Tanınmış vayner Hüseyn Əzizoğluna ATV telekanalının rəhbərliyi tərəfindən efir qadağasının qoyulması barədə məlumat vermişdik.

Vayner Minval.info-ya məlumatın doğru olduğunu təsdiqləyib. Belə ki, H.Əzizoğlu həqiqətən belə bir qadağanın olduğunu bildirib. Lakin o, telekanal tərəfindən bu addımın atmasına səbəb olacaq açıqlama ilə çıxış etmədiyini qeyd edib.

“Mən xoşagəlməz ifadələr işlətməmişəm. Sadəcə, “İnstagram”da mənə qarşı haqsızlıq oldu deyə, bir paylaşım etmişdim. Nə şəxs, nə telekanal, nə də ki ATV rəhbərliyinin adını çəkmişəm. Mənə görə heç bir problem yoxdur”.

Vayner ona qoyulan qadağanı normal qarşıladığını qeyd edib. Hətta buna görə telekanal rəhbərliyinə təşəkkürünü də bildirib.

Xatırladaq ki, Hüseyn Əzizoğlu ATV telekanalında yayımlanan “Vine show”da səs toplamadığından yarışmanı tərk edib. O, sosial şəbəkə hesabında buna narazılığını bildirib və “məni uduzdurdular” sözlərini işlədib. Bundan sonra isə vaynerə ATV telekanalının rəhbərliyi tərəfindən efir qadağası qoyulub.

Minval.info