Biz insanlar müxtəlif xırda və ya taleyüklü məsələlərlə bağlı qərar vermək məcburiyyətində qalırıq. Az əhəmiyyətli mövzular barədə qərarlarımız ciddi dəyişikliklərə səbəb olmur. Amma taleyüklü məsələlərdə həyatımız mənfi və ya müsbət yöndə dəyişir. Bəzən bütün ömrü boyu peşman və ya əksinə xoşbəxt olacaq addımlar atırıq. Bu qərarlar ani, o cümlədən tədricən verilə bilər. Bununla yanaşı, əvvəlcə səhv təsəvvür yaradan addımlar atılar, lakin sonradan müsbət təsirləri ortaya çıxar. Ən əsası verdiyimiz qərarlar gələcəkdə bizi həyatın dibinə də ata bilər. Məhz belə məhvedici addımlar atmamaq üçün ağılla qərar vermək zəruridir.

Bu yaxınlarda ömrünün böyük hissəsini yaxınlarına ayıran və son zamanlar psixi pozğunluqlar yaşayan yaşlı qadınının həyat hekayəsi ilə tanış oldum. Bu, məni o qədər dəhşətə gətirdi ki, həyata baxışımı bir qədər dəyişdi. Həmin qadın bizim ölkədə yaşayır və az öncə qeyd etdiyimiz taleyüklü məsələylə bağlı verdiyi qərar sonunda onu hazırda həyatını həsr etdiyi doğmaları ilə arasındakı münasibətləri gərginləşdirib. Nəticədə yalnız ömür sürməyi üstün bilib.

Söhbət açdığımız həmin yaşlı xanım uşaqlıq və gənc illərində rayonlarımızın birində yaşayıb. Əvvəlcə ailə həyatı qurmaq istəyərkən valideynlərinin narazılığı ilə qarşılaşıb. Sonradan onların məsləhət bildiyi kişi ilə nikaha daxil olub. Amma çox keçməyib hər iki tərəfin razılığı ilə ailə həyatına son qoymaq məcburiyyətində qalıb. Bu qadına rayonda bir neçə dəfə elçi düşsə də, nikah barədə fikirləşməyib. Bir müddət sonra ailəsi paytaxta köçüb. Onlar rayona gəlib-getsələr də əsasən Bakıda yaşayıblar. Qadın ailəsindən ayrı qalmamaq üçün rayondakı işindən çıxmaq və onların arxasınca paytaxta yollanmaq qərarına gəlib. Ömrünü ev işləri görməyə və valideynlərinə həsr edib. Eyni zamanda, valideynləri ilə birgə yaşayan qardaşının və onun övladının qayğısını çəkib. Bir müddət sonra anası yataq xəstəsi olduğu üçün 4 il onun başının üstündən ayrılmayıb. Anasının vəfatının ardınca əvvəlki tək atasının, qardaşının və onun övladının yanında olub. Ardınca atası yataq xəstəsi olub və son mənzilə yola salınıb. Bundan sonra həmin qadın həyatına üsyan etməyə və yaşamağının heç bir mənası olmadığını deyərək özünə ölüm arzulamağa başlayıb. Ciddi psixoloji pozğunluq yaşadığından ömrünü həsr etdiyi qardaşı və onun qızı ilə münasibətləri gərginləşib. Hər gün onlarla mübahisə edib və nəticədə həmin evdən köçmək qərarına gəlib.

Diqqət edin, həmin qadın əvvəlcə evlilik barədə valideynlərinin qərarının qurbanına çevrildi. Ardınca həyatını kənara qoyub bir daha ailə qurmaq barədə düşünməmək və özünü yaxınlarına həsr etmək qərarına gəldi. Sonda isə taleyinə üsyan edərək və doğmalarından üz çevirərək yalnız yaşamaq qərarını verdi. Özü də 60 yaşından sonra…

Sonuncu qərarını bəlkə birinci versəydi həyatı tamam başqa cür olacaqdı. Bəlkə də işini yarımçıq qoymasaydı və ailə qurmaq barədə düşünsəydi həyatı müsbət yöndə dəyişəcəkdi. Amma bir ömür başqalarının qayğısını çəkdi, həyatını ailəsinə fəda etdi, nəticədə yenidən ailəsindən üz döndərib yalnız yaşmağı üstün tutdu.

Bu, realda cərəyan edən ömür hekayəsidir, onun yalnış qərarları yumşaq desək, psixi pozğunluğu və yalnızlığı ilə bitdi.

Məhz belə vəziyyətə düşməmək üçün qərar verməkdə diqqətli olmaq zəruriliyi yaranır. Səhv qərarlardan ucbatından həyatda kifayət qədər uğursuzluğa düçar olan insanlar var. Amma bəhs etdiyimiz qadının hekayəsi insanı həqiqətən heyrətə gətirir.

Yalnış qərarlarla həyatımızı məhv etməyək…

Samir Mirzə