İyulun 12-də saat 20 radələrində Gəncə şəhər Çini qablar zavodunun ərazisində yerləşən metal əritmə sexində işləyən Əsədov Nicat Fizuli oğlunun yıxılıb xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 1989-cu il təvəllüdlü Gəncə şəhəri, Məhsəti qəsəbəsi sakini Əsədov Nicat Fizuli oğlu Gəncə şəhəri, Çini qablar zavodunun ərazisində yerləşən metal əritmə sexində dam örtüyü düzəldən zaman yerə yıxılaraq xəsarət alıb.

İyulun 13-də Nicat Əsədov aldığı xəsarətlər səbəbi ilə vəfat edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.