Gömrük postunda Ermənistana aid xəritələr saxlanılıbJurnalistlər Mazımçay gömrük postundakı vəziyyətlə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, onlar sözügedən postun müvəqqəti saxlanc anbarına da baş çəkiblər. Anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb. Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetkalar və. s məhsullar üstünlük təşkil edib. Maraqlı məqamlardan biri də odur ki, anbarda həmçinin Ermənistandan gələn turistlərin oradan “Armenia” adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə , bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır.

Həmçinin qeyd edək ki, Dövlət Gömrük Komitəsi  dövlət sərhəddini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Bukletlərin üzərində ölkəyə idxal olunan mallar 4 növə ayrılır. Birinci qrupa ölkəyə güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməsi zəruri olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və 4-cü qrupa isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir.

Burada məqsəd bütün mallar haqqında ətraflı məlumat verməklə sərnişinləri bilgiləndirməkdir.

Bukletlərin elektron variantları da mövcuddur. Vətəndaşlar bunu xüsusi kabinələrin üzərində yerləşdirilən QR kod vasitəsilə Gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə oxutdura bilərlər.

Dövlət Gömrük Komitəsinin Texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abbasov deyib ki, həmin bukletlər üçün xüsusi köşklər hazırlanır:

“Bu hələ pilot layihədir. Dediyim kimi, xüsusi köşklər hazırlanır. Orada həm bizim bukletlər, həm də digər dövlət qurumlarının məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə üzərində sonuncu işlər gedir və tezliklə icrasına başlanılacaq”.