“Gənclik Mall”ın qarşısında DƏHŞƏT – Maşınlar üstündən keçdi, yerindəcə öldüPik saatlarda, həmçinin, istirahət və bayram günlərində “Gənclik Mall” ticarət mərkəzi qarşısında yaşanan nəqliyyat xaosu ən acınacaqlı həddə çatır. Alış-veriş etmək, kinoya baxmaq və ya restoranlarda oturub nahar etmək istəyən insanları daşıyan avtomobillər kompleksin qarşısına yığılaraq böyük problemlərə yol açır.

Bu barədə Media.Az saytı yazır.

Birincisi, sürücülər əksər hallarda durma qadağan olunan yerlərdə avtomobilləri park edirlər.

İkincisi, müntəzəm olaraq ictimai nəqliyyatın dayanacağının qarşısını tuturlar. Bu isə öz növbəsində yolda qəzalı vəziyyət yaradır.

Bu problemi necə həll etmək olar?

Azərbaycanın Milli Avtomobili Klubunun şəhər nəqliyyatı üzrə mütəxəssisi Hüseyn Abdullayevin fikrincə, başlıca problem “Gənclik Mall”ın qarşısında kompleksə gələn sərnişinləri düşürən avtomobillər üçün parkinq sahəsinin kiçik olmasıdır.

“Daima baş verən tıxaclar da elə bundan qaynaqlanır. Marşrut avtobusları sıra ilə düzülmüş taksilərə və ticarət mərkəzi qarşısında sərnişinləri düşürən avtomobillərə görə dayanacağa yaxınlaşa bilmir. Problemin həllini tapması üçün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus pavilyonlarının sayını artırmalı, eyni zamanda, sərnişinlərin düşürülməsi üçün xüsusi yerlər ayırmalıdır.

Hesab edirəm ki, ərazidə nəqliyyat-planlaşdırma işləri aparmaq və bu işlərin yekunları əsasında nəqliyyatın hərəkətini sürətləndirmək vacibdir. Təəssüflər olsun ki, təkcə cərimələrlə bu məsələni həll etmək mümkün deyil”, – deyə H.Abdullayev vurğulayıb.

Abdullayev sərnişinlərin düşürülməsi üçün nəzərdə tutulan ərazi kimi stadionun qarşısında hazırda pullu duracaq kimi fəaliyyət göstərən ərazini təklif edib.

“Sərnişinləri burada düşürmək və yola rahat davam etmək olacaq. İngilis dilində belə bir termin var: “kiss and ride” (tərc. Öpdün, çıx, get). Bu, məhz ticarət mərkəzləri qarşısında sərnişinlərin düşürülməsi üçün nəzərdə tutulan ərazilərə aid edilir. Biz niyə bu faydalı təcrübədən yararlanmayaq?”, – H.Abdullayev deyib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev metronun “Gənclik” stansiyasının yaxın çevrəsində nəqliyyat sıxlığını azaltmaq məqsədilə, taksilərin dayanması üçün bir neçə müasir nöqtənin yaradıldığını bildirib. Həmçinin, həmin ərazidə bir neçə qapalı parkinq yeri təşkil olunub. Buna baxmayaraq, taksi sürücüləri ictimai nəqliyyatın dayanması üçün nəzərdə tutulan əraziləri tutur.

“Nəticədə, avtobuslar ictimai nəqliyyat üçün ayrılmış yerlərə daxil ola bilmir. Buna görə onlar sərnişinləri ya bir qədər irəlidə, ya da yolun hərəkət hissəsində düşürməyə məcbur olur. Bu isə yolda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini aşağı salır”, – deyə M.Ağayev qeyd edib.

Onun sözlərinə görə, BNA dayanma-durma qaydalarını pozan sürücülərə qarşı inzibati ölçülər götürməyə başlayıb.

“Bu tədbirlər çərçivəsində “Gənclik” metrostansiyası qarşısında yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı analoji ölçülər götürülüb. Burada hər bir qanunsuz parkinqi qeydə alan müşahidə kameraları quraşdırılıb. Nəticədə, əvvəlki günlərlə müqayisədə, “Gənclik Mall” qarşısında tıxacla bağı situasiya əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişib. Yolda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artıb”.

M.Ağayevin sözlərinə görə, yaxın günlərdə həmin ərazidə nəqliyyatla bağlı bütün problemlər həllini tapacaq.

Paylaş: