Quş qripi ilə bağlı məsələ gündəmə gəldikdən sonra, nəhayət, 2006-cı ildə Azərbaycanda da toyuq dönərinin satışına qadağa qoyuldu. Sözügedən təhlükə ötüşdüyünə baxmayaraq həmin qadağa hələ də öz qanuni qüvvəsini qoruyub saxlayır.

Minval.info xəbər verir ki, bir çox insan bu qərardan xəbərsizdir. Açıq şəkildə fəaliyyətinə davam edən dönərxanaların qarşısında yaranan quyruq da bunu sübut edir. Belə dönərxanalara daha çox orta və ali məktəblərin yaxınlığında rast gəlmək olar. Ət dönəri ilə müqayisədə daha ucuz olan toyun dönərinin əsas istehlakçıları isə tələbələrdir. Qeyri-sanitar şəraitdə hazırlanan dönərə bəzi yerlərdə bir manat olduğu üçün daha çox üstünlük verilir.

Vəziyyətdən məharətlə istifadə edən işbazlar bir çox halda gəldiyi yer bilinməyən dönərləri insanlara satmaqdan çəkinmir. Lakin isti havalarda məhz toyuq dönərindən istifadə qida zəhərlənməsi riskini artırır.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə həmin qurum 2015-ci ilə qədər dönərxanaların fəaliyyətinə nəzarət edə bilib. Lakin sahibkarlıq obyektlərinə yoxlamaların rəsmi şəkildə dayandırılması onların əl-qolunu bağlayıb.

Yerli mətbuatda iddia olunur ki, haqqında danışdığımız qurum belə obyektləri gəzərək hər birindən aylıq 50-100 manat ətrafında pul yığır, bunun müqabilində isə onların fəaliyyətinə göz yumur. Maraqlıdır ki, “İnzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 AZN-ə qədər, vəzifəli şəxslər 100-200 AZN-ə qədər, hüquqi şəxslər isə 200-400 AZN-ə qədər cərimə olunmalıdırlar. Deyəsən bu maddə bəzilərinin cibini milyonlarla manatla doldurur.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Fərid Özay // Minval.İnfo