Sabah dünya müsəlmanları Ramazan bayramını qeyd edəcək. Bundan əlavə, mübarək ayın son günü məscidlərdə bayram namazları qılınacaq.

Minval.info xəbər verir ki, əlamətdar günün yeganə vacib ibadəti fitrə zəkatının ödənilməsidir.

Bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün və onun öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxarmalıdır. Öhdəsində olan adamlar dedikdə ailə üzvləri, qonaqları, baxdığı insanlar və s. nəzərdə tutulur. Maddi təminatı başqasının öhdəsində olanlara və fəqirlərə zəkat vacib olmasa da, zəkat vermələrində bir eyb yoxdur.

Zəkatı bayram namazına qədər ünvanına çatdırmaq yaxşıdır, zöhr azanından sonraya qədər isə gecikdirmək olmaz.

İlahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi saytında qeyd olunub ki, fitrə zəkatının miqdarı adam başı 3 kq düyü, buğda, arpa, xurma və s. ərzaqlardır: “Müasir dövrün tələblərini nəzərə alaraq, yaxşı olar ki, fitrəni ərzaqla deyil, onun ekvivalenti olan pul miqdarı ilə çıxartsınlar. Qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar. Lakin, imkanı olanların bahalı ərzaqları meyar götürərək yardımlaşmaya daha çox qatqı etmələri bəyənilir. Orta hesablama ilə, imkan daxilində ftrə zəkatı adambaşı 5-10 manat arası hesablnsa daya yaxşı olar”.

Beləliklə, hər adam minimum 3 manat civarında fitrə çıxarmalıdır.

Fitrə çıxarmayan şəxsin orucunun qəbul olunmayacağı da hədislərdə öz əksini tapıb.

Qeyd edək ki, ölkənin bir çox məscidlərində saat 9:00-da bayram namazı qılınacaq.

Minval.info