2018-ci ilin payızında Gürcüstanda  prezident seçkiləri keçirilə bilər.

Artıq indidən seçkilərlə bağlı müəyyən fikirlər səslənir. Müşahidələr onu deməyə əsas verir ki, mübarizə əsasən iki namizəd arasında gedəcək. Bunlar Gürcüstanın prezidenti Georgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixail Saakaşvilidir.

Saakaşvili seçkiyə qədər geri dönəcəyini bildirib. “Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili uduzacaq və seçkiləri  saxtalaşdırmağa çalışacaq. Lakin bu, onda alınmayacaq”, – deyə Saakaşvili RTV kanalına verdiyi müsahibədə bildirib.

Digər namizədlərə gəlincə, Gürcüstan İşçi Partiyasından Şvala Natelaşvili, Birləşmiş Milli Hərəkat Partiyasından Zurab Caparidze və Demokratik Hərəkat-Birləşmiş Gürcüstan blokunun sədri, parlamentin sabiq sədri Nino Burcanadzenin seçkilərdə iştirak edəcəyi gözlənilir. Hakim “Gürcü arzusu” partiyası isə seçkilərdə qalib gələcəkləri təqdirdə Konstitusiyaya  dəyişiklik ediləcəyini və prezidentin xalq yox, parlament tərəfindən seçiləcəyini bildiriblər. Təşəbbüsə əsasən dövlət başçısı parlamentin 150 deputatı və 150 nümayəndə (yerli özünüidarə, həmçinin Acariya və Abxaziya Ali Şuralarının təmsilçiləri) tərəfindən seçiləcək. Qeyd edək ki, bu təşəbbüsü iqtidar partiyasının nümayəndələri və Gürcüstan Nazirlər Kabineti müsbət dəyərləndirir.

Gürcüstanda baş verən  siyasi proseslər Azərbaycanda da maraqla izlənilir. Bu ölkədə yaşayan soydaşlarımız da son illər siyasi proseslərdə aktiv iştirak edirlər. Hazırda  Gürcüstan parlamentində 4 azərbaycanlı deputat var. Maraqlıdır, prezident seçkilərində Gürcüstanda yaşayan soydaşlarımız namizəd kimi iştirak edə bilərmi?

Borçalı Cəmiyyətinin sədri, siyasi-şərhçi Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki,  soydaşlarımızın Gürcüstanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirakına  qanunvericilik imkan verir: “Təbii ki, hər bir vətəndaşın seçmək, seçilmək, siyasi proseslərdə iştirak etmək hüququ var. Amma prezident seçkiləri elə bir prosesdir ki, bütün ölkə miqyasını əhatə edir. Hər hansı bir şəxs namizəd ola bilər. Ancaq məsələyə real yanaşsaq, namizəd elə şəxs olmalıdır ki, o, bütün Gürcüstan ərazisində möhkəm dayaqlara malik olsun. Nəzərə alsaq ki, prezident seçkilərində təkcə Borçalı rayonları deyil, 9 quberniyanın hamısı  iştirak edir, bu baxımdan soydaşlarımız arasında belə bir namizəd yoxdur.

Amma bütün hallarda siyasi partiyalarda olan soydaşlarımız seçkilərdə aktiv iştirak edə bilərlər. Yəni, siyasi partiyaların ayrı-ayrı təşkilatlarında azərbaycanlı fəallar və siyasətçi kimi özünü təsdiq etmiş gənc siyasi liderlər var. Həmin şəxslər siyasi partiyalar blokunda regionun inkişafını ehtiva edən platforma ilə seçkilərə qatıla bilərlər. Bütün hallarda seçkilərdə namizəd olmaq mümkündür və Gürcüstan Konstitusiyası buna imkan verir. Məsələn, hesab edirəm ki, prezidentliyə namizəd olmaq üçün 5 əsas fundamental tələb var. Məndə bunun üçü var, ikisi yoxdur. Düşünürəm ki, o iki tələb də olmadan bu prosesə girişmək olmaz. Prezident seçkiləri elə bir prosesdir ki, orada ciddi fiqur olaraq iştirak etməlisən və həmin 5 komponentin hamısı səndə olmalıdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri, əslən Gürcüstandan olan Rafiq Daşdəmirli isə seçkilərdə azərbaycanlı  namizədin olacağına inanmadığını deyib:

“Gürcüstanda nəzərdə tutulan prezident seçkiləri keçən dəfəkindən daha  maraqlı olacaq. Keçən seçkilərdə 21 namizəd vardı. Bu dəfə daha az olacaq. Seçkilərdə “Gürcü Arzusu” hakim koalisiyasının,  Milli Vahid Hərəkatın namizədləri daha şanslı olurlar. Prezident vəzifəsində ardıcıl olaraq 2 müddət olmuş Saakaşvili qanuna əsasən bu seçkidə yenidən iştirak edə bilməz. Yəqin ki, Saakaşvilinin partiyası yenə də öz namizədi ilə seçkidə iştrak edəcək, amma Gürcü Arzusu Partiyasının namizədini daha şanslı namizəd hesab etmək hələ tezdir. Ölkə üzrə 3.5 milyon seçiçi səsvermə hüququndan istifadə edəcək. Bunun 1 milyona yaxını Gürcüstan azərbaycanlılarının payına düşür. Seçkilərin favoritinin kim olacağını indidən demək çətindir.

Bu günlərdə  Gürcüstanda baş vermiş olaylar, Tiflisdə genişmiqyaslı mitinqlər, bunun sonucu olaraq baş nazirin istefası və azərbaycanlıların sıx yaşadığı ərazilərdə polisin əməliyyatı proseslərə təsirsiz qalmayacaq. Azərbaycanlı namizədin seçkilərdə iştirakı o qədər də inandırıcı görünmür. Müstəqil Gürcüstanda ilk dəfə rayon meri azərbaycanlı olmuşdu, onu da istintaqa cəlb ediblər. Parlamentdə azərbaycanlı deputatlarımız var. İstərdim ki, onlardan biri namizəd olsun. Onlar həm gürcülər, həm də azərbaycanlılar  arasında çox böyük hörmətə malikdirlər”.