Dövlət Gömrük Komitəsinin 5 əməkdaşı barəsində cinayət işi açılıb, 1 ton narkotik maddə müsadirə olunub; mətbuat konfransında ilginc açıqlamalar

Sentyabrın 12-də Dövlət Gömrük Komitəsində “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda mətbuat konfransı keçirilib.

Tədbirdə komitənin sədri Səfər Mehdiyev son 8 ayda aparılan islahatlardan söz açıb: “Ölkə prezidentinin 13 iyul 2018-ci il fərmanına uyğun olaraq struktur dəyişiklikləri aparılıb. Azərbaycan Gömrük Komitəsinə Avropada tətbiq edilən yeni model gətirilib. Bunun nəticəsidir ki, elektron xidmətlər və daxili imkanlar hesabına sərhəd-keçid məntəqələrində yaranan nisbi sıxlıqlar azalıb. Bildiyiniz kimi, yay mövsümündə sərhəd-keçid məntəqələrində sıxlıq müşahidə olunur. Əgər digər vaxtlarda bu sıxlıq 6 min nəfər olursa, yay mövsümündə 17 min nəfərə çatır.

Bu il ölkəmizə gələn turistlərin sayında da ciddi artım olub. Gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə də hava limanlarında turistlərin sərhəd keçmə və gömrük məsələləri yüksək səviyyədə həllini tapıb, yaranmış nisbi sıxlıqlar operativ şəkildə aradan qaldırılıb. Təkcə hava nəqliyyatında əməkdaşlarımız hər ay 1, 5 milyon sərnişinə xidmət edir. Bu isə son illərin rekord göstəricisidir”.

Səfər Mehdiyev onu da qeyd edib ki, struktur dəyişiklikləri nəticəsində bir-birinin funksiyasını təkrar edən şöbələr və idarələr birləşdirilib: “Əvvəlcə nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün bir prosesi 4-5 işçi təkrarlayırdısa, artıq bunu təkcə bir işçi həyata keçirir. Bu da işin sürətlənməsinə təkan verir”.

Səfər Mehdiyevin sözlərinə görə, “Sınıq körpü” gömrük-keçid məntəqəsində yeni mərkəz açılacaq: “Bu məntəqədə ağır yükdaşıyan nəqliyyat vasitələrinin sıxlığını azaltmaq üçün Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir. Bu mərkəz sentyabrın sonunda istifadəyə veriləcək. Mərkəz ”Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə inşa olunur və bu gömrük-keçid məntəqəsi vasitəsilə sərhədi keçərkən sıxlığı azaltmağa, eləcə də yük və avtomobil buraxılışını asanlaşdırmağa imkan verəcək”.

Səfər Mehdiyevin sözlərinə görə, 8 ayda gömrük məntəqələrində 1 tondan çox narkotik maddə müsadirə edilib. Komitə sədri həmçinin gömrükdən narkotik keçirməyə cəhd göstərən şəxslərin də sayının kifayət qədər çox olduğunu bildirib: “Gömrük məntəqələrində narkotik keçirmək istəyən 169 nəfər saxlanılıb ki, onların da 143-ü kişi, 26-sı isə qadındır. Həmin şəxslərin 132 nəfəri Azərbaycan vətəndaşı, 37 nəfəri isə əcnəbi olub. Ümumiyyətlə, 8 ay ərzində 6165 hüquqpozma faktı qeydə alınıb. Onlardan 458-i cinayət xarakterlidir”.

Həmçinin komitə sədri bildirib ki, DGK 2018-ci il Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır: “8 ayın yekunu üzrə DGK dövlət büdcəsinə 2,27 milyard manat köçürüb ki, bu da proqnozdan 6,6 faiz çoxdur. Hesab edirik ki, bizim siyasətimiz 2018-ci ildə daxilolmalar üzrə proqnozu vaxtından əvvəl yerinə yetirməyə imkan verəcək”.

Səfər Mehdiyev son vaxtlarda barəsində cinayət işi açılan gömrük əməkdaşları barəsində də danışıb: “Xəyanət və rüşvət bağışlanmayacaq! Kim korrupsiyaya cəhd edirsə, rüşvətxorluqla məşğuldursa, həmin şəxslər cəzalandırılacaq. Bu ilin ərzində komitənin 228 əməkdaşı tənbeh edilib, intizam məsuliyyətinə cəlb olunub”.

Daha sonra komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov cəzalandırılan gömrük əməkdaşları haqda dəqiq rəqəmlər açıqlayıb: “2018-ci il ərzində 4 fakt üzrə 5 əməkdaş barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb, 9 nəfər vəzifəsindən azad edilib, 6 nəfərin vəzifəsi aşağı salınıb, 47 nəfər şiddətli töhmət alıb, 113 nəfərə sadəcə töhmət verilib, 20 nəfərə isə irad bildirilib”.(musavat.com)