Azərbaycan milli komandasının və “Qarabağ”ın gənc futbolçusu Mahir Mədətov təzyiqlərlə üz-üzədir. “Qafqazinfo” xəbər verir ki, Mahir Millətlər Liqasının D Divizionun III qrupu çərçivəsində keçirilən Azərbaycan – Malta oyununda əvəzlənən zaman azarkeşlər tərəfindən fitə basılıb. Mədətov millimizin yegənə qolunun ötürməsini versə də, yenə də öz oyunu ilə azarkeşlərin könlünü ala bilməyib.

Oyundan sonra millimizin baş məşqçisi Qurban Qurbanov Mahirin paltardəyişmə otağında ağladığını, ona dəstək vermək lazım olduğunu bildirib: “Mahirə həddən artıq təzyiq var azarkeşlər tərəfindən. Mən sosial şəbəkələrdə olmuram, amma eşidirəm. Mahir ən hərəkətli oyunçularımızdan biri idi. Biz futbolçunu mütləq qazanmalıyıq. Bu gün qol pasını da o verdi. Bizim bu futbolçular xalq olaraq ehtiyacımız var. Mahir oyundan sonra paltardəyişmə otağında oturub ağlayırdı.

Həmişə öz futbolçularımın yanındayam. Onların nələr keçirdiklərini məndən yaxşı heç kim bilməz. Mahirin, Pavelin qaşı partladı. Bu futbolçulara güvənmək lazımdı. Başqa oyunçularımız yoxdu. Onları itirmək istəmirəm. Əksinə daha yaxşı futbolçu etmək, peşəkar etmək istəyirəm. Onların hər biri həddən artıq məsuliyyətlidilər. Bəzən soyuqqanlı olmaq gərəkən epizodlarda çətinlik çəkirdilər. Bizim futbolda çatışmayan cəhətlər çoxdu. Amma istəyirik ki, onları itirməyək. Nə qədər onlara ehtiyacımız var, daha çox yapışmalıyıq. Futbolçularımı yaxşı tanıyıram. Bütün iradları öz üzərimə götürməyə razıyam ki, futbolçular oyunlara rahat hazırlaşsınlar. Bu gün böyük xarakter göstərdilər”.

“Səbail”in və Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov futbolçuya görə azarkeşlərə müraciət edib. O, gənc futbolçuya dəstək olmağın vacibliyini bildirib və onun çox istedadlı olduğunu vurğulayıb: ”Əziz azarkeşlər! Bu gün bizi canlı dəstəkləmək üçün stadiona gəldiyiniz üçün təşəkkür edirik. Çoxlu təhlükəli vəziyyətlər yaratmağımıza baxmayaraq, top rəqibin qapısından keçmək istəmirdi. Bu, futboldur və hərdən də belə olur. Yaratdığımız qol vəziyyətlərinin sayını özünüz də gördünüz. Mən sizə Mahir Mədətovla bağlı müraciət etmək istərdim. O, bu gün çox gözəl oyun keçirdi və qol ötürməsi də verməyi bacardı. Buna baxmayaraq, siz onu əvəz olunduğu zaman fitə basdınız. Unutmayın ki, onun 22 yaxşı var və o, bundan sonra da inkişaf etməyə davam edəcək. Mən əminəm ki, gələcəkdə o möhtəşəm bir futbolçu olacaq. Nəyə görə onun “Kopenhagen”ə qarşı oyunda vurduğu qolu unutdunuz?

O qoldan sonra bütün ölkə “Qarabağ”ın futbol tariximizdə yeni səhifə yazdığına sevinirdi. Nə üçün bunu yaddan çıxarmısız? Mənə o yaşda Mahirdən güclü bir azərbaycanlı futbolçu adı çəkin! Məncə, beləsi yoxdur! Gəlin, bir-birimə qarşı daha həssas olaq, çünki biz sizin üçün meydana çıxıb sona qədər mübarizə aparırıq və sizi həmişə qələbələrimizlə sevindirmək istəyirik. Unutmayın ki, bizim üçün bu yolda ən vacib sizin dəstəyinizdir. Gəlin, hamımız bir anlıq özümüzü Mahirin yerində təsəvvür edək. Mən əminəm ki, çoxları onun yerində olsaydı, çoxdan təslim olardı, amma o, güclü insandır və sizin dəstəyinizlə daha da güclü olacaq. Bir daha hər kəsə göstərdiyi dəstək üçün təşəkkür edirəm. Biz sizi sevindirmək üçün həmişə bacardığımızı etməyə çalışacağıq, bizim secimli azarkeşlərimiz!”.

“Qarabağ”ın kapitanı, 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov da Mahirə dəstək verib. O, Mahir Mədətovun “Kopenhagen”ə vurduğu qolu şəxsi “instagram” səhifəsinin 24 saatlıq tarix bölməsində paylaşıb və futbolçunun yanında olduğunu bildirib.

Digər futbolçular da gənc forvarda dəstək nümayiş etdiriblər.