Novxanıda iranlı iş adamının oğlunu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib. Onlar evə qarət məqsədi ilə girsələr də evdən heç nə apara bilməyiblər. Həmin şəxslərin Kürdəmirdə də evə basqın etdiyi məlum olub.

Minval.info xəbər verir ki, bu cinayət işi üzrə məhkəməyə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.

Təqsirləndirilən şəxslər 1979-cu il təvəllüdlü Yunus Camallı, 1967-ci il təvəllüdlü Natiq Babaverdiyev, Şəki şəhər sakini 1991-ci il təvəllüdlü Pərvin Əlməmmədov, Ağsu rayon sakini 1983-cü il təvəllüdül Zahid Dünyamalıyev və İmişli rayon sakini 1989-cu il təvəllüdlü Ceyhun Talıblıdır. Onların hər biri həbsdədir.

Dəstə üzvlərindən yalnız Rəşidə Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır. Rəşidə Seyidova iranlı tələbənin ölümündə yox, başqa bir cinayət hadisəsində dəstə üzvlərinə kömək etməkdə təqsirləndirilir.

Bu gün baş tutan məhkəmə prosesində Kürdəmir epizodu üzrə zərərçəkmiş qismində Rəna Zərbəliyeva ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxslər onların Kürdəmir rayonunda olan evlərinə basqın ediblər: “Evdə həyat yoldaşımla idim. Ərim Zahid isə qonaq otağında televizora baxırdı. Təzəcə yatmışdım. Ayılanda bu şəxslər mənim əl-qolumu bağlamışdı. İçəridə 4 nəfər var idi. Onlara yalvardım ki, bizi buraxın. Yunus Camallı dedi ki, pul və qızılları verin sizi öldürməyək. Mən pulumuzun olmadığını söylədim. Ərimin qulağını kəsəcəklərini dedilər. Natiq əli arxasında otaqda gəzirdi. Üzlərində maska olsa da, kimlikləri bilinirdi. Evi alt-üst etdilər, pul və 33 min manat dəyərində qızıl-zinət əşyaları apardılar”.

Zərərçəkmiş qeyd edib ki, evə basqın edən şəxslərə qardaşının qızı, hazırda təqsirləndirilən şəxs olan Rəşidə Seyidova köməklik edib: “Evə təzə köçmüşdük. Oğlumu evləndirəcəkdim. Qardaşım qızı Rəşidə isə hadisədən əvvəl anam xəstə olanda bizə gəlmişdi. Həmin şəxslərə yolu Rəşidə göstərib. Çünkü qabaq qapıdan içəri girə bilməzdilər. Rəşidə onlara deyib ki, arxa qapıdan girin. Ən böyük günahkar qardaşımın qızıdır. O, daha əvvəl evli olub, iki uşağı var. Rəşidə el adəti ilə Səbuhiyə ərə gedib”.

R.Zərbəliyeva ona dəymiş ziyanın ödənilməsini istəyib. Daha sonra digər zərərçəkmiş, ev sahibi Zahid Zərbəliyev dindirilib. O, hadisə zamanı başına gələnləri danışarkən söyləyib ki, təqsirləndirilən şəxslər onun və həyat yoldaşının əl-qolunu bağlayıb evdən pul və qızıl-zinət əşyaları aparıblar.

Təqsirləndirilən C.Talıblı ifadəsində deyib ki, Zərbəliyevlər ailəsinin evinə oğurluq məqsədi ilə gediblər: “Biz evə girəndə ər-arvadının otaqda olduğunu gördük və onların əl-qolunu bağladıq. Rəşidə isə maşında oturub bizi gözləyirdi. Evdən qızıl və 1800 manat pul apardıq. Qızılları satıb, aramızda böldük, Zahidə isə sürücü kimi pul vermişik”.

Təqsirləndirilən R.Seyidova dindirilən zaman söyləyib ki, Pərvin Əliməmmədovla sevgili olub, hadisə zamanı orada olmayıb: “Məni rayona Pərvin aparıb-gətirirdi. Həmin zaman ona xalamın da, bibimin də evini tanışlıq məqsədi ilə göstərmişəm. Mən bu uşaqlarla Ağsuda oturub çay içməmişəm. Pərvinlə evlənəcəkdik. Heç bir günahım yoxdur”.

O, bildirib ki, hadisədən sonra təqsirləndirilən C.Talıblı onu ölümlə hədələyib: “Uşaqlarımı və Pərvini öldürəcəklərini dedilər. Evdən aparılan pullardan isə heç nə verməyiblər. Bu işdən heç xəbərim olmayıb. Hadisədən sonra Pərvin basqın barədə mənə dedi. Onunla dalaşdım, məni döydü”.

C.Talıblı isə R.Seydovanı ölümlə hədələmədiyini deyib. Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib.

Novxanıdakı qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib. Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib. Onlar cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək, onların hər birini yaşadıqları ünvanlara aparıb. Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində Pərvin Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək, qohumunun evinin yerini onlara göstərib.

Qətlə yetirilən 1994-cü il təvəllüdlü Saman Mohtati İran vətəndaşı olsa da Azərbaycanda doğulub. O, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi idi. Mərhumun atası Nemat Mohtati uzun illərdir, Azərbaycanda yaşayır və biznes fəaliyyəti ilə məşğuldur.

Minval.info