Bakıdakı bəzi gəlinlik dükanlarında mütşərilərin paltarı geyinib baxması da pullu imiş.

Bu barədə “Ölkə.Az”-a bir neçə vətəndaşın müraciət etdiyini nəzərə alaraq, əməkdaşımız paytaxtda fəaliyyət göstərən sözügedən obyektlərlə bağlı kiçik araşdırma aparıb.  Müştəri qismində ilk  müraciət etdiyimiz məkan “Orxideya” gəlinlik salonu oldu. Burada xanımın bildirdiyinə görə, paltarları yoxlamaq üçün heç bir ödəniş tələb olunmur.

Geyinib soyunmağa görə, ödəniş tələb edilməyən məkanlardan biri də “Bəyaz gəlinlik” mağazasıdır. Lakin burada 1 gəlinlik modelini geyinib ödənişsiz yoxlaya bilərsiniz. Sonradan seçiminiz “Bəyaz gəlinlik”olsa ürəyiniz istədiyiniz qədər  gəlinlik modellərini əyninizdə yoxlaya bilərsiniz. Yox əgər geyiminiz bu məkandan olmasa sizə digər gəlinlik modellərini yoxlamağa icazə verilmir.

“Su pərisi” gəlinlik evində isə başqa vəziyyətlə qarşılaşdıq. Bu məkanda 1 gəlinlik modelini ödənişsiz üzərinizdə yoxlaya bilərsiz. Yox əgər gözünüz daha 2-3 paltarı “tutubsa”, onda gərək hər geyimə görə 10 manat pul ödəyəsiniz. Ödənişin səbəbini soruşduqda isə hər dəfə paltarları geyinib soyunduqda korlandıqlarını bildirdilər.

Növbəti mağazalarda da vəziyyət eyni oldu. “Milana gəlinlik evi”  və  “Bridal boutique”də də geyindiyiniz əlavə gəlinlik modellərinə görə pul ödəməli olacaqsınız. Bu məbləğ hər geyimə görə 10-20 manat arası dəyişir. Sonuncu müraciət etdiyimiz məkan isə “Dəniz wedding” salonudur. Demək olar ki, onlarda da eyni vəziyyətlə qarşılaşırıq. Bir geyimi yoxlamaq ödənişsiz, digərləri üçün isə hər geyimə görə, 10 manat ödəniş tələb olunur.

Bəs mütəxəssis bu barədə nə düşünür? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, əgər sahibkar əvvəlcədən müştəriyə ödəniş haqqında xəbərdarlıq etmirsə və kassa qəbzi təqdim olunmursa, bu, qeyri-qanuni hərəkətdir. Burada müştərinin istehlakçı hüququ kobud şəkildə pozulur. Belə vəziyyətdə müştəri Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət edib, həmin mağazadan ödənişini geri ala bilər.