakirə mövzusu isə bu məhdudiyyətlərin kəmiyyət və keyfiyyəti ətrafındadır. Burada sizin həyat, insan, kainat, din, dövlət, əxlaq və digər sahələrə olan baxışlarınız böyük əhəmiyyət daşıyır. Çünki sizin azadlıq anlayışınız az öncə adlarını sadaladığım məfhumlara olan baxış və təsəvvürlərinizdən qaynaqlanır. İslam dini şübhəsiz insanların azadlığını təmin edir. Lakin qəbul etdiyi paradiqma çərçivəsində. Məsələn, islamda zina qadağandır. Çünki ailə inistutu islam düşüncə dünyasında müstəsna əhəmiyyətə malikdir. Məlum məsələdir ki, belə bir düşüncə sistemində zinanın azadlığından söhbət belə gedə bilməz. Buna görədir ki, azadlıq anlayışı bir qədər mürəkkəb anlayışdır, belə sadə və rahat şəkildə həll olunası bir məsələ deyil.


“Qadın tarix boyu daim şiddətə məruz qaldığı üçün feminist hərəkatların yaranması da olduqca təbiidir. Bu mənada feminist hərəkatlar, ayaqlanmalar olduqca təqdirəlayiqdir”


– Təbriz müəllim, dinin feminizm hərəkatına münasibəti necədir? Dindar kəsim qadın hüquqlarının yüksək səviyyədə təmin olunduğunu deyir. Amma qeyri-dindarların əksəriyyəti belə düşünmür.

– Feminizim – qısaca, qadınların tapdalanmış hüquqlarını bərpa etmək üçün aparılan azadlıq mübarizəsidir. Dini cameədə feminizmə qarşı baxışlar birmənalı deyil, dəstəkləyənlər də var, qarşı çıxanlar da. Burada feminizmi kimlərin təmsil etdiyi çox önəmlidir. Çünki insanlarımız hər bir sahədə olduğu kimi feminizmi də onu təmsil edən şəxslərin fəaliyyətləri üzərindən tanımağa çalışırlar. Bu isə metodolojik olaraq yanlışdır. Ola bilsin, bizim ölkədə feminizmi təmsil edənlər bu işin öhdəsindən layiqincə gələ bilmirlər və ya məqsədləri tamam başqa şeylərdir. Belə olan təqdirdə insanların feminizm barədə olan təsəvvürləri də şübhəsiz, bərbad olacaq. Bu hal eynilə islamı radikal cərəyanlar üzərindən tanımağa bənzəyir.

Fikrimcə, qadın tarix boyu daim şiddətə məruz qaldığı üçün feminist hərəkatların yaranması da olduqca təbiidir. Bu mənada feminist hərəkatlar, ayaqlanmalar olduqca təqdirəlayiqdir. Sadəcə olaraq, həddi gözləmək, yoldan sapmamaq, ifrat və təfritə yol verməmək önəmlidir. Mənə görə feminist qruplar arasında Liberal və Marksist qruplar ən ideal olanıdır. Çünki qadın azadlığı, şiddətə son tələbi ilə çıxış etməklə bərabər ailə dəyərləri də önəmsənirdi. Lakin Postmodernist Feminist cərəyanlarda artıq ailə dəyərlərinə sayğı deyilən bir şey qalmayıb. İndiki feministlərin müzakirə etdikləri məsələlər həmcinsbazlıq, azad seks, abort haqqı, bəzi hallarda kişiləri təhqir və s. kimi cəmiyyəti fəlakətə sürükləyən anlamsız şeylərdir. Bu mənada feminizmin ciddi islahatlara ehtiyac duyduğunu düşünürəm. Könül istərdi ki, alternativ feminist cərəyanlar təsis edilsin. Onsuz da 90-cı illərdən başlayaraq artıq “İslami Feminizm”, “Müsəlman Feminizmi” adı altında yeni feminist hərəkatlar təşkil olunmağa başlandı. Lakin  düşünürəm ki, bu hərəkatların ideal həddə çatması üçün yetərli addımlar atılmalıdır. Yoxsa, söyməklə, təhqir etməklə bir yerə varmaq olmur. Ya alternativ təqdim edəcəksən, ya da sonda onların varlığı ilə razılaşmaq məcburiyyətində qalacaqsan…


“Yaş mövzusu müzakirə olunmamışdan öncə gərək insanların həyata olan baxışları müzakirə olunsun”


– Sekulyar sferada qadının 18 yaşından tez ailə qurması qəbuledilməz, bununla yanaşı cinayət hesab edilir. Din isə bu yaşa çatmamış qızların ailə qurmasına icazə verir. Amma bir çox xarici ölkələrdə 18 yaşa çatmayan qızların əks cinsi ilə intim münasibəti normal qəbul edilir. Qeyd edək ki, Azərbaycanda verilişlərin birində də ictimai şəxslərdən bir neçəsi açıq şəkildə bunu dəstəklədiklərini dilə gətirib. Bu barədə nə deyə bilərsiniz?

– Qadın mövzusu hər zaman aktual olub. Tam səmimiyyətlə qadın haqlarını müdafiə edənlər də, qadını istismar edərək cəmiyyətdə əxlaqsızlığı yaymaq fikrində olanlar da daim qadın mövzusunu qabardaraq gündəmdə saxlayırlar.

Evlilik yaşına gəldikdə, qadın üçün konkret evlilik yaşı təyin etmək bir qədər çətindir. İlk növbədə qadın bioloji olaraq evlənməyə hazır olmalıdır. Bioloji hazırlıqdan sonra psixoloji hazırlıq da nəzərə alınmalıdır. “Qadın yetinlik yaşına çatıbsa, deməli, mütləq evlənməlidir” deyə bir qayda yoxdur. Nə də ki, hər iki sahədə özünü tam hazır və yetkin hesab edən birisinə evlənmək üçün qadağa qoymağın bir anlamı yoxdur. Burada hamıdan qabaq qadın özü qərar verməlidir və valideynlər də maksimum şəkildə qadının fikirlərinə hörmət etməli, təcrübəsi az olan məsələlərdə məsləhətlərini əsirgəməməlidirlər ki, qadın da təcrübəsizliyinin qurbanına çevrilərək yanlış addım atmasın.

Evliliyin 18 yaş olaraq təyin edilməsinə gəldikdə, qeyd olunan yaş həddi təbii ki, hamı üçün eyni dərəcədə keçərli deyil. Qadın var ki, 18 yaşına çatmamış özünü bioloji və psixoloji olaraq evliliyə tam hazır hiss edir. Qadın da var ki, yaşı 18-i ötsə də düşüncə səviyyəsi, həyat təcrübəsi evlənməyə icazə vermir.

Qadın məsələsində mənə görə ən ziddiyyətli mövqe qadınların 18 yaşdan tez evlənmələrinə qarşı çıxanların nədənsə intim münasibətlərdə yaş məsələsini heç bir şəkildə maneə hesab etməmələridir. Yəni qadın 18 yaşına çatmayıbsa, ailə həyatı qura bilməz, lakin sevgilisiylə intim münasibətlərdə ola bilər. Yuxarıda dediyim kimi, burada insanların həyata olan baxışları böyük rol oynayır. Uğurlu ailə həyatı qurmaq üçün qadında bakirəliyi, iffəti, əxlaqi dəyərləri zəruri hesab edən birisi üçün şübhəsiz, evlilikdən kənar intim münasibətlər yolverilməzdir. Lakin sadalanan dəyərləri mənasız, keçmişdəkilərdən qalan tör-töküntü olaraq görən birisi üçün artıq intim münasibət üçün evlilik şərt deyil. Ona görə deyirəm ki, burada insanların həyata baxışları böyük rol oynayır. Yaş mövzusu müzakirə olunmamışdan qabaq gərək insanların həyata olan baxışları müzakirə olunsun.


“Siz nə qədər hayqırsanız ki, onlar həqiqi müsəlman deyillər, heç kim sizə inanmayacaq. Necə ki…”


– İslam dinində qadınının potensialına baxışdan və onların ictimai vəzifələrindən söhbət açardınız.

– Burada yenə dinin özü ilə insanların dindən başa düşdüklərini bir-birindən ayırmaq lazımdır. Dini baxışda qadının ictimai mövqeyinə qarşı münasibətlər heç də hər zaman yaxşı olmayıb. Hələ də bəzi toplumlarda qadınlar məktəbə getməsinlər deyə, məktəbləri bombalayanlar var. Bunlar reallıqdır və həmin şəxsləf islamı təmsil edirlər. Siz nə qədər hayqırsanız ki, onlar həqiqi müsəlman deyillər, heç kim sizə inanmayacaq. Necə ki, biz də kommunizmi tənqid edəndə Leninin, Stalinin, Mao Çaonun törətdikləri cinayətləri əsas gətiririk. Kimsə çıxıb etiraz etsə ki, onlar həqiqi kommunist olmayıblar, heç kim bu sözə məhəl qoymayacaq.

Bu sahədə də fikrimcə, ciddi islahatlara ehtiyac var. Hesab edirəm ki, qadın digər sahələrdə olduğu kimi ictimai sahələrdə də yüksək potensiala sahibdir. Sadəcə olaraq, tarix boyu qadına yetərli imkanlar tanınmadığı üçün öz bacarığını layiqli şəkildə nümayiş etdirə bilməyib. Hazırda elə bir dövrdə yaşayırıq ki, hansısa qadına onun kişidən daha zəif zəkaya, bacarığa sahib olduğunu demək və onu buna inandırmaq çox çətindir. Tez-tez qadınların bir çox sahələrdə, xüsusilə təhsildə necə böyük uğurlara imza atdıqlarının şahidi oluruq. Təsəvvür edin, orta məktəbi düzəməlli oxuya bilməyən, adını belə doğru-düzgün yazmağı bacarmayan bir kişi gəlib 18 yaşında magistr pilləsinə ucalmış qadına deyir ki, “mən səndən daha zəkalıyam”. Kim inanar bu boşboğazlığa sizcə?


“İlahiyyatçıların üzərinə böyük məsuliyyət düşür ki, bu şəxsləri tənbeh etsinlər, məclislərinə çağırmasınlar”


– Sonda ilahi nəğmələr və mərsiyə oxuyanlar barədə fikirlərinizi almaq istərdik. Məsələn, bu sahədə fəaliyyət göstərənlərin bəziləri çıxışları zamanı təhrifə yol verir. İctimai qınaqla qarşılansalar, sosial mediada əqidədaşları tərəfindən kəskin tənqid edilsələr də, mövqelərindən dönmürlər. Bəzi ilahiyyatçılar buna enerji sərf etməməyi tövsiyə edir. Siz necə düşünürsünüz?

– Mərsiyəxanlar ən yaralı yerimizdir. Hazırki dövürdə dini dəyərlərin məsxərə olunmasına ən çox zəmin yaradanlardan biri də onlardır. Burada yalnız ölkəmizdə fəaliyyət göstərən mərsiyəxanları nəzərdə tutmuram. Qonşu ölkələrdə də vəziyyət heç ürəkaçan deyil. Mərsiyələr artıq mərsiyəlikdən çıxaraq bəzi yerlərdə artıq çox pis və xoşagəlməz formada ifa olunur.

Digər bir problem isə bəzi mərsiyəxanların danışdıqları hekayələrə fikir verməmələridir. Buna görədir ki, mərsiyəxanların ifalarında xurafat, cəfəngiyat, əsassız nağıllar ayaq tutub yeriyir. Bunu görən din əleyhdarları da bu fürsəti əldən verməyərək din əleyhinə yaxşıca təbliğat aparırlar. Burada ruhanilərin üzərinə böyük məsuliyyət düşür ki, bu şəxsləri tənbeh etsinlər, məclislərinə çağırmasınlar. Amma görünən odur ki, bəziləri bu məsələlərə fikir vermirlər. Bizim kimi cəmiyyətlərdə isə mərsiyəxanlar ruhanilərdən daha hörmətli olduğu üçün kiminsə tənbehinə məhəl də qoymurlar. Təbii ki, sonda itirən yenə də dini cameə olur…

 

Müəllif: Samir Mirzə


Mövzuyla bağlı məqalə: Təbriz Qasımov: “Bəzi din təbliğatçıları cəfəngiyat dolu nağıllara üstünlük verir”