Bakının “İçərişəhər” metrostansiyası yaxınlığında piyada səkisi avtomobillər tərəfindən işğal edilib.

Bununla bağlı “Transport for Baku” “Facebook” səhifəsi şəkillər paylaşıb.

Bildirilir ki, səhər saatlarında Dövlət Reklam Agentliyinin ona yaxın maşını metrostansiyanın çıxışında səkidə parklanır. Həmçinin, günün digər saatlarında sadə vətəndaşlara aid avtomobillər səkini tutaraq, piyadaların hərəkətinə mane olur.

Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri Minval.info-ya açıqlamasında bildirib ki, baş vermiş yanlışlıq qısa müddətdə aradan qaldırılacaq:

“Ərazidə olan gözətçi avtomobilləri doğru istiqamətləndirmədiyi üçün sürücülər maşınları orada saxlayıblar. Artıq məsələ agentlik tərəfindən nəzarətə götürülüb. Sabahdan etibarən avtomobillər orada dayanmayacaq. Sürücülər arxa tərəfdə yerləşən dayanacağa yönəldiləcək”.

Digər vətəndaşlara aid avtomobillərin həmin ərazidə park edilməsi ilə bağlı narazılıq isə davam edir. Sürücülər yaxınlıqda heç bir parklanma məntəqəsi olmadığı üçün başqa çarələri olmadığını bildiriblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bu bəhanənin həmin ərazidə maşın saxlamağa bəraət vermədiyini bildirib:

“Qanunlar müzakirə edilmək üçün yox, yerinə yetirmək üçündür. Sizin vasitənizlə səkidə avtomobil saxlayan sürücülərə bildirmək istəyirəm ki, hər bir halda bu inzibatı xəta tərkibi yaradır və cəriməyə səbəb olur. Əlbəttə, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdə avtomobillərin saxlanılması narazılıq olsa da, olmasa da yol verilməzdir. “Yer yoxdur” deyərək özlərinə haqq qazandırmasınlar. Əgər həmin ərazidə yaşayan sakinlər maşınları üçün parkinq olmadığını deyirlərsə, bizə müraciət etsinlər, onlar üçün mümkün variant tapılmalıdır və onlar da razı salınmalıdırlar.

Rayon İcra Hakimiyyətlərinə dayanma, durma və parklanma ilə bağlı səlahiyyət verilib. Çox güman ki, məsələyə baxıb, həmin ərazidəki avtomobil parklanması ilə bağlı problem də öz həllini tapacaq. Bir daha sizin vasitənizlə deyirəm ki, insanların narazılığına səbəb olan yerlərdə parklanma etməsinlər, parklanma məntəqəsinin yaradılması üçün müraciət etsinlər”.

Dəniz Kərimzadə

Minval.info