“Evdə bilmirlər ki, harada işləyirəm. Xəbərləri yoxdur ki, onların çörəkpulunu tabut düzəltməklə çıxarıram. Bilsələr nə olacaq ki…”

 

Sözünü bitirməmiş dodaqlarının arasına keçirdiyi mismarlardan birini götürüb, əlindəki taxta parçasını tabutun baş tərəfinə yapışdırıb, mismarlayır.

 

Yəqin bildiniz, bugünkü qəhrəmanımın peşəsi nədir. Tabut düzəldir, amma müsəlmanlar üçün yox, xristianlar – Bakıda yaşayan malakanlar, ruslar üçün…

 

Ramil Alıyev beş ildir ki, Bakının “Qurd dərə”si adlanan ərazisində tabut düzəldir. Sexi də məşhur “Qurd qapısı” qəbiristanlığının girişində yerləşir. Daha doğrusu, öz sexi deyil:

 

– Özünüzün deyilsə, bəs kimindir?

 

– Dəfn bürosunun. “28 May”da yerləşir ofisimiz. Metronun təzə çıxışı tərəfdə.

 

– Sifarişləri siz qəbul edirsiniz?

 

– Xeyr, hamı sifarişini büroya verir. Bürodan mənə telefonla deyirlər. Ölçüsü, materialı, sadə yoxsa bəzəkli olması barədə məlumatları aldıqdan sonra burada işləyirəm.

 

– Tək işləyirsiniz?

 

– Xeyr, iki nəfərik. Köməkçim bu gün gəlməyib. İşi var. Özüm tək də bacararam. Onsuz da sifarişim azdır.

 

“İlk günlər çox qorxurdum…”

 

Ramil kişi əlli ili yelə verib. Tabut düzəltməyə başlayana qədər müxtəlif işlərdə çalışıb. Fəhləlik edərək ailəsinə çörəkpulu apardığını deyir. İşləyə – işləyə danışır. Hərdən əlini saxlayıb tərini silir, ya da bir siqaret yandırır:

 

– Ramil kişi, otağınız çox qaranlıqdır…

 

– İki işıq var, bəs edir.

 

– Qorxmursunuz ki, tabutlardan?

 

– Yalan deməyəcəyəm. Nə gizlədim, bu işə təzə – təzə başlayanda çox qorxurdum. Bir müddət belə davam etdi. Tabutdur də, zəhmi ağırdır. Vahiməsi basırdı adamı. Sonradan alışdım. İndi qorxmuram. Təmiz taxta, təmiz parça, nədən qoxum axı? Meyiti bunun içinə uzadıb mismarlamıram ki… (gülür)

 

– Bəs bu tabutları nədən hazırlayırsınız?

 

– Hamısı şam ağacındadır. Materiala pul xərcləmirəm. İdarədən yəni, bürodan gətirirlər. Mənimki “mismarı götür, taxtanı kəs, mismarla”dır.

 

– Bəs müsəlmanlar üçün tabut hazırlamırsınız?

 

– Yox e, bizdə kəfənlə dəfn edilir. Tabutu da məscidlərdən götürürlər. Nadir hallarda məscidlərdən sifariş gəlir.

 

Gözüm bir dəmir tabuta sataşır. Ramil Alıyevdən dəmirdən də tabut hazırlayıb-hazırlamadığını soruşuram. Deyir ki, bunu bürodan göndəriblər. Sifariş olarsa, satmaq üçün, amma indiyə kimi dəmirdən tabut hazırlamayıb.

 

“İki saata bir tabut…”

 

Ramil Alıyev həvəslə işləsə də çox danışan adam deyil. Sual verməsən başını sallayıb işini görəcək. Arada bir üzünə təbəssüm edəcək. Amma qoldan qüvvətlidir. Mənim əlləşib-vuruşub yerindən qaldıra bilmədiyim yarımçıq tabutları iki dəqiqədən bir qucağına alıb sağa-sola döndərir. Deyir ki, ən çətini tabutun baş və ayaq tərəflərini düzəltməkdir. Çünki dəqiq ölçü istəyir. Sonrası isə asandır:

 

– Tabutların standart ölçüsü yoxdur. Ölüyə görə dəyişir. Sifariş verən rəhmətə gedənin ölçüsünü deyir. Ona uyğun da tabut düzəldirik. Məsələn, əlimdəki tabutun ölçüsü bir metr altmış beş santimetrdir. Görünür, balacaboy adamdır.

 

– Bir tabutu düzəltmək nə qədər vaxtınızı alır?

 

– Təxminən iki saat. Tək işləyəndə iki saata bir tabutu yola verirəm. İki nəfər olanda daha az vaxt aparır.

 

– Bəs niyə iki tabut var?

 

– Ancaq sifarişlə işləyirik. Çünki ölçü işidir. Rəhmətə gedənin boyuna və çəkisinə görə dəyişir. Biri hazırdır, onu bu gün səhər işləmişəm. Hələ gəlib götürməyiblər. Əlimdəki sifarişi isə bayaq zəng edib dedilər. Boş oturmuşdum, dedilər ki, yeni sifariş var. Sifariş olanda vaxtımız hədər getmir. Boş otururuq onsuz da…

 

– Sifariş alanda sevinirsinizmi?

 

– (Cavab vermir, başını aşağı salıb gülür)

 

– Günə neçə sifariş alırsınız?

 

– Dəyişir. Elə gün olur ki, heç bir sifariş almırıq. Bəzən də bir-iki sifariş olur.

 

– Bir günə ən çox nə qədər sifariş alırsınız?

 

– İndiyə kimi maksimum dörd sifariş almışıq. Bu da səkkiz saat edir. Onsuz da səhər gəlib axşam gedirik.

 

Sözünü bitirən kimi araları bir metr olan “ikiayaqlı”nın üzərinə qaldırdığı tabutun bayıra çıxmış mismarlarını döyəcləyib qara parçadan üzlüyünü çəkir.

 

“130 manata biri…”

 

Ramil kişi işlədiyi ölçüləri, özü demiş, “qələmlə cizgilədikdən” sonra tabutun taxtalarını dəzgahda yonur. Hamarlayır. Sonra çəkiclə tabuta döyəcləyir. Deyir ki, tabutun biri 130 manata başa gəlir. Ən bahalı tabutun qiyməti isə 300 manatdan baha deyil:

 

“Nadir hallarda 300 manatlıq sifariş alırıq. Adətən, sadə insanlar sadə tabutlar sifariş verirlər. 300 manatlıq tabutların başqalarından fərqi odur ki, naxışları çox olur. Bəzəkli-düzəkli tabut hazırlayırıq. Sadə tabutların içi ağ, çölü qara parçadandır”.

 

Divara söykənmiş və iki hissədən ibarət olan tabutun ağzını açırıq. İçərisinin “balışının” nədən hazırlandığını soruşuram:

 

– Taxtanın yonqarlarıdır. Parçanın içini doldururuq, olur ölünün balışı. Rəhmətə gedənin başı dik dursun deyə tabutun baş hissəsi bu cür hazırlanır. Yonduğumuz taxtaların “un”unu dəzgahda ələdikdən sonra lap yumşaq olur.

 

Ramil kişi yeməyi də burada yeyir, çayını da burada içir. Emalatxananı ikinci ev adlandırır. Dediyinə görə, gününün çoxu burada keçir:

 

– Çölə çıxırsan, qəbiristanlıq, qəbirlər, içəri girisən, tabut. Səhər gəlirəm, bir də axşam evə gedirəm. İki nəfər olanda başımız qarışır. Tək olanda da başımı qatmaq üçün bir iş tapıram.

 

“Maaşa işləyirəm…”

 

Ramil Alıyev deyir ki, onun üçün gündə neçə tabut düzəltməyinin heç bir əhəmiyyəti yoxdur. Çünki maaşa işləyir. Maaşının nə qədər olduğunu söyləməsə də, gülə-gülə 300 manatdan çox olduğunu bildirir:

 

– Buna da şükür. Əsas odur ki, evimə çörəkpulu aparıram. Evdə heç xəbərləri yoxdur ki, tabut düzəldirəm. Elə bilirlər fəhləlik edirəm. Ta bilmirlər ki, yedikləri çörəyin pulunu ölüdən çıxarıram.

 

“Əl işimi bəyənməyənlər də çox olub…”

 

Həmsöhbətim deyir ki, hər cür müştəri ilə qarşılaşır. Əl işi xoşlarına gələn də çox olur, gəlməyən də. Amma hazırlanmış maldan imtina edə bilmirlər:
– Çünki minimum qiymətə düzəldirik. Ölçüsü və həcmi yerində olduğu üçün tabutu almaq məcburiyyətində qalırlar. Ya sifarişçilər gəlib tabutu buradan özləri götürür, ya da bürodan uşaqlar gəlib ünvanına çatdırırlar. Əl işimi bəyənməyənlər də çox olub. Son vaxtlar şikayət eşitmirəm. Bu işi təzə-təzə öyrənəndə ya mənə, ya da büroya şikayətlərini çatdıranlar olurdu.

 

***

 

Ramil kişi ilə sağollaşıb, emalatxanadan çıxırıq. O da gülə-gülə dəzgahı işə salır. Tabutun içinə girmək istəyirəm. Ramil kişinin yanındakı oğlan dillənir:

 

– Dayıoğlu, boyuna böyükdü. Ölçün deyil, boş yerə uzanma. Tabut da ayaqqabı kimi bir şeydir, gərək bədəninə “qutu kimi” otura… (lent.az)