Təxminən altı milyon yəhudinin öldürülməsində əli olan Adolf Hitlerin 1933-cü ildə Roza adlı yəhudi bir qızla çəkilmiş fotoşəkli ABŞ-da hərraca çıxarılıb.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, mütəxəssislər fotoşəklin 10 min dollara satılacağını ehtimal edirlər.

Aleksandr Hərrac Evinin nümayəndəsi Bill Panagopulos bildirib ki, Hitler təbliğat məqsədilə uşaqlarla şəkillər çəkdirirdi, lakin bu fotoda onun yəhudi qıza olan səmimi münasibəti diqqət çəkir. Hitler bu kiçik qızla doğum tarixlərinin eyni günə düşməsi sayəsində tanış olub.

Hərrac evinin əldə etdiyi məlumata görə, Roza və anası şəkil çəkilən gün o zaman baş nazir postunda olan Hitlerin ad gününü təbrik etmək üçün evinin önündə toplanmış kütlənin içində olub. Roza ilə eyni gündə anadan olduğunu biləndə Hitler kiçik qızı anası ilə birlikdə evinə dəvət edib və şəkil də o zaman çəkilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Hitler Rozanın yəhudi olduğunu sonralar öyrənsə də, onunla dostluğunu davam etdirib.

Şəklin üzərində fürerin avtoqrafı da var: “Sevgili Roza Nienau Adolf Hitler Münhen, 16 iyun 1933”.