Yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) prorektorlar təyin edilib.

İnstitutdan Minval.info-ya verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə dosent Mübariz Camalov Aİİ-nin Tədris işləri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, dosent Mübariz Camalov 1976-cı ildə Cəbrayıl rayonunda anadan olub, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. O, bu təyinata qədər BDU-nun İslam elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. İslam hüququ sahəsində çox sayda tədqiqat əsərlərinin müəllifi olan M.Camalov ingilis, ərəb və türk dillərini bilir.

Aqil Şirinov isə 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub, BDU-nun İlahiyyat fakültəsini bitirib, İlahiyyat üzrə fəlsəfə doktorudur. A.Şirinov yeni təyinata qədər BDU-nun İslam elmləri kafedrasının baş müəllimi vəzifəsində çalışıb. Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifi olan A.Şirinov ingilis, ərəb, türk və rus dillərini bilir.