Teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşdığı təbriklərə və şəkillərə görə bəzən qınaq obyekti olur. Onun sıravi bir işçidən tutmuş dövlət səviyyəsində xüsusi yer tutmuş vəzifəli şəxslərədək hamını təbrik etməsi və onlarla şəkil çəkdirməsi birmənalı qarşılanmır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Hacı Nuran bildirib ki, insanları təbrik etmək onun hobbisidir:

 

“Hamının ad gününü təbrik etməyi xoşlayıram. Onlara da xoş olur. Bu, mənim hobbimdir. Harasa məclisə gedirəm, yadımda saxlayıram. Bir il sonra həmin adamı təbrik edirəm. O, adam şoka düşür. Nəinki ad günləri, toy günləri, ölüm tarixləri də yadımda olur”.

Aparıcı ona irad tutulmasına da münasibət bildirib:

“Mənə çox adam irad tutur ki, niyə hamını təbrik edirsən? Məsələn, Günel Ələkbərova ilə (Müğənni Pişik Günel – red.) heç bir münasibətimiz yoxdur. Yalnız “Maşın” şouda görüşmüşük. Amma ad günü olanda təbrik elədim, gecə zəng edib çox təşəkkür etdi. Bu da mənə çox xoş olur”.

Getdiyi bütün məkanlarda insanlarla foto çəkdirməyi xoşlayan Nuran pis iş görmədiyini söyləyib:

“İnsanlarla şəkillərim çoxdur. Amma şəkil çəkdirdiyim adamlara mən başqa cür yanaşıram. Baxıram ki, o insan təbrikə necə sevinəcək. Çünki mən təbrik edəndən sonra onu 10 adam təbrik etmişdisə, artıq mənim paylaşımımı görüb 100 adam təbrik edir.

Həmin adam mənə zəng edib ki, deyir ki, bilirsən sənin paylaşımından sonra mənə nə qədər təbrik gəldi? Pis iş görmürəm ki… Yaxşı işdir. Mən sürpriz etməyi və insanları sevindirməyi xoşlayıram”.