Ölkəyə qaçaq yolla dərman gətirməkdə ittiham edilən saç ustası və gömrükdəki kafe işçisinə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İmran Abizadə və Zəkiyə Qələndərovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Abizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındandan həbs olunub.

Minval.info xəbər verir ki, hökmə əsasən, Z.Qələndərovanın barəsində isə şərti cəza verilib.

Baş prokurorluğun yaydığı məlumata görə, “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.

Jahani Hiveh Hamid Mohammadin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilərək götürülüb.

İstintaqla daha sonra müəyyən edilib ki, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmotoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları – cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.

Məhkəmədə anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, İ.Abizadə Astara Gömrük Keçid Məntəqəsininin kafesində çalışıb.

Z.Qələndərova isə Sabunçu rayon ərazisində saç ustası kimi fəaliyyət göstərib.

Minval.info