Dostunu bıçaqlamaqda ittiham edilən şəxs məhkəmə önünə çıxarılıb.

Musavat.com zəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Pərviz Cəfərov dindirilib. Zərərçəkmiş Pərviz istintaqda olduğu kimi məhkəmədə də bıçaqlamadığını deyib.

Sərbəst ifadə verən Pərviz həbs edilən Vüsal İbrahimovla dost olduğunu deyib. Bildirib ki, ona bıçaq dəyməyib: “Vüsalla 10 illik münasibətimiz var. Dostluq eləmişik. Mənə heç bir xəsarət yetirməyib. Mənə bıçaq zərbəsi dəyməyib. Heç bir şikayətim və tələbim yoxdur. Mənim ayağım büdrüyüb yıxılmışam. Belimə metal girib”.

Pərviz Cəfərov qeyd edib ki, hadisə olan qəbiristanlıq tərəfə gedəndə dərəyə yıxılıb: “Yolda dərəyə yıxılmışam. İstintaq dövründə də bunu demişəm. Həmin yol boyu iki Təhlükəsizlik Şəhər Kamerası var. Oradan baxa bilərsiniz. Həmin vaxtlarda ordan keçməmişəm. İstintaqda müstəntiq mənə dedi ki, Vüsal səni bıçaqladığını boynuna alıb. Lakin mən yenə də bildirdim ki, məni bıçaqlayan olmayıb. Yıxılmışam”.

Amma təqsirləndirilən Vüsal İbrahimov isə istintaqda tanışı Pərviz Cəfərovu söyüş üstündə vurduğunu deyib: “Məhəlləyə qayıdan Pərvizi gördüm. Kimləsə mübahisə edirdi. Ona sakit olmağını bildirdim. O işinə qarışmamağımı qeyd elədi. Aramızda mübahisə düşdü. Pərviz ağır söyüş söydü. Onu qəbiristanlıq yoluna apardım. Orada bıçaqla bir zərbə vurdum”.

Məhkəmə prosesi iyulun 20-də davam edəcək.

Hadisə ötən il okyabrın 28-də Xətai rayonu NZS qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Vüsal Ibrahimov dostu Pərviz Cəfərovu kürəyindən bir bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərbə vurub.