Hüquqşünas qeyd edir ki, bu yaşda və statusda olan şəxsin videosu özünün razılığı olmadan yayıla bilməz.

Xəbər verildiyi kimi, AXCP-nin gənclər təşkilatının iki üzvü – Emil Sәlimov və İlham Hüseyn İnsan Alverinә Qarşı Mübarizә İdarәsinә çağırılıb.

E.Səlimov sosial şəbəkədəki səhifəsində yazıb ki, İnsan Alverinə qarşı Mübarizə üzrə İstintaq İdarəsindən zəng vurub, gizli saxladıqları hansısa işlə bağlı şahid qismində ifadə vermək üçün oraya dəvət olunub. Gənc fəal narahatlıqla yazıb: “Təbii ki, idarəyə vəkillə gedəcəm. Amma əminliklə bildirirəm ki, şəxsimlə bağlı hazırlanacaq olan hər hansı iş bəri başdan quramadır və siyası fəaliyyətimlə bağlıdır”.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn də bu gün İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. Bu barədə o da özünün FB səhifəsində yazıb:

“Mənə heç bir aidiyyatı olmayan iş üzrə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırılmışam. Sabah hər şey aydın olacaq. Diqqətiniz üçün təşəkkür edirəm”.

Musavat.com xəbər verir ki, cəbhəçi gənclərin məhz yuxarıda adı çəkilən polis idarəsinə dəvət olunması AXCP fəalları iləyaxınlığı ilə tanınan Fatimə Mövlamlının işi ilə bağlı ola bilər. Gənclərə həddi-büluğa çatmayan yeniyetmə ilə münasibətlərinə dair ittihamlar irəli sürülə bilər.

Image result for fatimə mövlamlı

Bu arada sosial şəbəkədə, eləcə də digər internet resurslarında F.Mövlamlının videosu yayılıb. Həmin videoda onun sərbəst qiyafətdə görüntülənib və oturduğu yerdə rəqs edir və spirtli içki qəbul etdiyi görünür.

Bəzi internet qaynaqları bu videonu tirajlayır, yayırlar.

“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin sözlərinə görə, əslində ictimai-siyasi statusu olmayan şəxslərin bu cür görüntülərini özünün icazəsi olmadan yaymaq yeni qanunla yasaqdır, bu şəxsi həyata müdaxilə deməkdir: “Konstitusiyanın 32-ci maddəsinin üşüncü bəndinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Hüquqşünas qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsin də bu barədədir: “Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması—yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

İkincisi isə videoda görünən xanımın yaşının 17 olduğu deyilir, bu da onun bu cür (intim səciyyəli) görüntülərinin yayılmasını qadağan edir. Şəxsi həyatın toxunulmazlığı Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi ilə qorunur”.

Ona görə də Musavat.com saytı olaraq sözügedən videonun ictimailəşdirilməsindən imtina edirik, həmkarlarımızı da çağırırıq ki, siyasi mübarizəni qanunlar çərçivəsində aparılması zəruridir.