Sumqayıtda adı yarmarka, əslində isə yerpulu yığılan adi bazar…

2015-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb. Ümumiyyətlə, ölkədə yarmarkaların keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaq və sairə yaxşı amallardır. Amma həftəsonu- şənbə-bazarda

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda – Dəmiryol Vağzalının yanında təşkil olununan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bütün bunların əksi yaşanır.

Ölkə mətbuatında Sumqayıt Yarmarkası haqda dəfələrlə tənqidlər – yarmarkanın indiki yerdə yerləşməsinin ölkə qanunlarının pozulması demək olması, bu yarmarkada antisanitariya şəraitinin, xaosun hökm sürməsi haqda fikirlər səslənib ki, bunların əksəriyyəti öz təsdiqini tapıb. Ancaq təəsüflər olsun ki, bu yarmarkada acınacaqlı vəziyyət olduğu kimi qalıb. Nə yerli icra hakimiyyəti, nə də müvafiq dövlət orqanları bu yarmarka ilə bağlı heç bir tədbir görməyib.

Minval.info-ya verilən məlumata görə, bu dəfə isə məlum olub ki, bütün bunlardan başqa yarmarkada qanunsuz olaraq üstəlik yer pulu da yığırlar. Yarmarkalarda satıcılardan heç bir yer pulu və ya digər məqsədlə heç bir pul yığılmamalıdır.

Qaydalara görə, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmamalıdr. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulan vəsait hesabına həyata keçirilməlidir.

Lakin bildirilir ki, İcra Hakimiyyətinin nəzarətində olan bu yarmarkada, (əgər buna ümumiyyətlə yarmarka demək olarsa) dəmir tavanın altında olan yerlərə görə, orta hesabla böyüklüyündən asılı olaraq hər mal satandan şənbə-bazar 50-200 manata qədər, yəni ”xodovoyluğundan” asılı olaraq gündəlik hər piştaxtadan 20-50 manat yığılır. “Yarmarkada” yan-yörə yolboyu bütün yerləri nəzərə alsaq (hətta ayaqüstə satanlardan da pul yığılır). Burada 500-dən çox insanın ticarətlə məşğul olur ki, bu da 2 günə 10 min manatlarla pul deməkdir. Üstəlik, yarmarkalara xas olmalı “kim tez gəlib yer tutdu” prinsipi işləmir. Buradakı “dəmir” qaydalara görə dəmir talvarın altında hər bir yer bazarı işlədənlər tərəfindən əvvəlcədən satılır və buna görə də yarmarkada demək olar ki, eyni insanlar, bir qayda olaraq alverçilər, dəllallar alver edir.

Bu yarmarkada öz məhsulunu satan fermerlərə, kəndçilərə az rast gəlmək olar. Buna əmin olmaq üçün yarmarkada bir-iki dəfə müşahidə aparmaq da kifayətdir. Yəni yerlər eyni adamlar tərəfindən artıq tutulur və kənar adam nəinki burada gəlib özü sata bilər, heç gətirdiyi məhsulu belə normal qiymətə kiməsə sata bilməz, çünki bu dəllaların monopoliyasındadır.

Bütün bunlar-yer pulunun çoxluğu və bu kimi qanunsuzluqlar təbii ki, sonda kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətib çıxarır. Bu da onsuz da sosial durumu pis olan yerli sakinlərin cibinə ziyan vurur. Bundan əvvəl deyildiyi kimi adı yarmarka, əslində isə mahiyyətcə bazar olan (sadəcə bu bazarın yiyələri dövlətə vergi ödəmir) yarmarkada bir qayda olaraq keyfiyyətsiz məhsullar satılır.

Onu da qeyd etmək lazımdır ki, bura satışa çıxarılan qida məhsulları laboratoriya müayinəsindən keçmir. Ümumiyyətlə məhsulları yoxlayacaq avadanlıq belə gözə görsənmir.

Nazirlər Kabinetinin qərarına əsasən, yarmarkanın harada təşkil olunması, antisanitar qaydalara əməl edilməsi və s. işlər yerli icra hakimiyyətinin səlahiyyətindədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.

Qaydaların 20-1.11 bəndində deyilir ki, yarmarkaların mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində keçirilməsinə yol verilmir. Amma məlum olduğu kimi yarmarka düz avtomobil yolunun ortasında (yarmarka vaxtı bu yol avtomobillər üçün bağlanır) və dəmiyolu vağzalının yanında açılıb.

Bu haqda bir müddət əvvəl mətbuatda kifayət qədər işıqlansa da vəziyyət dəyişməyib.

Xatırladaq ki, mətbuatda yazıldığı kimi satış yarmarkası düz Üzeyir Hacıbəyov küçəsinin orta hissəsində fəaliyyət göstərir və bu ətrafda yol hərəkətini məhdudlaşdırır. Yarmarkanın həmin küçənin Koroğlu prospekti ilə kəsişdiyi, avtomobillərin intensiv hərəkət etdiyi yerdə olması gediş-gəlişə bir az da maneə törədir.

Sakinlər bildirirdi ki, yarmarkanı, ona nə qədər ehtiyac olsa da, piyadalar və maşınlar üçün daha rahat olan yerdə təşkil etmək yaxşı olar. Çünki yarmarka ərazidə gərginlik, basabas yaradır. Həmçinin ictimai nəqliyyat da yolunu dəyişir. Bu da həm sərnişinlər, həm piyadalar, həm də sürücülər üçün əlavə narahatlıqdır.

Həmçinin qaydalarda bildirilir ki, yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər. İcra hakimiyyəti də həmin yerdə əhali daha sıx olduğu üçün yarmarkanın məhz orada təşkil olunmasına qərar verib.

Ümumiyyətlə, Nazirlər Kabinetinin adıçəkilən qərarında (http://www.e-qanun.az/framework/27608) “Yarmarkaların təşkili” haqda qaydalarına nəzər yetirdikdə görmək olur ki,bu yarmarkaka həmin qaydaların bir çoxu kobud surətdə pozulur.

Bundan başqa yerli icra hakimiyyəti tərəfindən satışa çıxarılan məhsulların bazar qiymətindən çox aşağı olması deyilsə də əslində burada qiymətlər adi yerlərdən, marketlərdən elə də fərqlənmir. Sadəcə, bir-iki məhsul, məsələn, kartof, soğan və s. bəzi məhsullar ucuz satıla bilər.

 

Asif Məmmədov Minval.info saytı üçün