Gəncədə Nürəddin Aslanovun “Son nəfəsədək” filminin təqdimatı keçirilib. Qarabağ həqiqətlərindən bəhs edən filimdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.

Film təqdimatında Türkiyənin Gəncəd’ki Baş konsulu Zeki Öztürk, şəhər ziyalılarından professor Zaur Həsənov, Millət vəkili Pərvin Kərimzadə,”Cavad xan” Tarix və Mədəniyyət fondunun 1-ci vitse-prezidenti Müzadil Həsənov və ictimaiyyət nümayəndələri iştirak edib.

Xronometrajı 100 dəqiqə olan film real hadisələrı əsasən çəkilib. “Son nəfəsədək”də Qarabağ müharibəsi dövründə qəhrəmanlarımızın göstərdiyi rəşadət canlandırılıb.

Qeyd edək ki, film real faktlara söykənir. Belə ki, onun ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov 14 yaşında bu dəhşətlərin içərisində yaşayıb. Ermənilərin təcavüzkarlığını, münaqişəni sakitləşdirmək üçün bölgəyə yerləşdirilən Sovet ordusu zabitlərinin xəyanətini və xalqımızın müsibətlərini gözləri ilə görüb. Qəlbində bu faciələri yaşadıb, təhlil edib.

Müəllif qadınların, uşaqların, qocaların, yaralıların, əsir və girovların üzləşdiyi dəhşətləri görüb, dərdlərini eşidib, ağrılarını hiss edib. Buna görə də film tam real mənzərəni əks etdirir.

Xatırladaq ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər. Çəkilişlər isə Füzuli rayonunda və Bakı şəhərində aparılıb.