“Hökumət devalvasiya nəticələrinin törətdiyi fəsadları yenidən nəzərdə keçirməli, dollar krediti götürmüş əhaliyə kompensasiya verməlidir”.

Mərkəzi Bankın depozit hərracının keçirilmə intensivliyini azaltması öz təsirini göstərib. Hərracda bankların tələbi təklifi 5 dəfəyədək üstələyərək tarixi rekord həddə olub və 1 milyard 133 milyon manatı ötüb. Minval.info-nun xəbərinə görə, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib.

İqtisadçı bildirib ki, buna səbəb kreditləşməyə maraqlı olmayan bankların az da olsa daha etibarlı qazanc mənbəyinə üz tutmasıdır: “Milli valyutanın sabitliyi fonunda hərraclara tələb yüksək olaraq qalacaq və yeni rekordun olmasını da gözəmək olar. Ona görə də Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməli (məsələn, 6%-ə), depozitin müddətini isə artırmalıdır (14 gündən 1 aya)”.

Samir Əliyevin sözlərinə görə, hətta bu da çıxış yolu deyil: “Problem fundamentaldır və real sektorda riskin yüksək olaraq qalmasından qaynaqlanır. Hökumət devalvasiya nəticələrinin törətdiyi fəsadları yenidən nəzərdə keçirməli, dollar krediti götürmüş əhaliyə kompensasiya verməlidir”.

Minval.info