Həmid Herisçi yaradıcılığı yeni dövr Azərbaycan ədəbiyyatının, şübhəsiz, ən böyük zirvələrindən biri, bəlkə də birincisidir.

Onun Post insan ideyası ilə mətbuat səhifələrinə gətirdiyi nəfəs ədəbiyyata yenidən can verdi. Təəssüf ki, digər bir çox dahi kimi o da lazımı diqqəti görmür və daha bir məktəb öz məzunlarını görmədən tarixin qara səhifələrindən silinmək təhlükəsi ilə üz-üzədir.

Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakultəsi”nə daxil olduğum il məni nələrin gözlədiyini bilməsəm də, həyatımda çox şeyin dəyişəcəyini hiss edirdim.

Nəhayət, dərslər başladı – dörd kamerasını da Allaha icarəyə verdiyim ürəyim hər gün daha sürətlə döyünür, sanki yaxınlaşan dahinin ayaq səslərini eşidirdim. Sinəmə ləpirlərini salmış bu şəxsin kimliyi zaman keçdikcə məni daha çox maraqlandırmağa başlamışdı.

Uzun müddət sonra, axır ki, sualıma cavab tapa bildim. Dərslərinə din və metafizika haqqında biliyi ilə daha dərin məna qazandıran məşhur tənqidçi Əsəd Cahangirin dilindən eşitdiyim ad qulaqlarıma yad gəlsə da, diqqətimi oğurlaya bildi. Həmid Herisçi imzası ilə ilk dəfə o gün tanış olmuşdum. Qiyabi olsa da, sonrakı görüşlərimiz daha intensiv hal aldı – gözlərimin süzgəcindən keçirdiyim hekayələri, hiss edirdim, məni macəradan macəraya aparır, bəzən, Həmidlə yol yoldaşı da edirdi.

Bir neçə aydan sonra, nəhayət, əyani görüşümüz baş tutdu. Dərs otağına daxil olduğu an ətrafı bürüyən mistik aurası məni də öz ağuşuna aldı. İstədiyim suallardan bəzilərini şəxsinə ünvanlaya bildim. İmzası ilə əldə etdiyim “Solaxay” romanı isə, elə bil, açarı Həmid Herisçi olan qıfılın dekonstruksiya keçirtmiş bədii forması idi, bütün cavabları özündə birləşdirirdi.

İstedadı bədii təfəkkürlə məhdudlaşmayan Həmid ağa kriminal aləmi araşdırır, Zerkalo Klara kimi Azərbaycanın tanınmış oğrularından müsahibə almaqdan çəkinmir. Onun Rövşən Lənkəranskinin ölümü və xalq qəhrəmanı Koroğlu haqqında oxşar məqamları aşkarlayan yazısı Həmidin güclü analitik təfəkkürə sahib olduğunu göstərir. Hətta 80-ci illərdə SSRİ-nin dağılacağı haqqında verdiyi proqnoz da bunu sübut edir. Ümumiyyətlə, Həmid Herisçi ambidekstr (hər iki əlini işlətməyi bacarır) olması ilə seçilir, bu isə ona eyni zamanda beyninin hər iki yarımkürəsini istifadə etmək imkanı verir.

həmid herisçi ile ilgili görsel sonucu

Yazdığı hekayə və romanların bir çoxu bioqrafiya olsa da, hiss olunur ki, şüurlu şəkildə gizlədilən məqamlar da az deyil. Qaranlıq qalan həmin nüanslara işıq tutmaq üçün bir-iki uğursuz cəhddən sonra, nəhayət, elə bu yaxınlarda, müsahibə almaq üçün Həmid müəllimlə razılaşdıq və “Xəzər” TV-də görüşmək qərarına gəldik. Maraqlısı o idi ki, müsahibədən bir gün əvvəl təsadüfən Həmid Herisçinin hekayələr kitabı əlimə düşdü və sualların bir qismini oradan hazırlamaq qərarına gəldim.

Xülasə, vaxt-vədə yetişdi, sol ayağım özümdən ixtiyarsız irəli düşüb məni də arxasınca aparmağa başladı. Saat üçdə artıq görüş üçün təyin etdiyimiz yerdə idim, görüşüb birlikdə otağa qalxdıq. Qeyri-ixtiyari başım saata tərəf buruldu, saatın əqrəbi keçən hər saniyə özünü daha irəli atır, sanki nədənsə qaçmağa çalışırdı. Xislətinə qalib gələ bilmədiyi üçün cənnətdən qovulan Adəmi imitasiya etməkdən çəkinmədim, müqəddəs meyvəni dişləyib suallarımı verməyə başladım, amma gizli məqamlara toxunmağım, görünür, Həmid müəllimi narahat etməyə başlamışdı ki, bir neçə dəfə başını buladı. Bəzi suallara sərt reaksiyası isə doğru sualları verdiyimə məni əmin etdi. Özündən cavab ala bilməsəm də, düşünürəm ki, araşdırılmalı olan mövzular da elə bunlardır. Yaxşı da deyiblər – ağıl ağıldan üstündür… Bəlkə elə sizdən biri bu məsələyə işıq tutdu, bəlkə də yox, elə Həmid ağa fikrini dəyişdi, bizi aydınlatmaq istədi. “Hodri meydan”!

İndi isə keçək suallara…

Həmid Herisçi özünün “Səkkiz Qapının Açarı” hekayəsində İsmayıllının Sulud kəndində Oktaqon formalı “Ay daşı” tapdığını və onun Xosrov hökmdarı Pərvizə məxsus səkkiz xəzinənin açarı olduğunu iddia edir. Sual da elə buradan doğur. Açar varsa, deməli qapı da var. Bəs sözügedən qapı haradadır və Həmid Herisçi niyə bu haqda danışmaqdan qaçır? Bəlkə qorxur?

Bundan əlavə Həmid “Qarğa dili” hekayəsində sözləri soldan sağa yox, sağdan sola demək haqqında danışır və bundan bir növ kodlaşdırmada istifadə edir. Ola bilsin ki, Həmid ağa “Səkkiz Qapının Açarı” hekayəsində də bu manevrdən istifadə edir. Çünki Ay daşının tapıldığı yer Sulud kəndi idi, sulud isə sağdan sola “dulus” deyə oxunur. Bəlkə də Ay daşı Həmid Herisçinin iddia etdiyi kimi meteor daşı yox, sadəcə dulusçuların gildən hazırladığı bir fiqurdur.

Bir çoxumuza məlum olduğu kimi Həmid Herisçinin ANS-dən tutmuş Xəzər TV-yə qədər aparıcı kimi böyük iş karyerası var. Oğru dünyasına, paranormal hadisələrə marağı və bu kimi bir çox nüans onu göstərir ki, televiziya fəaliyyəti həyatının bəzi qaranlıq məqamlarını gizlətmək üçün var.

Həmid Herisçinin avtobioqrafiya olduğunu dediyi “Solaxay” romanı isə bir çox baxımdan daha maraqlı mövzuları özündə ehtiva edir. Keçmiş KQB agenti, nəhayət, canını həmin qurumdan xilas etsə də, heç kimə sirr deyil ki, eyni taleyi yaşayan bütün şəxslər təqib olunur və axır-əvvəl qətlə yetirilir. Bir gün Həmid Herisçinin odlu silahla ölüm xəbəri yayılsa, məncə bu xəbər də heç kimi təəccüblü gəlməməlidir.

Buna baxmayaraq Həmid Herisçinin cavab verməkdən yayındığı bu suala işıq tutmasını biz də istəyərdik.

ANS TV-də yayımlanan, Həmidin aparıcısı olduğu “Sirlər Xəzinəsi” verilişi isə süjet xətti ilə teləməkana damğasını vurmuş layihələrdən biri idi. Təəssüf ki, sirləri öyrənməyi və öyrətməyi qarşısına məqsəd qoymuş bu şəxsi heç kim öyrənmir, daha bir düha gözlərdən kənarda qalır. Nə bilmək olar, bəlkə də əsl “Sirlər Xəzinəsi” elə Həmidin özüdür!

Bəli, Həmid Herisçi elə bir dəryadır ki, dibinə baş vuranlar ya boğulur, ya da özünün qismət payını – dəniz incisini götürüb suyun səthinə çıxırlar.

Nə olsun baş vurmaq istəyənlər çox olur?!

Sudan ki quru çıxmaq hamıya nəsib olmur!

Fərid Özay / Minval.info