“İstehlak bazarında süni qiymət artımlarının baş verməsinə də şərait yaradılmamalıdır. Əks halda bu prezidentin sosial istiqamətdə atdığı addımların effektini azalda bilər”.

Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov musavat.com-a açıqlamasında səsləndirib.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda ümumilikdə dövlət büdcəsinin xərclərinin də əsas hissəsi sosial xarakterlidir: “İllər ərzində qəbul olunan bütün dövlət büdcələrinin tərkibinə baxsaq görərik ki, orada əsas xərclər məhz əmək haqlarının, pensiyaların  ödənişinə, sosial xarakterli xərclərin ödənilməsinə yönəlib. Ümumiyyətlə, Azərbaycanda hökumətin iqtisadi siyasətində həmişə sosial istiqamət üstünlük təşkil edib. Bu il  dövlət başçısının imzaladığı bir çox sərəncam və fərmanlar da sosial xarakterlidir. Bundan başqa vergi siyasətində bir çox dəyişikliklər edildi, Vergi Məcəlləsinə 300-ə yaxın maddədə yeniliklər oldu. 2019-cu ildə həm də iqtisadiyyatda kölgə iqtisadiyyatının payının azaldılması əsas hədəflərdən biri oldu. Elə o sosial xarakterli bir sıra addımların həyata keçirilməsi də bununla əlaqəlidir. Prezident İlham Əliyev Sumqayıtda vətəndaşlarla keçirdiyi görüşdə də bu qeyd olundu ki, iqtisadiyyatda həyata keçirilən bir sıra islahatlarla əlaqədar olaraq biz əlavə gəlirlər əldə etdik, həmin gəlirlər nəticəsində də məhz bu addımları atmağa imkan yarandı”.

Ekspertin sözlərinə görə, bu yığım siyasəti  davam etdirirlərsə, sosial xərcləmələr arta bilər: “Dövlət başçısı da qeyd etdi ki, 2018-ci ildə  müxtəlif biznes müəssisələrindən milyonlarla manat vəsait vergi şəklində büdcəyə cəlb olunub. İqtisadiyyatın leqallaşması və bu vəsaitlərin büdcəyə cəlb olunması hökumətə sosial sahədə qeyd etdiyimiz artımları həyata keçirməyə geniş imkan yaradır. Əgər bu ildən tətbiq olunan vergi dəyişiklikləri nəzərdə tutulan effekti verərsə, o zaman biz bu sosial xarakterli addımların davamlı xarakter daşıdığını görə bilərik. Yəni, əməkhaqqı ödənişlərində daha böyük artımların olacağı gözləniləndir. Bu da əhalinin sosial müdafiəsinin möhkəmlənməsinə şərait yaradır”.

P.Heydərov maaş və pensiyaların artımı ilə paralel olaraq bazarlarda bahalaşma baş verdiyinə də diqqət çəkərək, dövlətin buna qarşı mübarizə aparmasının zəruriliyini vurğuladı: “Burada bir aspekt də var  ki, istehlak bazarında süni qiymət artımlarının baş verməsinə də şərait yaradılmamalıdır. Dövlət Statistika Komitəsinin  məlumatlarında da istehlak bazarında müəyyən bahalaşma olduğu əksini tapıb. Ona görə də, bu prosesin davamlı xarakter daşımaması üçün  dövlətin əlavə nəzarət tədbirləri həyata keçirməsinə ehtiyac var. İqtisadiyyat naziri də sonuncu tədbirdəki çıxışında qeyd etdi ki, ölkədə idxalda 35 faizdən çox paya sahib olan mənbələr üzrə müvafiq tədbirlər həyata keçiriləcək. Mən də istərdim ki, daxili bazarda inhisarçılıq amillərinə qarşı mübarizə tədbirləri gücləndirilsin və sosial istiqamətdə atılan addımlar daha effektiv nəticə versin. Əks təqdirdə bu bahalaşma sosial istiqamətdə atılan müsbət addımların effektini sıfıra endirə bilər. Buna imkan vermək olmaz”.