Gənclərin ən çox istifadə etdiyi sosial şəbəkələr arasında “facebook” və “instagram” birinci sıralarda gəlir.

Hər iki şəbəkə gənclərə bir-birini tanımaq və özlərini tanıtmaq imkanı verir. Təsadüfi deyil ki, bəzi gənclər sosial şəbəkələr sayəsində məşhur olub, özlərinə böyük auditoriya qazanırlar.

Son illər gündəmə gələn vine sənəti də azərbaycanlı gənclərin diqqətindən kənarda qalmadı. Özlərini sınayanlar çox olsa da, bir neçəsi zamanın süzgəcindən keçə bildi. Çəkdiyi videoları, xüsusilə “facebook” və “instagram”da paylaşan həmin gənclər qısa zamanda xalqın rəğbətini qazandı. Xalqın gözü tərəzi olsa da, vaynerlərdən bəziləri onları çəkidə aldada bildi.

On yaşından işləyən, bir zamanlar kartof-soğan satıb həyatını qazanan Hüseyn Əzizoğlu da onlardan sadəcə biridir. Tənqid və təhqirlərə məruz qalsa da, yayın istisində çöldə dondurma satıb, qışın soyuğunda restoranda ofisiant işləyən, cibində pul olmadığı halda marketdə kassir kimi əli pul ilə oynayan Hüseyni nə qədər tanıyırıq? Onu işləməyə, gənc yaşında məşəqqətli həyata sövq edən nə olub?

Bir müddət onlayn mediada reportyor kimi işləyir, daha sonra özünü kamera arxasında yox, kamera qarşısında yoxlamaq qərarına gəlir. Atasını balaca yaşlarında itirsə də, çəkdiyi vaynlar vasitəsilə milyonların üzünü güldürüb, göz yaşlarını hamıdan gizlədə bilir.

Çəkdiyi vaynlarda ata obrazları çoxluq təşkil edir. Dadına doymadığı ata sevgisini, nəvazişini, hətta ata danlağını videolarına gətirdi. Həyatında yaşamadığı hissləri vaynlarda yaşatmağa çalışır.

Vayn çəkməyə qonşusu Mehdi ilə başlasa da, heç vaxt onun haqqında danışmayıb. Ümumiyyətlə digər vaynerlərdən fərqli olaraq, video paylaşdığı zaman heç kimi işarələmir, onları komandan üzvləri olaraq yox, işçiləri kimi təqdim edir. Bundan əvvəlki komandasının dağılmasına da səbəb elə bu olub.

Bunun da səbəbi var. Uşaqlıq illərində gördüyü çətinliklər, arzusunda olduğu rahat həyat, müdir olub, əmrlər vermək istəyi… Hüseyn hələ də böyüməyib, sadəcə uşaqlıq arzularını reallaşdırmaq üçün böyük kimi görünməyə çalışır.

Maraqlısı odur ki, Hüseyn iaşə obyektlərinin reklam çəkilişi zamanı bir növ qara piar aparsa da, ona hələ də tələbat var və bu gün ölkədə ən çox izləyicisi olan vaynerdir. Vayn çəkilişləri zamanı müxtəlif söyüşlərdən istifadə etməsi isə əsas izləyicisi olan uşaqlarımızın simasında gələcəyimizi təhlükə qarşısında qoyur.

Yasamalın dar küçəsində böyüyən, jarqon ifadələr eşidən, bunları videolarına gətirən Hüseyn, əslində pis bir şeyi göstərmək niyyətində deyil. Amma bunu da bacarmaq üçün daha üstün istedada sahib olmalısan. Onu iş istəyən qızla bağlı çəkdiyi videoya görə yamanca söymüşdülər. Bilirsiniz niyə? Adam videoda əxlaqsız müdiri göstərir, amma bunun pis bir şey olduğunu izah edə bilmir. Bir şeyin pis olduğunu göstərməklə onu təbliğ etmək arasında incə bir xətt var. O xətti tuta bilsən Əlixan, tuta bilməsən Hüseyn olursan.

Aktyor kimi yaratdığı obrazlar maraqlı və yaddaqalan olsa da, həmkarları ilə müqayisədə Hüseyni dala atan məqam sənətini pula, şöhrətə qurban verməyidir. “Oğlan evi 2” filmində oynadığı obraz ilə izləyicilərini ekranlara kilidləyən vayner Pantomima teatrının işçisi, əməkdar artist Pərviz Məmmədrzayevdən 2 ay aktyor təhsili alsa da, sözsüz, bu müddət kifayət deyil.

Yeri gəlmişkən, bəziləri Hüseyni həm də verdiyi sözləri tutmadığı üçün bəyənmirlər. Belə ki, bir müddət əvvəl o, vaynlarına fiziki və sağlamlıq imkanları məhdud şəxsləri çəkəcəyini desə də, izləyicilərini hələ də intizarda saxlayır.

Onu da qeyd edək ki, vaynerlər arasında yalnız Hüseyn Əzizoğlu sabit olmayan siyasi baxışı ilə insanların diqqətini cəlb edir. Bir zamanlar müxalifətin mitinqlərinə gedən vaynerin indi iqtidara yaltaqlandığı deyən bəzi izləyicilər onu “ingilis bayrağı” adlandırmaqdan çəkinmir.

Mən bu yazını niyə yazdım? İnsanları qınamaq, onları ələ salmaq çox asandır. Hüseyni də söyənlər, tənqid edənlər çoxdur. Yazdım ki, onu bir də yaxından tanıyasınız, vayn çəkib, müəyyən kütləni güldürməyə, bir az da pul qazanmağa çalışan birindən çox şey gözləməyəsiniz. O, çətin uşaqlıq dövrü yaşamış, bunun boşluğunu öz inandığı formada doldurmağa çalışan biridir. İmkan verin boşluğunu doldursun, zamanla onun da yerini dolduran tapılacaq.

Sonda yazını Hüseynin elə öz sözlər ilə bitirmək istəyirəm: “Zarafatlaşmağı çox sevirəm. Hətta mənim zarafatlarımın əlindən qapımızın ağzından keçməyən dostlarım var”.